Azərbaycan Rusiyaya nota verməlidirmi?

Rəsmi Bakı hələlik Rusiyanın addımlarını diqqətlə izləyir

Razi Nurullayev: “Hökumət Rusiyanın daxili qiymətlərlə Ermənistana silah satmasına sərt reaksiya bildirməlidir”

 

Rusiya hakimiyyətinin ölkənin Hərbi Sənaye Kompleksinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkələrə rus silahını daxili qiymətlərlə satmaq haqda göndərdiyi təlimat regionda yeni situasiya yaradır. “Rosoboroneksport”un xüsusi tapşırıqlar üzrə direktoru Nikolay Dimidyukun açıqlamasına əsasən bu qənaətə gəlmək olar.
Bu o deməkdir ki, Ermənistan da rus silahını ucuz qiymətə əldə etmək imkanı qazanacaq. Bu isə Rusiyanın Minsk qrupundakı həmsədr rolu ilə ziddiyyət təşkil edir. Çünki regionda münaqişənin çözülməsinə çalışan ATƏT-in Minsk qrupunun bir həmsədri açıq şəkildə bu və bundan əvvəlki addımları ilə münaqişənin daha da qəlizləşməsinə şərait yaradır. Bəs görəsən, rəsmi Bakının Rusiyanın son addımına reaksiyası necə olacaq?
XIN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirdi ki, rəsmi Bakı dəfələrlə regionda hərbi sahədə bu cür addımları mənfi qiymətləndirib. Azərbaycanın Rusiyanın bu addımlarını hələ diqqətlə izlədiyini deyən E.Poluxov qeyd etdi ki, hələlik bu məsələ araşdırılır.
AXCP sədrinin müavini Razi Nurullayev bildirdi ki, Rusiya Ermənistana zaman-zaman həmişə hərbi yardımlar edib. Rusiyanın Ermənistana bir milyard dollar dəyərində silah ötürməsinin buna misal olduğunu deyən R.Nurullayev vurğuladı ki, Rusiyanın Ermənistanla imzaladığı uzunmüddətli hərbi müqavilə də buna misaldır: “Azərbaycan Rusiya ilə Ermənistanın müqaviləsinə ciddi etiraz nümayiş etirmədi. Halbuki, çox sərt mövqe bildirilməli idi. Indi də Rusiyanın daxili qiymətlərlə Ermənistana silah satmasına sərt reaksiya bildirilməlidir. Izahat tələb olunmalıdır ki, Rusiya Minsk qrupunun həmsədri ola-ola nəyə görə münaqişə tərəflərindən birini silahlandırmaqla məşğuldur”.
R.Nurullayev bildirdi ki, əlbəttə, hər hansı müqavilə çərçivəsində Rusiyanın kiməsə silah satması bir dövlət kimi onun hüququdur. Amma Rusiya bu addımı Ermənistana nəzərən atdıqda fəaliyyətini bir qədər korrektə etməlidir. Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkələrə ucuz silah satmasını Azərbaycana qarşı bir təzyiq kimi qiymətləndirən R.Nurullayev hesab edir ki, bununla Rusiya Azərbaycana işarə etmək istəyir ki, bu təşkilata üzv olmadıqca rəsmi Bakı müəyyən itkilərlə üzləşməli olacaq. Çünki Rusiya Azərbaycana dəfələrlə təklif edib ki, Azərbaycan bu təşkilatın tam üzvü olmasa da, orada müşahidəçi səslə təmsil olunsun.

Xəyal