8 yaşlı pianoçumuz İtaliyada qalib oldu

Züleyxa Abdullayeva beynəlxalq musiqi yarışmasında 100 mümkün baldan 96-nı yığıb

Səkkiz yaşlı azərbaycanlı Züleyxa Abdullayeva Pyetro Arcento adına XIV Beynəlxalq Musiqi Müsabiqəsinin qalibi seçilib. ANS PRESS-in məlumatına görə, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının şagirdi Z. Abdullayeva fortepianoda ifa üzrə öz yaş kateqoriyasında “ən yaxşı” seçilib.

Baxın “Kiçik Prelüdiya”, Şopenin “Mazurka”, Klementin “Sonatina” kimi musiqi əsərlərini ifa edən Z.Abdullayeva öz rəqiblərini arxada qoyub. Z.Abdullayeva 100 mümkün baldan 96-nı yığıb. Bu qalibiyyət sayəsində Z.Abdullayeva, həmçinin Pyetro Arcento adına təqaüdə də layiq görülüb.

Z.Abdullayeva deyib ki, bu qalibiyyət İncəsənət Gimnaziyasında fortepiano sənətini öyrənməyə ona yardım edən musiqi müəlliməsi Nigar Nəcəfzadənin səyləri sayəsində mümkün olub.
Beynəlxalq müsabiqədə İtaliya, Almaniya, Cənubi Koreya, Niderland, Türkiyə, Polşa, Sloveniya və s. ölkələrin təmsilçiləri iştirak edib.