Ombudsmanın məruzəsinə sözardı

Bilməyənlər bilsin: Azərbaycanda da Ombudsman var. Bu sözün mənası “insan hüquqları üzrə müvəkkil” deməkdir. Başqa ölkələrdə olduğu kimi, bizim Ombudsman da hər il ölkədə insan hüquq və azadlıqlarının durumu barədə illik məruzə hazırlayır, onu parlamentdə oxuyur, sonra isə gərəkli yerlərə göndərir. Bu məruzəyə toplumun reaksiyası bir-iki deputat mızıltısı, beş-altı jurnalist və siyasətçi donqultusundan o yana getmir. Yatmış şiri oyatmaq o qədər də asan deyil…Ombudsman ölkədə yoxsulluğun səviyyəsinin 9,1 faizə enməsinə inanır. Bununla dartışmaq istəmirəm. Mark Tven deyirdi ki, dünyada üç şey var: həqiqət, yalan və statistika. Mənə elə gəlir ki, Prezident Administrasiyasının yardımçı təsərrüfatına çevrilmiş Ombudsmana çəkilən xərcləri kasıblara paylasalar, bəlkə də bu rəqəm gerçəkliyə yaxınlaşar.
Nə isə. Keçək mətləbə.

Ombudsmanın məruzəyə yazdığı ön sözdə deyilir: “Məruzənin əsas məqsədi ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi vəziyyətinin qiymətləndirilməsindən … ibarətdir”. Bunu yadımızda saxlayaq. Əminəm ki, yazının sonunda oxucu bu nəticəni acı gülüşlə xatırlayacaq.Məruzənin “Giriş” hissəsində deyilir: “Ötən il … insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əhəmiyyətli irəliləyişlər əldə edilmişdir”. Daha sonra: “2010-cu il ərzində Müvəkkilin ünvanına daxil olan müraciətlərin sayı 2009-cu illə müqayisədə 32,5 faiz artmışdır”. Bunu Müvəkkilə “etimadın artması” kimi izah etməyə çalışan Ombudsman sonrakı abzasda yazır: “Ombudsman daxil olan şikayətlərin 48,8 faizinin baxılmasından imtina etmişdir”.Göründüyü kimi, “etimadın artması” “irəliləyiş”ə səbəb olmayıb; şikayətlərin yarısı üzüqara qayıdıb, üstəlik, belə nəticə də çıxarmaq olar ki, “insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əhəmiyyətli irəliləyişlər” əldə edilsəydi, şikayətlər 32,5 faiz artmaq əvəzinə, heç olmasa bir neçə faiz azalardı.

Təbii ki, məruzə boyda sözardı yazmaq mümkünsüzdür, ona görə də “Vətəndaş və siyasi hüquqların müdafiəsi” bölməsi barədə bəzi qeydlər etməklə hələlik sözü bitirəcəm.

Sərbəst toplaşmaq azadlığı

Cəmi iki abzasdan ibarət olan bu hissədə deyilir: “Yerlərdə seçki kampaniyasının aparılmasından ötrü hər bir namizədin nümayəndələrinə açıq təbliğat və təşviqat tədbirlərinin keçirilməsi üçün bərabər və geniş imkanlar yaradılmışdır. Yeri gəlmişkən, seçkilərə hazırlıq və onun keçirilməsi zamanı qeyd edilənlərlə bağlı hər hansı pozuntu müşahidə edilməmişdir”.

Mən bu seçki marafonunun iştirakçısı kimi deyə bilərəm ki, bu sətirləri oxuyanda özümüzdən çox, Ombudsmanın halına acıdım. Insanı bu duruma salmaq sadizmdən başqa bir şey deyil.

Təbii, nə yazsam, qərəzli fikir kimi təqdim olunacaq. Ona görə də Ombudsmanla yanaşı, ölkədə seçkiləri müşahidə etmiş beynəlxalq təşkilatların rəyindən örnək gətirirəm.
ATƏT-in DTIHB Seçkiləri Müşahidə Missiyasının (SMM) Yekun Hesabatında deyilir: “Seçkiqabağı təşviqat mərhələsi rəsmi şəkildə başlananadək siyasi partiyalar tərəfindən hər hansı nəzərəçarpan fəaliyyətlər həyata keçirilməmişdir. Bunun əsas səbəbi seçkiqabağı təşviqat kampaniyası rəsmi şəkildə başlananadək siyasi partiyalar və namizədlər tərəfindən potensial mitinqlərin həyata keçirilməsinin qarşısını almaq üçün icra hakimiyyəti və seçki orqanları tərəfindən Seçki Məcəlləsinin müddəalarının məhdudlaşdırıcı şərhi olmuşdur. Seçkiqabağı təşviqat kampaniyasının başlanmasından əvvəl ”AXCP-Müsavat” bloku tərəfindən Bakıda həyata keçirilməsi planlaşdırılmış yeganə müxalifət aksiyaları Bakı şəhər icra hakimiyyətinin “planlaşdırılmış aksiyanın həyata keçirilməsi məqsədəuyğun olmadığını” vurğulayan məktubundan və MSK sədrinin təşkilatçılara mitinqin mənfi nəticələr doğurmasının mümkünlüyü barədə xəbərdarlığından sonra ləğv edilmişdir. Bu, Kopenhagen Sənədinin 7.6, 7.7 və 9.2-ci maddələrinin pozulması deməkdir.

SMM-in müşahidəçiləri namizədlərin seçkiqabağı təşviqat fəaliyyətlərinə bəzi yerlərdə, o cümlədən namizədlərin təşviqat aparması üçün rəsmi şəkildə ayrılmış ərazilərdə polis və yerli dövlət orqanları tərəfindən maneələr yaradılması ilə bağlı məlumatlar almışlar. Bu hallar Kopenhagen Sənədinin 7.7-ci maddəsinə ziddir”.
Hakimiyyətin düşünülmüş fəaliyyəti nəticəsində artıq xəyali hüquqa çevrilmiş sərbəst toplaşmaq azadlığını növbəti məruzəsindən çıxarmağa Ombudsmanın tam haqqı var.

Seçki hüququ

Ombudsmanın fikrincə, seçki prosesində yol verilmiş xırda-para nöqsancıqlar MSK-nın dəstəyi ilə aradan qaldırılıb. “Müvəkkil və aparatın 36 əməkdaşı Bakı şəhəri və ölkənin 46 rayonunda 105 seçki dairəsi üzrə 429 seçki məntəqəsində müşahidəçi qismində iştirak etmişdir… Müşahidələrin nəticəsi onu deməyə əsas verir ki, Milli Məclisə seçkilər ümumilikdə demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliklə müəyyən edilmiş qaydada və nizam-intizamla keçirilmişdir”.Seçici bacı və qardaşlar, bütün bunları sizin Ombudsman 2010-cu ilin parlament seçkiləri barədə deyir. Azərbaycanda keçirilmiş seçkilər barədə. Mən buna şərh verməyə utanıram. Özünüz nəticə çıxarın.
Yenə də beynəlxalq aləmin müşahidələrinə müraciət edək.

ATƏT/DTIHB, ATƏT PA, AŞPA və AP tərəfindən 8 noyabrda verilmiş Ilkin Nəticələr və Yekunlar barədə Bəyanatda deyilir: “Azərbaycan Respublikasında keçirilmiş 7 noyabr parlament seçkiləri sülh şəraiti və bütün müxalifət partiyalarının siyasi prosesdə iştirakı ilə səciyyələnsə də, seçkilərin aparılması ölkənin demokratik inkişafında əhəmiyyətli irəliləyişin əldə edilməsi üçün qənaətbəxş hesab edilməmişdir”.

ATƏT-in Seçkiləri Müşahidə Missiyasının Yekun Hesabatında deyilir: “Bu seçkilərdə seçkilərin müvafiq qaydada və rəqabət şəraitində keçməsi üçün tələb olunan müəyyən şərtlərə əməl olunmamışdır. Dinc toplaşma və ifadə kimi fundamental azadlıqlara məhdudiyyət qoyulmuş, azad və müstəqil media tərəfindən canlı müzakirələrin təşkil edilməsi, demək olar ki, mümkün olmamışdır. Nöqsanlarla müşayiət olunan namizədlərin qeydiyyatı prosesi, məhdud siyasi mühit, qeyri-bərabər və qərəzli media işıqlandırması, effektiv kampaniyanın keçirilməsi üçün resurslara qeyri-bərabər çıxış, inzibati resurslardan sui-istifadə, o cümlədən yerli icra hakimiyyəti orqanları tərəfindən hakim partiya namizədlərinin xeyrinə müdaxilələr namizədlər üçün qeyri-bərabər şəraitin yaranmasına səbəb olmuşdur. Seçkidə namizədlərin heç də hamısı ATƏT-in Kopenhagen Sənədinin 7.6 bəndində qeyd olunduğu kimi, hakimiyyət tərəfindən bərabər münasibət əsasında rəqabət apara bilməmişdir. Ümumilikdə, bu seçkilər demokratik seçkilərin keçirilməsinə dair ATƏT-in bir sıra əsas öhdəliklərinə və Azərbaycanın yerli qanunvericiliyinin mühüm elementlərinə cavab verməmişdir.

SMM qeydiyyat prosesi zamanı bir çox DSK-ların fəaliyyətində aşkarlıq və şəffaflıq prinsiplərinə əməl edilmədiyini müşahidə etmişdir (11, 29, 38, 40, 42, 43, 44, 47, 50, 57, 60, 62, 63, 64, 67, 73, 75, 76, 79, 80, 86, 94, 99, 111, 116, 122 saylı DSK-lar)

…Potensial namizədlərin qeydə alınmasından onların sənədlərində buraxılmış kiçik texniki səhvlərə görə imtina edilməsi hallarına çox tez-tez rast gəlinmişdir.
Bir çox namizədlərin qeydə alınmasından imtina əksər hallarda Seçki Məcəlləsinin və digər qanunvericiliyin müddəalarının qərəzli və məhdudlaşdırılmış tətbiqi ilə bağlı olmuşdur. Nəticədə, potensial namizədlərə kiçik texniki səhvləri düzəltmək imkanı verilməmiş və yerli qanunvericiliyin “qeydiyyatdan imtinaya dair qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır” prinsipi pozulmuşdur”.Nəticə: Milli Məclisdə bir nəfər də olsun, gerçək müxalifət nümayəndəsi və ya müstəqil namizəd yoxdur. Hamı “HƏ” deyir, bu məruzəni bəyənir, hakimiyyəti, onun Ombudsmanını dəstəkləyir.

Tək bir əmma var: 2005-ci ildə Avropa Məhkəməsindən 20-yə yaxın qərar gözləyən Azərbaycandan indi Strasburqa 100-ə yaxın şikayət yola çıxır.

Fikir və söz azadlığı

Ombudsmanın məruzəsinin bu hissəsini oxuyanda çaşmayın: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən senzuranın ləğvi … Mətbuat Şurasının yaradılması azad mətbuatın formalaşmasında böyük rol oynamışdır”. Məruzə 1998-ci ili deyil, 2010-cu ili əhatə etsə də “irəliləyiş” konsepsiyası tələb edir ki, məruzə müsbət məqamlardan ibarət olsun. Mətbuat Şurasının nüfuzu da önəmli deyil, əsas odur ki, nəsə yeni bir orqan yaradılıb və o, müstəqil mətbuata uğurla rəhbərlik edir.

“Dövlətin qayğısı ilə əhatə olunmuş mətbuat” korrupsioner məmur iddialarından, reklam qadağasından boğulsa da, əhatə daha önəmlidir – bunsuz müstəqil mətbuat yaşaya bilməz. Mətbuat nə ilə əhatə olunduğunu daim hiss etməlidir. Nəticədə “Jurnalistlərin dostu”nu müəyyən etmək üçün əlavə zəhmət çəkmək, sorğu aparmağa ehtiyac qalmır.
Mətbuatın da Ombudsmanı olmuş Müvəkkili azad fikrə və sözə maneə yaradan hallar narahat edir: “Bəzi jurnalistlər xidmət etdikləri siyasi qurumların fikir və söz ifaçısına çevrilmişlər”. Birdən elə bilərsiniz ki, Ombudsman təkcə müxalifət mətbuatını nəzərdə tutur. Yox, bu hamıya aiddir. Heç bir qəzet heç bir partiyanın “fikir və söz ifaçısına” çevrilməməlidir. Bu qayda fikir və söz azadlığı hüququndan istisnadır.

Nəticələrində yetərincə ehtiyatlı olan Media Hüququ Institutunun hesabatına görə, “2010-cu ildə mediaya qarşı 71 məhkəmə davası açılıb, mediadan 875 ÿmin manatdan artıq təzminat istənilib, media 37 minÿ 500 manatdan artıq cərimələnib. Məhkəmə işlərinin 31-i xüsusi ittiham qaydasında olub, jurnalistlərə yazılarına görə cinayət cəzası verilməsi istənilib. Öncəki illərlə müqayisədə 2010-cu ildə medianın hüquqi durumunun yaxşılaşdırılması yönündə nəzərəçarpacaq irəliləyişlər müşahidə olunmayıb. Istər medianın işləyişini düzənləyən qanunvericilikdə, istərsə də qanunvericiliyin icrasında ciddi problemlər qalmaqdadır. Nüfuzun qorunması (defamasiya), jurnalist qaynaqlarının gizliliyinin qorunması, televiziya və radio sahəsini düzənləyən qanunvericilik qabaqcıl təcrübə ilə müqayisədə ciddi çatışmazlıqları ilə seçilir.Məhkəmə hakimiyyəti də medianın ədalətli qərar gözləntilərini doğrultmur. Hökuməti sərt tənqid edən jurnalist və media quruluşları məhkəmələrdən pozulmuş hüquqlarının müdafiəsində gərəkli qanuni dəstəyi ala bilmirlər. Avropa Məhkəməsi 2010-cu ildə Azərbaycanla bağlı örnək qərarlar çıxarıb, ancaq milli məhkəmələr beynəlxalq məhkəmənin ifadə azadlığı hüququ ilə bağlı presedent hüququnun tətbiqinə həvəs göstərmir.

2010-cu ili ifadə azadlığı haqqından yararlanmanın “qurbanları” olan 7 şəxs həbsxanada qarşılamışdı. Azərbaycanın ən tirajlı nəşrləri olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin qurucusu və baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə qanunsuz olduğu indi rəsmi etiraf edilən ittihamlarla 8 il 6 aylıq həbs cəzasını çəkməkdə davam etdiyi cəzaçəkmə müəssisəsində, yeni saxta narkotik gəzdirmə ittihamı ilə üz-üzə həbsxana karserində qarşıladı. “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu (Allahverdiyev), “P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli 2009-cu ildə yazılarına görə məhkum olunmuşdular. “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov çoxlarının qurama olduğuna inandığı rüşvət alma (!) ittihamı ilə uzunmüddətli həbs cəzası çəkməkdə idi. Tənqidçi “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid 2008-ci ildə qurama xuliqanlıq ittihamı ilə cəza evində idi. Gənc bloqçular Emin Abdullayev və Adnan Hacızadə də 2009-cu ildə qurama xuliqanlıq ittihamları ilə məhkum edilmişdilər.

Internet üzərindən yayımlansa da, geniş auditoriyası olan “Azadlıq” radiosu, Azərbaycanın ilk müstəqil və tirajlı qəzetlərindən “Azadlıq” 2010-cu ili rahat keçirməyib. FM tezliyi əlindən alınmış radionun və tənqidçi qəzetin internet səhifəsi davamlı olaraq kiber hücumların hədəfində olub, səhifəyə giriş texniki nədənləri bəlliləşməyən səbəblərdən mümkünsüz olub.

“Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlov 2010-cu ildə ən azı 9 dəfə basqıya məruz qalıb”…
Bütün bunlar ya MHI-nin uydurmasıdır, ya da hansısa başqa ölkədə baş verib. Belə olmasaydı, bu faktlar Ombudsmanın müşahidələrindən yayınmazdı.