NATO Qəzzafinin son qalasını da bombaladı

Almaniya Liviyaya qoşun göndərə bilər

Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı əməliyyatlar davam edir. İyunun 9-dan 10-na keçən gecə koalisiya qüvvələrinə aid qırıcılar paytaxt Tripoliyə hava zərbələri endirib.

Şəhərin mərkəzində və paytaxtın ətraf bölgələrində diktatorun hərbi hədəfləri bombalanıb. “AFP” müxbiri Qəzzafinin sonuncu qalası adlandırılan Tripolinin mərkəzində böyük partlayışlar baş verdiyini bildirib.

Almaniyanın müdafiə naziri De Mayzer Qəzzafinin devrilməsindən sonra Liviyaya əsgər göndərə biləcəklərini söyləyib. Nazir bildirib ki, BMT-nin bununla bağlı tələbi olarsa Almaniya hökuməti məsələni müsbət dəyərləndirəcək. Norveçin müdafiə naziri Qret Faremo avqustun 1-dən etibarən ölkəsinin Qəzzafi rejiminə qarşı əməliyyatlardan çəkiləcəyini bəyan edib.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə keçirilən Liviya Əlaqələndirmə Qrupunun toplantısı zamanı qərara alınıb ki, Qərb və Ərəb ölkələri Liviya diktatoruna qarşı vuruşan üsyançılara 1.1 milyard dollardan çox maliyyə köməkliyi edilsin.

Liviyalı müxaliflərin yaratdığı Milli Keçid Şurasına İtaliya 586 milyon dollar, Küveyt 180 milyon dollar, Türkiyə isə 100 milyon dollar verəcəyini açıqladı.

Bu arada adı açıqlnamayn NATO rəsmisi Müəmmər Qəzzafinin qanuni hədəf olduğunu bir daha xatırladıb.
Təşkilat nümayəndəsi Qəzzafinin ordunun başında durması və komandanlıq-nəzarət funksiyasını yerinə yetirməsi onun qanuni hədəfə çevrildiyinə əsas verdiyini söyləyib.

Rusiya prezidentinin Afrika üzrə xüsusi təmsilçisi Mixail Marqelov Liviya müxalifəti ilə görüşündən sonra paytaxt Tripoliyə də getmək planını açıqlayıb. Kremlin nümayəndəsi Liviyada münaqişə tərəfləri arasında vasitəçilik cəhdləri göstərəcəyini söyləyib.

Marqelov keçirdiyi mətbuat konfransında Liviya diktatorunun öz legitimliyini itirdiyini də bildirib:“Müəmmər Qəzzafi öz xalqını bombaladığı üçün dövlətin lideri olmağa, Liviyanın gələcəyində rol oynamağa mənəvi və siyasi hüququnu itirib. Təbii ki, o, öz gələcəyi ilə bağlı cəsarətli bir qərar verməlidir”.

Xüsusi elçi Liviyanın baş naziri və xarici işlər naziri ilə görüşməyə dair müraciət etdiyini deyib. O, həmçinin Rusiya prezidenti Dmitri Medvedevdən Müəmmər Qəzzafi ilə görüşməyə dair heç bir göstəriş almadığını, lakin Kreml rəhbərinin ona belə bir işi etibar etdiyi təqdirdə, hazır olduğunu bildirib.

İnformasiya şöbəsi