“Biz namusla yaşayan adamıq, evi yoxlayanlar yaşayış durumumuzu görəndə üzr istədilər. Onlara dedim ki, oğlum əyri iş görsə, belə evdə yaşayarammı?”.Əli Kərimin həyat yoldaşı Elza xanım oğlu Orxanın “rüşvət almaqda” şübhəli kimi saxlanılmasına və evdə yoxlama aparılmasına münasibət bildirərkən deyib bunları.
Azərbaycan reallığı nə qədər dəqiq ifadə olunub bu sözlərdə!
20 ildir müstəqilik; 20 ildir ölkədə guya kapitalizm quruculuğu aparılır; 20 ildir guya sahibkarlıq fəaliyyətinə imkan tanınır, biznesə şərait yaradılır. Amma yenə də kasıb yaşamaq namuslu olmağın simvoludur bu ölkədə.
Bu qəlibləşmiş sözün məntiqinə bir baxın: belə çıxır ki, varlı yaşamaq namussuzluqdur?
Niyə bu məmləkətdə varlı yaşamaq namussuzluq sayılmalıdır?
Niyə bu məmləkətdə namusla, şərəflə, aylıq əməkhaqqı ilə yaşayan adamın alaqapısı paslı, pisgündə olmalı, evi başına uçmalıdır?
Niyə “bu məmləkətdə ancaq rüşvət alanların, yalan danışanların, riyakarların, minsifətlilərin imkanları yaxşı olmalıdır” kimi rəy yaşamalıdır?
Bu rəyi yaşadan siyasətin adı nədir?
Heykəl adama əbədilik qazandırmır
Serbiyada Heydər Əliyevin büstünün qoyulduğu parkdakı “yenidənqurma işləri” üçün Azərbaycan 2 milyon avro vəsait ayırıb.
Bu informasiyanı diplomatik dildən “tərcümə edəndə” nə aydın olur, bilirsinizmi? Heydər Əliyevin Serbiyada heykəlinin qoyulması üçün 2 milyon avro ödənilib.Hardan ödənilib o pul? Kimin cibindən çıxır həmin vəsait? Heydər Əliyevin hesabına rüşvət və korrupsiya ilə milyardlar toplayanların cibindənmi?Qətiyyən! Həmin pul dövlət büdcəsindən, Neft Şirkətindən ödənilir – millətin, xalqın puludur o pul.
Ata malı kimi baxılan büdcədən pul ödəməklə Gürcüstanda, Ukraynada, Polşada da beləcə “heykəl yeri” almışıq.
Bu millətin dərisindən çıxarılan pulları hansısa xarici ölkədə park tikintisinə xərcləməklə Heydər Əliyevin adını əbədiləşdirmək olarmı? Milləti işsiz, ac-yalavac qoyub, onun əlindən çırpışdırdığın sərvətlə ucaldılan heykəlin hansı mənəvi təsəllisi ola bilər ki?
O iki milyon avroya bir bina tikmək və neçə-neçə ailəni xoşbəxt etmək olmazmı? Hər il müxtəlif ölkələrdə “heykəlləşən” “iki milyonlara” bu xaraba qoyulan məmləkətdə “Heydər Əliyev adına” şəhərcik salmaq və minlərlə ailənin qəlbində heykəlləşmək olar, axı! Millətin öz sərvətini, minnət qoya-qoya da olsa, özünə niyə xərcləmirlər?
Bilə-bilə ki, heykəl-meykəl boş şeydi, “Hüsnü Mübarəkin Xırdalan çevrilişi” kimi Serbiyada, Gürcüstanda qoyulan “sərmayənin” də batma ehtimalı yüz faizdir, yenə də inad edirlər.
Nəyin inadıdır bu? Diktatorlar mütləq eyni ssenari ilə yola salınmalıdır? Hamısının süqutu uçurulan heykəllərinə baxıb köks ötürmələrinə qədər oxşar olmalıdır?
Məmmədyarovun diplomatik səmimiyyəti
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-da səfərdə olarkən bir para açıqlamalarda bulunub. Adam heç bir həya hissi keçirmədən Azərbaycandakı demokratiyadan, özünün də tənqid olunduğundan ingiliscə danışıb və ingiliscə deyib ki, “Bilik səviyyəmdən tutmuş qalstukumun rənginə qədər məni tənqid edirlər”.
Elmar Məmmədyarovun bu sözləri deyərkən çox səmimi olduğuna mənim heç bir şübhəm yoxdur. Çünki xarici diplomatik danışıqlarda həmişə uğur qazanan, Dağlıq Qarabağı ermənilərdən 5-6 dəfə geri alan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın dövlət dilini bilmir. O, ancaq şəklini tanıyır. Ona görə də müxalif qəzetdə şəklini görən kimi anında savadı yadına düşür və ehtimal edir ki, savadını tənqid edirik.
Bir də hörmətli nazirimiz bilmir ki, qəzetlərdəki şəklində qalstukunun “qara” görünməsinin səbəbi onu tənqid etməyimizdən deyil; sadəcə, bizdə qəzetlər “ağ-qara” çap olunur.