Partiyaların qiyməti

Bəli, siyasi partiyalar haqda da yeni qanun qəbul ediləcək. Artıq layihə də baxılmaq üçün Venesiya komissiyasına göndərilib. Payızda isə partiyaların təmsilçilərilə müzakirələr keçirmək planlaşdırılır. Əslində bu müzakirələr ilk növbədə partiyalarla keçirilməli, ancaq bundan sonra layihə baxılmaq üçün Avropa strukturlarına göndərilməli idi. Necə deyərlər, bizdə hər şey tərsinə olur! Indi mən bu haqda yazmaq istəyirəm. Amma təəssüf, layihə haqqında heç bir məlumatım yoxdur. YAP indi qüvvədə olan qanunu siyasi fəaliyyət haqda deklarasiya adlandırır. Görək, özləri ərsəyə nə gətirəcəklər! Düzünü desək, bunların özlərinin qəbul etdiyi bir çox mühüm sənədlər sözün elə əsl mənasında deklarasiyadır. Amma mən bir fikirlə razıyam ki, siyasi partiyalar haqda qanun deklarasiya olmayacaq, bu qanunda partiyalara təzyiq etmək və lazım gələrsə onları ləğv etmək haqqında çoxlu tutacaqlar olacaq. Bunlar nəyi deklarasiya formasında, nəyi qeyri-deklarasiya şəklində qəbul etməyi öyrəniblər. O yerdə ki, söhbət geosiyasi mətləblərdən, ölkənin hər hansı bir seçimindən gedir, orada ümumi ifadələr yazırlar. Bəli, digər qanunlarda da ümumi ifadələrdən çox yararlanırlar. Amma bu ümumi ifadələrin təyinatı bir az fərqlidir. Bir halda ümumi ifadələr tutacaqları azaltmaq üçün, digər halda isə, əksinə onları çoxaltmaq üçün işlədilir.

Bir yazı haqda…

Bir vaxt mən siyasi partiyalar haqda böyük bir yazı yazmışdım. Bu, təqribən on-on bir il bundan əvvəl olmuşdu. Indi mən həmin yazını, partiyaların bir siyasi institut kimi formalaşma xüsusiyyətlərini və indiki durumunu yadıma salmaq istəyirəm. O vaxtdan bəri təəssüf ki, siyasi partiyalar güclənmək və daha da oturuşmaq əvəzinə bir az da zəifləyib. Siyasi tendensiyalar həmin vaxt olduğu kimi qalıb – yenə də geosiyasi amillər, sosial bazanın zəifliyi və ideoloji differensasiyanın ancaq dini və qeyri-dini partiyalar müstəvisində özünü biruzə verməsi. Indi də “sağ”lara və “sol”lara bölgünün zəifliyi, hətta yoxluğu haqda danışmaq mümkündür. Amma o vaxt partiyalar indikindən güclü idi, kütləvi idi. Hər halda, mənə elə gəlir. Düzdür, o dövr də imitasion demokratiya dövrü adlandırılır və bəziləri elə həmin imitasion demokratiya üçün bir növ qəribsəyib. Burada imitasion demokratiya haqda bir məsələ qeyd edilməlidir. Imitasion demokratiya siyasi alver üçün gözəl mənbədir – bu, mənim şəxsi qənaətimdir və mənə elə gəlir ki, bəziləri bu zəmində heç də pis alver etmədilər. Amma bir məsələ də var ki, hətta imitasiya üçün belə, güc lazımdır. Hər partiyanı siyasi alverə cəlb etmirdilər, baxmayaraq ki, buna can atan, hətta partiya yaradıb onu satmaq istəyənlər çox idi. Hə, alver edən və partiya satan oldu. Amma onlar nəsə yaratmışdılar, hər halda, satmağa bir şey vardı. Indi bəziləri deyir ki, hakimiyyət imitasion demokratiya dövrü üçün qəribsəyib, o da bu dövrə qayıtmaq istəyir. Amma güman etmirəm ki, bu, ancaq fasad yaratmaq naminə olsun, fasadı yaradıblar. Hakimiyyəti elə həmin dövrə qaytarmaq üçün bir zərurət olmalıdır, partiyalar dirəniş və bir az da güc göstərməlidirlər ki, demokratik görüntü yaratmaq işinə cəlb oluna bilsinlər, siyasi torta əlləri çatsın…

Bir daha bu günün partiyaları haqda

Amma mən imitasiyadan daha çox indiki dövrü qiymətləndirirəm – nə var, o var! Nə artıq, nə də əksik! Indi partiyalarda, təbii, mən müxalifət partiyalarını nəzərdə tuturam, karyeristlər çox az qalıb, çünki indiki şəraitdə ancaq ən əqidəlilər müqavimət göstərmək iqtidarında olurlar. Başqaları isə görəndə ki, ancaq mübarizə, təqib və təzyiq var, öz ambisiyalarını reallaşdırmaq üçün başqa ünvanlar axtarırlar. Hə, indi partiya daha çox dissident klubudur, diskussiya klubudur, bunu dəfələrlə yazmışıq.

Amma nə olar ki? Imitasion demokratiya vaxtında yalandan “hakimiyyətə iddialı partiya” olmaqdansa diskussiya klubu, dissident klubu olmaq daha yaxşı deyilmi? Bu həm də mənəvi rahatlıq gətirir – özünü aktyor, bəzi halda isə kloun hesab etmirsən, necə varsansa, elə də görünürsən!