kiv-df

Qori seminariyasının ilk məzunlarından biri

Görkəmli maarifçi Firudin Köçərli

1876-cı ildə Qafqaz xalqlarının – gürcülərin, ermənilərin, dağıstanlıların və azərbaycanlıların ibtidai məktəbləri üçün müəllim kadrları hazırlamaq məqsədilə Qoridə Müəllimlər Seminariyası açılmışdı. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə Firudin bəy Köçərlinin oxuduğu məktəbə gəlir. Beləliklə, Firudin bəy öz taleyini seminariya ilə bağlamış olur.

Görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firudin bəy Əhməd bəy oğlu Köçərli 1863-cü il yanvarın 26-da Şuşada anadan olub. 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub. 1879-1885-ci illər ərzində o, Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alıb, 1895-1918-ci illər ərzində dərs deyib. 1885-ci ildə qısa müddət Firudin bəy Irəvan gimnaziyasında da çalışıb. O, 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunub. 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri işləyib. 

“Vətən dili”nin I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firudin Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyişdirərək zənginləşdirmişdir. Köçərlinin “Darı və buğda” əsəri “Vətən dilinə” salınmışdır. Firudin Köçərli tələbə ikən yunan filosofu Sokratın həyatı və əxlaqi görüşlərinə həsr olunmuş “Təlimati-Sokrat” əsərini tərcümə etmişdi. Sonralar Saleh bəy Zöhrabbəyovla birlikdə “Təlimati-lisani-türki” dərsliyini tərtib etdilər. Qeyd etmək lazımdır ki, həyat yoldaşı Badisəba xanım Vəkilovlar nəslinə mənsub idi.1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firudin Köçərli Irəvanda teatr tamaşası təşkil edir. O, Qori seminariyasının məzunu kimi 1885-ci ildə Irəvana gəlmişdi. Həmin tamaşa – M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyasının tamaşası Irəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrildi. 

Seminariyanın Azərbaycan şöbəsi

1879-cu ildə Seminariyada çətinliklə də olsa Azərbaycan şöbəsi açılması baş tutur. Lakin Irəvanda işləyən Miropyev 1902-ci ildə Qori Seminariyasına direktor təyin olunur və bununla da azərbaycanlılara pis münasibət başlayır. Miropyev azərbaycanlı seminaristlərə qarşı amansız olur, nəticədə bir neçə azərbaycanlı tələbə haqsız olaraq seminariyadan qovulur, canı boğazına yığılan Borçalı Mustafa “vəhşi asiyalı” sözünə görə erməni Ter-Arutyunovu öldürür. Tənəffüsdə ana dilində danışmaq azərbaycanlı tələbələrə qadağan olunur. 1900-cü il dekabrın 3-də hazırlıq sinfinin şagirdi Üzeyir bəy Hacıbəyliyə ana dilində danışdığına görə töhmət verilir. Belə çətin, təhqiramiz şəraitdə təhsil alan məzunlar sonralar etiraf edirdilər ki, xalqlarının azadlığı və müstəqilliyi uğrunda son nəfəsədək mübarizə aparmaqda miropyevlərin, saakovların, arutyunovların “böyük rolu” oldu. Firudin Köçərli isə artıq olanlara dözə bilmirdi. Üzünü mürtəce Miropyevə tutaraq: “Məncə, ana dilində danışmaq qəbahət deyil. Bu uşaqlar sabah seminariyanı bitirdikdən sonra kənd məktəblərində dərs deyəcəklər. Əgər ana dilləri ölərsə, dindaşlarına necə dərs keçəcəklər. Daraşmısınız Qafqaz müsəlmanlarının canına. Cənab Qənizadədən sonra mürtəce fəaliyyətinizi daha da genişləndirmək fikrinə düşürsünüz? Bəsdir Azərbaycan şöbəsini addım-addım güdməyiniz” – deyirdi.

Qarşıya qoyulan bir məsələ də Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi idi. Xalqımızın maarifpərvər, münəvvər ziyalısı Firudin Köçərli bir an belə dayanmadan bu işin reallaşması üçün mübarizəyə başlamışdı. Hər addımda çətinlik, bürokratiya, çar Rusiyasının törətdiyi əngəllər, daha nələr. Başlanmış yoldan çəkilmək də olmazdı. Seminariyanın Azərbaycana köçürülməsini Firudin bəy çoxdan planlaşdırırdı. Azərbaycan maarifçiləri bu mühüm işə 1884-cü ildən təşəbbüs göstərirdilər. Fikirlərini belə əsaslandırırdılar ki, məsafənin uzaqlığı, Qoridə azərbaycanlıların yaşamaması, şagird azlığı müəllim kadrların arzu olunan səviyyədə hazırlanmasına mane olur. Dəfələrlə Səfərəli bəy Vəlibəyov Şuranın iclasında bu təkliflə çıxış edib və sərt etirazla cavablanıb. 1906-cı ildə N.Nərimanov “Həyat” qəzetində yazırdı ki, Qori Seminariyasına altmış şagirddən artıq qəbul olunmur. Darülmüəllim Bakıda, Gəncədə və ya qeyri-müsəlman şəhərində olsa, padşahlıq xərcinə oxuyan altmış nəfərdən savayı altmış nəfər müsəlman uşağı da daha ziyadə öz evlərində olarkən seminariyada elm-təhsil etməyə mümkünləri olacaqdır. Həmin il Firudin bəy Bakıda “Nəşri-maarif” cəmiyyətinin toplantısında çıxış edərək seminariyanın Azərbaycan şöbəsində vəziyyətin ağır olduğunu söyləyir və məktəbin Azərbaycanın şəhərlərinin birinə köçürülməsi məsələsini qaldırır. Lakin nə rus çarlığı, nə də gürcü knyazlığı buna icazə verir. Başqa çarə də yox idi. Odur ki, yay məzuniyyətində məktəbin bağlı olmasından, rus çarının yıxılmasından və gürcü knyazlarının başları hökumət qurmağa qarışdığından, fürsət tapan Firudin bəy bir dəqiqəni belə fövtə vermir. Seminariyanın Azərbaycan şöbəsinə məxsus bütün dəftərxana ləvazimatını, müxtəlif avadanlıqları vaqona dolduraraq öz xərci ilə xəlvətcə Ağdama qaçırır. Tədqiqatçılar araşdırmalarında göstərir ki, qatar yerindən tərpənənədək Firudin bəy 10 dəqiqə içərisində 10 il qocalır. Bu insan millətinə maarif işığı gətirirdi, min bir məşəqqətlə, əziyyətlə…

Azərbaycan şöbəsinin Qazağa köçürülməsi

Beləliklə, 1906-cı ildə Qori Seminariyasının Azərbaycan bölməsi Firudin Köçərlinin əziyyəti hesabına Qazax rayonuna köçürülür və sovet hakimiyyəti qurulanadək orada fəaliyyət göstərir. Məşədi Ibrahim adlı işıqlı, xalqının balalarını maarifləndirmək arzusu ilə yaşayan ziyalı insan 17 otaqlı mülkünü seminariyanın direktoru Firudin Köçərliyə bağışlayır. Özü isə doğma kəndi Kosalara köçüb, ömrünü oradakı evində başa vurur. Çünki 1914-cü ildə maarifpərvər ziyalı Firudin bəy Məşədi Ibrahim oğlu Museyibi Qoriyə aparıb seminariyaya qəbul etdirmişdi. Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov kimi böyük bir ziyalı nəsli Qazax Seminariyasının yetirməsi idilər. Firudin bəyin sevinc içində çırpınan ürəyində gələcəyin maarif, elm şəfəqi şölələnirdi. Beynində bir fikir ona daha çox fərəh və fəxr gətirirdi. Öz-özünə deyirdi: – Deyəsən, ixtiyar çağımda Qoridən elədiyim oğurluq burada möhkəm bina tutacaq.

Seminariyanın Azərbaycana köçürülməsi üçün hökumət 5000 manat vəsait ayırır. Qazax Seminariyasının Azərbaycan şöbəsinin bazasında Müstəqil Qazax Seminariyasının təntənəli açılışı olur. Açılışda Qazaxda yerləşən türk ordusunun komandanı Səbri bəy, Türk Qarnizonunun rəisi Camal bəy, Qazaxın rəisi H.Şıxlınski və yerli hökumətin məmurları iştirak edirdilər. Bundan başqa, Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib, burada təhrifsil alırdılar. Böyük maarifçi və ictimai xadim Firudin Köçərli seminariyaya başçılıq etməklə yanaşı, Qazaxda yüzlərlə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis edir, qaçqınlara yardım fondu yaradırdı. 1920-ci ildə Firudin bəy Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirildikdən sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik edir…

Firidun bəy Köçərli Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordunun xüsusi şöbəsi tərəfindən 1920-ci ildə, əlli səkkiz yaşında güllələnib. Onun barəsindəki ölüm hökmündə deyilirdi: “Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax Inqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda Müsavat partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir… Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər”. Qərara alınır: müttəhim Köçərlinski güllələnsin. Təsdiq edirəm: 7N-li Xüsusi bölmənin rəisi Liberman,

Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir