Əzən və əzilənlər

Azərbaycanda iki qütb var – əzənlər və əzilənlər. Bu iki qütbün hər ikisində olanlar elə olduqları yerdə özlərini dünyanın ən rahat insanı kimi aparır. Əzən əzməsi və bununla yığdığı sərvətlə, əzilənsə əzənin zülmünə rəğmən sakitliyini qoruyub saxlamasıyla sanki öyünür.

Mahiyyət etibarilə hər iki qütbdə olanlardan kimsə insanca yaşamır. Biri əzməklə insanlığın canavarlığını, digəri əzilməklə insanlığın köləliyini təmsil edir. Əzənlər əldə etdikləri sərvətlə özünü hər şeyə sahib olan, dünyanı ayaqları altına almış biri kimi təkəbbürlə yaşayır. Əzilənsə özünü dünyanın ayaqları altında əzik, heç bir şeyi dəyişmək iqtidarında olmayan biri kimi boyun əyib yaşayır.Əzənlər hakimiyyəti, əzilənlər xalqı təmsil edir.

Hakimiyyətdə olub xalqını mümkün ola biləcək ən rəzil günə salıb da, bütün ölkənin az qala hər qarışına firon iddiası ilə sahiblənən, istədiyi yerdə istədiyini edənlər əslində, yığdıqları sərvətlə özlərini güvənli hiss edir, düşünürlər ki, hər şey onların iradəsindən asılıdır. Amma mahiyyət etibarilə bu mütləqi-hakimlər özlərinin faciələrini hazırlayır. Çünki şərlə əldə etdikləri güc mütləq bir gün onların özünə qarşı çevriləcək.

Bu adamların şər üzərində qurduqları, bütün mənəvi dəyərləri ayaqlar altına alıb tikdikləri qəsrlər hələ o demək deyil ki, onlar “odda yanmaz, suda batmazdılar”. O qəsrlərin etibarsızlığıyla bağlı tarixdə yüzlərlə nümunələr var. O qəsrlər dağılacaq və elə ilk dağıntılar altında qalanlar da məhz əzənlərin özləri olacaq… Övladları, nəvə-nəticələri yığdıqları varidata sahiblənə bilsələr belə, onların özlərinə yiyə duran olmayacaq. Necə ki, 37-ci illərdə əzənlərin nəvə-nəticələri öz keçmişini, dədələrini dandılar, bu gün əzənlərin də övladları onları danacaq.Əzilənlərə gəlincə…

Illərdir əzilənlər əsasən, susmaq, olub-bitənlərə seyrçi qalmaq yolunu tutublar. Elə bunun nəticəsində də əzənlər dünyanı ayaqları altına aldıqlarını zənn edərək, onları daha amansızcasına əzmək həvəsinə düşüblər. Bu gün cəmiyyətdəki süstlük və sakitliyin səbəbi “mənə nə, təki başım sağ olsun” düşüncə-qorxusunun yaratdığı nəticədir. Amma baxaq görək ki, bu başlar salamat qala bilibmi?

Salamatdırmı ki, ağrıdığında bir xəstəxananın qapısını döyən kimi üzərinə rüşvət almaq üçün əllər uzanır, savadlı bir mütəxəssis tapmaq üçün günlərlə dükanda yaxşı mal, paltar arayan biri kimi həkim soraqlaşmalı olur. Tapacaq, tapmayacaq – bu da qalır Allahın lütfünə!

Salamatdırmı ki, övladına normal təhsil verə bilmir. Məktəbdə rüşvətdən tutmuş, ən naqis əməllərə qədər elə hərəkətlər yuva salıb ki, adı təhsil müəssisəsi olan yerə artıq uşağını etibar etmək az qala, riskə çevrilib.

Salamatdırmı ki, döydüyü hər qapının arxasından əvvəlcə tələb olunan məbləğ gəlir, sonra süründürməçilik, ədalətsizlik, daha nələr, nələr…

Bunların hansı birinə biz müsbət cavab verə bilərik? Təbii ki, heç birinə. Deməli, əzilənlər qorumaq istədikləri başı heç də qoruya bilməyiblər.
Əzən əzməyində davam edə bilər, amma əzilən əzilməyinə davam etməməlidir. Çünki əzilənin itirəcək heç nəyi yoxdur. Bu gün kimlərinsə daha da güclü olması, yuxarı qalxması üçün ayaq altında pilləkən olan əzilən nəyini qoruya bilər? Can qoruna bilər bəlkə, ancaq indiki halda ləyaqət və qürur qoruna bilməz!