Biz dünyaya hansı ölkəni təqdim edirik?

Zahirən hər şey donuq və statik təəssürat bağışlasa da əslində siyasətin ən dərin qatlarında “yeraltı çaylar” axmaqda davam edir. Normal ölkədə təkcə ölkənin hərbi-siyasi seçimi – “neytrallar bloku”na qoşulmaq çox böyük və davamlı müzakirələrə səbəb olmalıydı. Indi qarşıdan “Nabucco”ya münasib siyasət açıqlamaq mərhələsi gəlir, indiyə qədər səslənən qeyri-müəyyən ifadələrə, bəlağətli nitqlərə bir aydınlıq gəlməlidir. Diqqət çəkən bir detal da budur ki, Azərbaycan təkcə mahnı festivalına sahiblik etməyə deyil, həm də BMT TŞ-nin qeyri-daimi üzvü olmağa hazırlaşır. 

Neytrallar blokuna tələsik qoşulmaq da elə sonuncu amillə bağlanır. Prinsipcə, bu yaxşı haldır, amma bir sual üzərində də düşünmək yaxşı olardı: dünyaya hansı ölkəni təqdim  etmək fikrindəyik? Artıq indidən belə fikirlər səslənir ki, Azərbaycan mahnı festivalına sahiblik etmək üçün özünü əsl Avropa dövlətinə çevirməlidir. Bir möhtəşəm stadion tikməklə və yaxud hansısa başqa bahalı layihə yapmaqla ölkə avropalı olmur, siyasi sistemdə dəyişiklik olmalı, ölkənin təqdimatı bir az da olsa dəyişməlidir. Mən artıq bir dəfə yazmışam ki, mahnı festivalından sonra insanlar sanki Azərbacanı ilk dəfə kəşf ediblər. Indi onlar hamısı sual və sual verməkdədir: Görən, bu necə ölkədir? Avropaya uyğundurmu? Belə suallar festival zamanı daha çox olacaq. 

O ki qaldı BMT məsələsinə, sözsüz, bu təşkilatın üzvü olan dövlətlərin heç də hamısı demokratik deyil, amma o da var ki, Azərbaycan müəyyən mənada böyük dövlətlərin zəmanətinə ümid bəsləməlidir. Onlar belə zəmanət verəcəklərmi? Üstəlik, BMT TŞ-nin qeyri-daimi üzvü olmaq belə, böyük siyasətə girişdir, burada çox tez seçim etmək lazım gələcək. Tutaq ki, Irana qarşı növbəti sanksiya müzakirə ediləndə və ya hər hansı avtoritar rejimə qarşı təzyiq siyasəti yürüdüləndə Azərbaycan nə edəcək? Burada “hamı ilə yaxşı olmaq” siyasəti çat verəcək, daim kimlə olduğunu müəyyən etmək lazım gələcək, bu isə bir çox hallardaca çox çətin olur. Bir qədər mübahisəli olsa da, mən beynəlxalq aləmdə təmsilçiliyin bir az da artmasının tərəfdarıyam, bu, ölkənin açıqlığını və şəffaflığını artırır. O da var ki, bu hakimiyyət açıqlıq və şəffaflıq tələb edən bütün birliklərdən ya qaçır, ya da onlara qoşulmağı ləngidir. 

Fikir verin. Deyirlər ki, “cənub qaz” layihəsinin işə düşməsi Azərbaycanın Avropa ilə münasibətlərini yüksək bir fazaya çıxaracaq. Olsun. Amma Avropa onsuz da Azərbaycanla daha dərin bir inteqrasiya təklif edir, amma bu hakimiyyət bundan yayınır. Bəs məsələ nədədir? Bu hakimiyyət ancaq geosiyasi tryuklara ümid bağlayır və onlara rəvac verir. BMT TŞ-nin qeyri-daimi üzvü olmaq və geosiyasi dividendlər götürmək! Avropa ilə inteqrasiyadan yayınmaq, lakin onun enerji sahəsində tərəfdaşına çevrilmək. Bunlar hamı üçün “gərəkli” olmaq istəyirlər ki, güclü bir hakimiyyətə çevrilsinlər, bəli, güclü dövlətə yox, güclü bir hakimiyyətə! Amma diqqətdə olmağın başqa “fəsadları” da var – insanlar, ölkələr maraq və diqqət nümayiş etdirməyə başlayırlar, elə buradan ölkənin daxili durumu da diqqətə gəlir. Bir gün məlum olur ki, oturub-durduqları ölkədə insanlar quldarlıq dövründə olduğu kimi işləyirlər, məhbəslər feodal həbsxanalarını xatırladır, insanlar əziyyətlərə məruz qalırlar, azadlıq yoxdur, adamlar hər kiçik məsələdən ötrü təqib olunur və həbsə atılırlar. Və təbii ki, bir gün belə bir ölkənin beynəlxalq tribunada olmasının məqsədəuyğunluğu gündəliyə gəlir.

Qeyri-legitim diktatorlar

Bəli, Alen Jupe Bəşər Əsədi qeyri-legitim prezident elan etdi. Qəzzafi artıq çoxdan qeyri-legitim elan olunub. Məni bir məsələ düşündürür: diktatura, ümumiyyətlə, legitim ola bilərmi? Bu rejimlərə legitimlik şamil olunurmu? Çətin ki, “hə” deyən tapılsın. Əsədin rejimi atası vaxtından, 1963-cü ildən qeyri-legitim idi! Eləcə də Qəzzafi və Saleh rejimi! Sadəcə, o vaxt heç kim bunu görmək istəmirdi. Hə, heç vaxt olmamaqdansa gec olmaq da yaxşıdır. Zira Qərb potensial Suriyaları, Yəmənləri və Liviyaları da görsə, yaxşı olar!