2aprel-3

Müxalifət mitinq hazırlıqlarını davam etdirir

Ictimai Palatanın iyunun 19-dakı aksiyasına tam sürətlə hazırlıq davam etməkdədir. Amma ötən müddət ərzində regionda baş verən hadisələr, Ermənistan hakimiyyətinin müxalifətə qarşı təzyiqlərini dayandıraraq onunla dialoqa getməsi və 2008-ci ildən sərbəst toplaşmağa qoyulan qadağanı aradan qaldırması vəziyyəti dəyişir. Lakin bütün bunların fonunda Azərbaycan hakimiyyəti güzəştə getmək niyyətində deyil və mitinqlərə qoyulan qadağa hələ davam etməkdədir.

AXCP sədrinin müavini Asəf Quliyev bildirdi ki, heç şübhəsiz, Azərbaycan hakimiyyəti istər dünyada, istərsə də regionumuzda baş verən müsbət tendensiyalardan nəticə çıxarmalıdır. Hazırda IP-yə daxil olan partiyaların mitinq hazırlığının yüksək səviyyədə getdiyini deyən A.Quliyev qeyd etdi ki, dünən artıq aksiyanın keçirilməsi ilə bağlı Bakı Şəhər Icra Hakimiyyətinə müraciət ünvanlanıb. “Düşünürəm ki, hakimiyyət dünyada gedən proseslərdən nəticə çıxarmalı və bizdə də aksiyaların normal keçirilməsinə imkan yaratmalıdır”,- deyə A.Quliyev vurğuladı.

Müsavat başqanının müavini Tofiq Yaqublu vurğuladı ki, demokratiya ilə bağlı güzəştlərə getməklə demokratik proseslərin qarşısını almaq mümkün deyil. “Qonşu Ermənistan hakimiyyətinin atdığı addımlar bunu deməyə əsas verir. Demokratik islahatlar aparmaq hakimiyyətlə yanaşı cəmiyyətin də maraqlarına uyğundur”. T.Yaqublu qeyd etdi ki, bütün dünya sona qədər gedən diktatorların axırının necə olduğunu gördü. Aksiya ilə bağlı hələ yenicə müraciət etdiklərini deyən T.Yaqublu bildirdi ki, mitinqə hazırlıq öz axarı ilə davam etməkdədir. Partiyanın bütün strukturları üzərlərinə düşən vəzifələrə uyğun olaraq fəaliyyət göstərirlər.

Xəyal