Mitinq olacaq!

“Evimizi sökmək istəyirdilər, amma Ərəb inqilabları, müxalifətin mitinqləri başlayan kimi bir az geri çəkildilər”. Bunu Bayılda evləri zorla uçurulmaq ərəfəsində olan sakinlər demişdi. Onlara inanıram. Ancaq o adamlar öz dediklərindəki həqiqəti hələ tam dərk etməmiş kimi görünürlər.

Axı neçə ildir, boğazımızı yırtırıq ki, müxalifətin güclü olması hər kəsin işinə yarayan haldır. Müxalifət nə qədər güclü olacaqsa, hökumət bir o qədər az harın olacaq.
Çətin şey deyil, 2005-ci ilin narıncı aksiyalar silsiləsi vaxtı hökumətin xalqın xeyrinə atdığı addımları xatırlamaq olar. Demək olar, hər aksiyadan sonra büdcədən maliyyələşən təşkilatların maaşlarına görüm-baxım edilirdi, əhalinin dolanışığına müsbət təsir göstərəcək qərarlar verilirdi. 

Bu ilin yazında da bu fakt bir daha sübut olundu. Kommunal borclar bağışlandı, qanunsuz tikililərin sənədləşdirilməsində əngəllər azaldı və s.
Ictimai Palatanın 19 iyuna təyin etdiyi mitinq dişlərini cəmiyyətə qıcıdan rejimi öz yerində oturtmaq baxımından bir fürsətdir. Təkcə bayıllıların deyil, hamımızın Azərbaycan adlı evini başımıza uçurmağa etiraz etmək üçün 19 iyunda evimizdə oturmayaq!

Insanların öz azadlıqları, firavanlıqları uğrunda mübarizə aparmasından, etiraz etməsindən gözəl heç nə ola bilməz. Heç bir başqa vasitə avtoritar rejimlərə, diktaturaya aksiyalar kimi ciddi təsir etmir.

Iran şahbanusu Fərəh Pəhləvinin xatirələrindən öyrənirik; ABŞ kimi möcüzəvi ölkədən ötrü ağzının suyu axmasına baxmayaraq, Fərəh ikinci dəfə ora səfər etməkdən imtina edir. Səbəb: birinci səfər zamanı 15-20 solçu gənc onların qaldığı otelin pəncərəsi önündə “rədd olsun, şah”, – deyə hayqırıb…Şah ailəsinin ənənəvi şəkildə hər il Isveçdə xizək sürməsinə də orada 5-10 gəncin aksiya keçirəcəyini bəyan etməsi son qoyub. Kəsə desək, aksiyalar avtoritar rejimləri tərbiyələndirmək üçün əvəzsiz və təsirli üsuldur. Gəlin, Azərbaycanı idarə edənlərin cahil qalmasına göz yummayaq.Bu gün Şahin Həsənlinin məhkəməsidir. Şahin bəy, 2 aprel mitinqi ərəfəsində cibindən “güllə” çıxdığına görə həbs olunub. O, həbsə qədər AXCP-də təşkilati məsələlər üzrə şöbə müdiri idi. Şahin bəyə yönələn ittihamın uydurma olduğu ağlı başında olan hər kəsə bəllidir. Cəbhəçilərin silah-sursatla həbs olunması yeni hadisə deyil. Axırıncı belə hadisə 2006-cı ildə Naxçıvanda olmuşdu. 2006-ci ilin iyulunda AXCP-nin Naxçıvan təşkilatının fəalı Müşfiq Ələkbərov Nehrəm kəndində seçki komissiyasının üzvü kimi seçki saxtakarlığına qarşı barışmazlıq nümayiş etdirdiyinə görə, “cibində güllə gəzdirməkdə” günahlandırılaraq 6 il müddətinə azadlıqdan məhrum edildi. Bu haqsızlığa dözməyən Müşfiqin anası Səkinə Ələkbərovanın ürəyi elə məhkəmə zalında dayandı…

Cəbhəçilərin silaha sarılması

AXCP sədri Əli Kərimli də “üzərindən qumbara tapıldığından” neçə ildir pasport ala bilmir. Qumbaraya görə ona qarşı qaldırılan cinayət işini isə hökumət nə xətm edə bilir, nə də işi araşdıra…

1995-ci ildə AXCP qərargahını da bu silah-sursat məsələsinə görə itirib. Köhnə qəzetdən oxuyuram; 42 tank əleyhinə qumbara, 42 tüstüləyici şaşka, içində yandırıcı qarışıq olan 195 şüşə tapıbmışlar AXCP qərargahından.

AXCP Rəyasət Heyətinin qocaman üzvü Məşədi Vaqifi də 90-cı illərin ortalarında tapança saxladığına görə həbs etmişdilər…Qumbara, tapança indi də güllə…

Deyəsən Xalq Cəbhəsinin silah cəbbəxanasında kasıbçılıq hökm sürür. Qorxasan ki, bir azdan cəbhəçiləri güllə, qumbara saxladığına görə yox, balta, yaba, bel, dəyənək saxladıqlarına görə tutsunlar. Tutsunlar, ancaq mən bu gün Şahin Həsənlinin işinə baxan hakimə AXCP-nin qərargahından və Əli Kərimlinin cibindən “silah tapan” Bakı Şəhər Baş Polis Idarəsinin istintaq şöbəsinin o zamankı rəisi Adil Ismayılovun bədnam taleyini xatırlatmağı özümə borc bilirəm. Yoldaş hakim, onu “zorlamaya” görə həbs etdilər sonralar…