Bakıda güllələnən şəxs xüsusi idarənin işçisi olub

Deputatlığa keçmiş namizədin öldürdüyü adamla mübahisənin şok təfərrüatları «Azadlıq»da

Nadir Orucov  Rövşən Rüstəmovu niyə güllələyib?

Mərhumun qardaşı və həyat yoldaşı qəzetimizə indiyə qədər heç kəsin bilmədiyi faktları açıqladı

Iyunun 8-də Nəsimi rayonunun Hüseyn Seyidzadə, 2A ünvanında iş adamı Nadir Orucov Gəncə şəhər sakini Rövşən Rüstəmovu “Makarov” tipli tapança ilə qətlə yetirib. Öncə qeyd edək ki, N.Orucov barədə CM-in 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işini araşdıran Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Vüsal Tağıyev mətbuata açıqlamasında deyib ki, N.Orucov istintaqa ifadəsində R.Rüstəmovu söyüş söydüyünə görə öldürdüyünü bildirib. Müstəntiq onların şərik deyil, sadəcə tanış olduqlarını bildirib: “Onların arasında borc söhbəti olmayıb. Mübahisə başqa səbəbdən baş verib. Lakin istintaq sirri olduğundan açıqlamaq düzgün deyil”.

Rövşən Rüstəmov tikintiylə məşğul olurdu


“Yeni Müsavat” qəzetinin ötən sayında N.Orucov 2010-cu il parlament seçkiləri öncəsi bir neçə sahibkardan, o cümlədən mərhum R.Rüstəmovdan seçki kampaniyasına xərcləmək üçün xeyli miqdarda pul alıb: “Ən çox pulu isə R.Rüstəmov təkbaşına veribmiş – 500 min manat. N.Orucov bu pulları seçki kampaniyasına xərclədiyini deyib. Onun seçki kampaniyasına bir növ ”maya qoyan” şəxslər özlüklərində belə düşünürmüş ki, N.Orucov yüz faiz deputat olacaq. Onlar Qulamrza Təbrizinin öz əlaqələrindən və nüfuzundan istifadə edərək N.Orucovu deputat seçdirəcəyinə inanırmışlar. Buna görə də ona səxavətlə pul ayırırmışlar. N.Orucov seçkidə uğursuzluğa düçar olandan sonra R.Rüstəmov onun yanına gələrək pulun hesabını soruşub, 500 minin taleyi ilə maraqlanıb. Ölümlə nəticələnən insident də bundan sonra baş verib”.
Hadisənin təfərrüatlarını öyrənmək üçün “Azadlıq” mərhumun ailəsini danışdırmağa nail olub. Mərhumun qardaşı Elşən Rüstəmov qəzetimizə açıqlamasında yayılan məlumatların şayiə olduğunu bildirib: “Qardaşım heç vaxt siyasətlə maraqlanmayıb. Deputat seçkilərinə onun ümumiyyətlə, aidiyyəti yoxdur. Qardaşım haqda deyilənlər sadəcə şayiədir. Bizim əlimizdə sənəd var. Orada açıq şəkildə hər şey öz əksini tapıb. Rövşən tikinti işiylə məşğul olurdu. Sifariş götürüb, bina, şadlıq sarayı tikirdi”.

“Nadir hamını aldadıb”


E.Rüstəmov deyir ki, Nadir Orucovun qardaşına 440 min manat məbləğində borcu olub: “Qardaşım 2009-cu ildə 440 min manat pulu Nadirə verib. O da öz növbəsində həmin pulla sənədləri düzəltməliydi. Ancaq heç bir iş görməyib. Dəfələrlə pulu ondan tələb etsə də, 440 min manat qaytarılmayıb. Hadisə baş verən gün qardaşım sənədləri ofisindən götürüb Nadirin iş yerinə gedib”.
Elşən Rüstəmovun sözlərinə görə, Rövşən Nadirin ofisinə daxil olmamış öldürülüb: “Mübahisə olmayıb. Heç onlar salamlaşmayıblar. Qapıya çatar-çatmaz ona güllə atılıb. Məndə olan məlumata görə, Nadirin başqa bir adama da 120 min manat borcu olub. Həmin şəxs də ondan pulunu tələb edib. Ona isə bildirib ki, guya Rövşənin ona borcu var. Saat 3-də pulu alıb, ona ödəyəcək. Bir sözlə, hamını aldadıb. Düşünürəm ki, hadisə ilə bağlı yayılan məlumatlar düşünülmüş addımdır”.
Qardaşı 1994-2000-ci illər arasında Prezident yanında xüsusi idarədə işləyib: “Qardaşımı tanıyanlar onun necə insan olduğunu bilir. Iki dəfə Həcc ziyarətində olub. Xeyriyyəçilik edirdi”.
Elşən Rüstəmov qardaşı barəsində yayılan başqa bir şayiyə – Rövşən Rüstəmovun silah gəzdirməsinə də aydınlıq gətirib: “Bu cür məlumatları bilərəkdən yayırlar. Istənilən bir qurum gedib yoxlaya bilər. Qardaşım Nadirlə çox yaxın olmasa da tez-tez onun ofisinə gedirdi. Üstəlik, maşınını da onun avtoyuma məntəqəsində yuduzdururdu”.

“Nadir ondan şikayət verməməsi üçün yoldaşımı öldürüb”

“Azadlıq” mərhumun yoldaşı Venera Rüstəmova ilə əlaqə saxlayıb olayın qaranlıq məqamlarına aydınlıq gətirib. Venera Rüstəmova bizimlə söhbətində Nadirlə həyat yoldaşının o qədər də yaxın olmadığını bildirib: “Nadirin yoldaşıma borcu vardı. Rövşən nə qədər etsə də o pulu ondan al bilmirdi. Hər dəfə bir söz deyib, işi yubadırdı. Yoldaşım Muğan adlı şəxs üçün şadlıq sarayı tikmişdi. Onun sənədlərini Bakı Şəhər Icra hakimiyyətindən almaq üçün bu işi Nadirə tapşırmışdı. Yoldaşım Muğanın şadlıq sarayını tikib başa çatdırmışdı. Sadəcə sənədləri həll etmək qalırdı. Nadir də söz vermişdi ki, sənədləri düzəldəcək. Pulu alsa da heç nə etmirdi. Muğan da hər yerə Rövşəndən şikayət edirdi. Yoldaşımı bir dəfə ”Banditizm”ə (Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi – R.D) çağırdılar. Orada ifadə verdi. “Banditizm”də ona deyilmişdi ki, sənin heç bir günahın yoxdur. Şikayət et, biz Nadiri həbs edək. Ancaq Rövşən heç yerə şikayət etmədi, o, kiməsə zərər verən adam deyildi”.
Venera Rüstəmova deyir ki, mərhum Nadir Orucovdan pul ala bilmədiyi üçün şikayət etmək qərarına gəlmişdi: “Çünki Muğan hər gün ona zəng edib, ya pulunu, ya da sənədlərini tələb edirdi. Çarəsiz qalan Rövşən Nadirdən şikayət edəcəyini deyirdi. Bunu bir-iki dəfə Nadirin özünə də demişdi. Ölümünün səbəbi də elə budur. Əgər o Nadirə heç nə deməsəydi, birbaşa şikayət etsəydi, öldürülməzdi”.
Müsahibimiz deyir ki, pulu Nadirə verəndə həm yazılı, həm də bir neçə nəfərin yanında şifahi şəkildə iltizam da alıb: “Bu işdə kimlər olubsa, hamı bilir ki, Nadirin Rövşənə borcu olub”.
Iki uşaqları olan Rüstəmovların bir övladı xəstədir. Mərhum tez-tez övladını xaricə müalicəyə aparırmış. Muğan adlı şəxs onu hədələyəndə “Dayı, mənə yazığın gəlsin. Imkan ver uşaqlarımı böyüdüm” – deyirmiş. Sonra da Nadirə zəng edib problemi ona danışarmış ki, pulu ala bilsin.
Yoldaşının ölümünü hazırlanmış ssenari olduğunu deyən Venera xanım edilən zəng əsasında Rövşənin sənədləri götürüb ofisə getdiyini bildirir: “Nadir artıq bilirdi ki, yoldaşım ondan şikayət edəcək. Qurama oyun qurub onu çağırıb. Qapının ağzındaca onu güllələyib”.
Ailə bildirir ki, Muğanla Nadir sən demə, dostdurlar.

***

Yayılan başqa bir məlumatda isə bildirilir ki, Nadir Orucov Milli Məclisin spikeri Oqtay Əsədovun xalası oğludur. Ancaq qurumun mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu mətbuata açıqlamasında adları çəkilən şəxslərin qohum olmadığını bəyan edib.
Maraq üçün bildirək ki, Nadir Orucov “Zivər Nadir” MTK istehsalat-kommersiya firmasının baş direktoru, sahibkardır. Onun qətl törətdiyi ofisin yaxınlığında marketi, avtoyuma məntəqəsi və kafesi var.
N.Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairəsindən deputatlığa namizəd olub. O, həm də Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan nümayəndəliyinin rəhbəridir.

Ramin DEKO