Bunlar korrupsiya ilə yalançı mübarizəyə başlayanda baş prokuror Zakir Qaralov çıxıb nə dedi? “Özümüzdən başlamalıyıq” dedi. Amma kimdən başladılar? Cabbar Savalanlıdan.
Bəli, Qaralovun sözlərinin cingiltisi qulaqlarımızdan getməmiş bu ölkədə korrupsiya bitsin, rüşvət bitsin, sümürücülük bitsin, soyğunçuluq bitsin deyə yola çıxmış 19 yaşlı bir gənci cibinə nəşə atıb şərlədilər. Cabbar 4 aydır həbsdədir, amma bunlar hələ də özlərindən başlamayıblar.
Ancaq əvəzində böyük şairimiz Əli Kərimin oğlu ilə davam edirlər. Əlbəttə, hansısa böyük şairin oğlu olmaq insanı qanun qarşısında məsuliyyətdən azad etmir. Suçu varsa, cəzalandıracaqsınız təbii. Amma bir şərtlə: öz təbirinizlə desək, əvvəlcə özünüzdən başlayacaqsınız. Yoxsa özünüzü sudan quru çıxarmaq üçün, gözə kül üfürmək üçün xırda vəzifəliləri qurbanlıq seçərsinizsə, bunun adı heç vaxt “korrupsiya ilə mübarizə” ola bilməz. Dubaydakı, Mayamidəki villaların hesabı sorulmayanadək kimi həbs etsəniz, çifayda. Nə korrupsiya ilə mübarizənizə inandıra bilərsiniz kimsəni, nə də həbs etdiklərinizin suçlu olduğuna.
Şəxsən mən Əli Kərimin oğlu Orxan Kərimovun Təhsil Nazirliyindəki korrupsiya zəncirinin ən zəif həlqəsi olduğunu düşünürəm. Misir Mərdanovun olduğu yerdə Orxan Kərimov korrupsioner ola bilməz. Necə yəni, oliqarx Misir Mərdanov hesab olunur, amma korrupsioner deyə Orxan Kərimov həbs edilir? Allah eşqinə, belə məntiq varmı?
Mən böyük şairin oğlunu əsla və əsla müdafiə etmirəm. Təkcə ona görə ki, ən çətin günlərdə, həlledici anda mənsub olduğu partiyanı atıb getmiş bir adamı müdafiə etmək mənim kitabımda yazılmaz. Hər kəs bu cür adamlara qarşı nə qədər aqressiv olduğumu ən azı yazılarımdan bilir.
Və inanın ki, Orxan Kərimov Əli Kərimin oğlu olmasaydı da mən bu cümlələri yazacaqdım. Çünki bu həbsin bir oyunbazlıq olduğu aydındır. Təkrar edirəm, “Təhsil Nazirliyindəki oliqarx” deyəndə hamının gözü önünə Misir Mərdanov gəlir, amma əvəzində həbsinədək çoxunun tanımadığı Orxan Kərimov qandallanırsa, deməli, məsələ aydındır: ortada çoxlu cinayətlər vardı, sadəcə, “cinayətkar” düzəltmək lazım idi ki, iribuynuzlular rahat nəfəs alsınlar, növbəti “cinayətkar”ı düzəldənədək cinayətlərinə davam etsinlər.
***
Bu arada, ən azı Əli Kərimin oğlunun həbsi qədər düşündürücü bir məqamı bölüşmək istəyirəm. Orxan Kərimovla bağlı xəbər yayılanda bəzi saytlar onu “şair Əli Kəriminin oğlu”, “şair Əli Kərimzadənin oğlu” kimi təqdim etmişdilər.
Bu cür savadsızlığın məhz Təhsil Nazirliyinin bir işçisinin həbsi ilə bağlı ortaya çıxması çox simvolikdir. Ölkədə təhsilin başına daş salıb yerində korrupsiya əkərsənsə, sonunda olacağı budur.
Üstəlik, mən narahatam ki, əslində Orxan Kərimovun özü də böyük bir savadsızlığın qurbanıdır. Yadınızdadırsa, Qaralov aprel mitinqləri vaxtı AXCP sədri Əli Kərimlini hədəf almış, onun kimin sifarişini yerinə yetirdiyini bildiklərini demişdi. Bəlkə Baş Prokurorluq Orxan Kərimovu məhz Əli Kərimlinin oğlu sandıqları üçün həbs edib? Fikirləşiblər ki, biri hakimiyyəti içindən, o biri də çölündən dağıtmaq istəyir? Bunlardan nə desən çıxar.Hər halda, Zakir müəllimin zəkası da hər kəsə məlumdur. Siz ondan Qara Qarayevin kim olduğunu soruşsanız, ən yaxşı halda bu cavabı verərdi: “Bizim Tağı müəllimin metrostansiyalarından birinin adıdır”.
***
Ən sonda: sağlığında özü, ölümündən sonra xanımı və uşaqları zirzəmidə yaşayan (daha dəhşətlisi: hələ də yaşamağa davam edən!), ömründə bir yaltaq misranın altına imzasını atmayan, boğazından haram tikə keçməyən Əli Kərimin oğlunu “korrupsioner” deyə həbs edənlər nə hikmətdir ki, bir başqa şairin oğlunu korrupsiya ilə bəsləyirlər, ona xalqdan oğurlanan pullarla həftədə bir dəfə ədəbiyyat adına divar qəzeti çıxarması üçün 200 min manat (!) verirlər, “ədəbiyyata dövlət qayğısı” adı altında yüzminlərlə manatın sağa-sola dağıdılmasına göz yumurlar.
Nə üçündür bu ikili standart? Yoxsa sizin öz şairləriniz olduğu kimi, öz şair uşaqlarınız da var?