«Onlar keçmiş midiyalılardır»
Bənzərsiz təbiəti, nadir bitkiləri, saf suyu, yaşıl meşələri, tarixi yerləri ilə seçilən Talış dağlarını “Azərbaycanın zümrüd qaşı” adlandırırlar. Bu yerlərin gözəlliyini qələmlə təsvir etmək çətindir. Əzəmətli Talış dağlarına hündürlüyü dəniz səviyyəsindən 2504 metrdən yüksək olan Quludaş, Kömürköy(2492m), Qız yurdu (2433m) zirvələri xususi gözəllik verir. Quludaş zirvəsindən Şindan qalasına qədər uzanan dağlara baxmaqla doymaq olmur. Dağların bir hissəsi Peştəsər adlanır. O, gözoxşayan meşələri ilə örtülən Brovlara qədər uzanır. Talış dağlarının zirvəsində Azərbaycanın ən səfalı guşələrindən biri olan Lerik rayonu yerləşir.
Müxtəlif vaxtlarda bu yerlərə səyahət etmiş məşhur səyyahlar cənnət məkanı dünyanın ən gözəl, ən səfalı yerləri ilə müqayisə etmişlər.
Bir zamanlar dahi fransız yazıçısı və səyyahı Aleksandr Düma Lerik meşələrindən keçərək Hovil kəndinə getmiş, öz əsərlərində bu kənd haqqında yazmış, bu torpağın gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyyətindən geniş söz açmışdır. A.Düma Cəngəmiran kəndində olarkən eşitdiyi maraqlı bir hadisəni də gündəliyinə köçürməyi unutmamışdır: “Bir kişi öz arvadı ilə kəndin qurtaracağındakı meşənin içində olan hamamda işləyirmiş. Birdən onlar pələngə rast gəlirlər. Kişi pələngi qovmaq fikri ilə hamama girir. Hirslənmiş pələng onun üstünə yeriyir. Xoşbəxtlikdən, əli baltalı qadın kişinin ardınca gəlirmiş. Pələngin ərinin üstünə atılmağa hazırlaşdığını görən arvad əlindəki balta ilə onun başına zərbə endirmiş, pələngi öldürmüşdür…”
Başqa bir fransız arxeoloq-səyyah Morqan Lerikin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar aparmış, bu diyarın qədim tarixindən söhbət açmışdır. Morqan mərtəbəli qəbirlərdən tapdığı bütün maddi-mədəniyyət nümünələrini özü ilə Fransaya aparmışdır. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir.Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, “buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş midiyalılardır”.
Lerik rayonunun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur.Lerik ərazisindəki Oğlan və Qız qalaları müdafiə məqsədi ilə tikilmişdir. Bu qalalara su saxsı borularla bulaq çeşmələrindən çəkilibmiş. Qalaların bürcləri orijinal arxitektura quruluşuna malikdir. Bu qalalar haqqında çoxlu əfsanələr mövcuddur.
Uzunömürlülər diyarı
Buraların dup-duru, şəffəf suyu, bulaqları, çayları bənzərsizdir. Sors çay, Zuvand çay, Lerik şay, Bilnə çay, Ləkər çay, Vazaru çay bu yerlərə xüsusi yaraşıq verir və təbiəti daha da gözəlləşdirir. Bura elə unikal bir məkandır ki, qərb hissəsində havadan qar qoxusu gələndə şərq hissəsində hələ meyvə yığılır. Şimalında aramsız yağışlar yağanda, cənubunda torpaq quraqlıqdan inləyir. Aranında biçin qurtaranda, yaylağında hələ ot göyərir.
Rayon coğrafi ərazisinə və relyefinə görə beş iqlimə malikdir. 1965-70-ci illərdə rayonda ekspedisiyada olan Leninqrad bioloqları möcüzələr diyarına heyranlıqlarını belə ifadə etmişdilər: “Buranın çox qəribə təbiəti var, hər kilometrdən bir havası dəyişir…” Uzunömürlülər diyarı kimi tanınan rayonun təbiəti belədir. Planetimizin ən qocaman sakinləri Mahmud Eyvazovun, Şirəli Müslümovun, Məcid Ağayevin əsr yarımdan çox yaşamalarının sirrini məhz bu iqlim rəngarəngliyində axtarmaq lazımdır…
Bir vaxtlar Zuvand kimi tanınan bu diyar 1937-ci ildən Lerik adlanır. Ərazisi 1084 kvadrat kilometrdir. Bu ərazinin 39 min hektarı zümrüd meşələrdir. Rayonun 157 yaşayış məntəqəsi var. Burada 142 tarixi abidə – ocaq, pir, ziyarətgah qeydə alınıb və qorunur.
Blaran Berq 1836-cı ildə yazdığı “Vospominaniye” kitabında Cəngəmiran, Şingədulan, Hoveri və Veri kəndlərinin təbiətindən, akademik Qroşeym “Na qarax Talışax” kitabında nadir meşələrdən söz açmışlar… Tanınmış şəxslərin bu yerin gözəlliyini tərənnüm edən fikirləri də böyük maraq doğurur…
“Dünyanın çox yerini gəzmişəm. Ancaq Lerik və Astara təbiətinin təzadlarına heyran qalmışam. Lerik qədər səfalı, mənzərəli, füsünkar yer azdır. Təbiət hər yerdə oradakı kimi səxavətli, bərəkətli, məhəbbətli deyil … Sizin yerlərin ecazkar təbiəti əbədi ilham mənbəyi, tanrı əli ilə çəkilmiş misilsiz tablolardır. Haçansa oradakı insanlar min il yaşayıb yəqin”. (Süleyman Rəhimov, yazıçı)
“Talış dağlarının zəngin-təzadlı təbiəti möcüzələr diyarını xatırladır. Bu dağların sirri hələ tam açılmayıb. Gələcək alimlər üçün bura böyük təcrübə məktəbi ola bilər. Bu qiymətli sərvətlərə, bənzərsiz gözəlliklərə laqeyd qalmaq günahdır…” (Mirəli Qaşqay, akademik)
“Nə üçün Lerik uzunömürlülər diyarı sayılır? Bu, onların qoçaqlığıdırmı? Əsla! Çünki sağlam təbiətdə yaşayırlar. Havası loğman, suları məlhəm, bitkiləri can dərmanıdır bu rayonun. Torpağı səxavətlidir – min bir nemət yetirir. Balı, qaymağı,.. bütün təbii qidaları, təbii gözəllikləri sağlamlığın rəhnidir. Burada təbiət, Günəş şüaları ilə, suyu, havası, növbənöv bitkilərilə, zümrüd meşələrilə insanlardan xəbərsiz onları müalicə edir… Əlbəttə, dağ havası udan dağa bənzər. Sağlam təbiət sağlam həyat deməkdir. Sağlamlıq isə xoşbəxtlikdir…” (Şükür Həsənov, professor)
Tarixdən qalan izlərBu regionun bənzərsiz təbiəti ilə yanaşı, özünəməxsus mədəniyyəti və qədim tarixi də onu məşhurlaşdıran amillərdəndir. Rəvayətə görə, bura qədim Albanların məskəni olmuşdur. Burada Albanlara məxsus qəbiristanlıq indi də qalır. Səfəvilərin hakimiyyəti illərində Şah Ismayıl öz inanılmış adamlarını Lerik rayonu ərazisinə də göndərmişdir. Bir sözlə, qədim tarixi özündə yaşadan neçə-neçə maddi-mədəni abidəni sinəsində qoruyub saxlayan Lerik rayonunun ərazisi tarixin yaddaş kitabının daş səhifələridir. Burada tapılmış bir mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Bunlara Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən “Qızyurdu” adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba Isa türbəsi, Babagil məqbərəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII-XIV əsrlər) və s. aiddir. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur.
Buradakı Büzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. XVIII-XIX əsrlərdən başlayaraq məşhur fransız arxeoloqu Cak de Morqan, K.Şaffer və qardaşı Henri ilə apardığı arxeoloji qazıntı zamanı buranı “arxeoloji cənnət” adlandırmış, qiymətli tarixi eksponatları buradan götürüb aparmışdır.
Görkəmli arxeoloq H.Hümmel Lerikdə tapılan maddi-mədəniyyət nümunələrini neolit (yeni daş) dövrünə aid etməklə Azərbaycan paleolit dövrü adamlarının Lerik ərazisində məskunlaşmasını təsdiq edir. Elmlər Akademiyası Tarix Institutu Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, professor Əsədulla Cəfərov Lerik rayonu ərazisində elmi tədqiqat işləri aparmış, ilk dəfə olaraq Büzeyir mağarasında orta paleolit dövrünə dair qədim insan düşərgəsi aşkar etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir