Neft pulları xaricdə əmlaka yox, daxilə yönəldilməlidir

Samir Əliyev: «Həmin vəsaitləri tərpənməz şəkildə xarici banklarda saxlamaqdansa, ölkə iqtisadiyyatına sərf etmək olar»

Azərbaycan Dövlət Neft Fondu gələcəkdə daşınmaz əmlaka sərmayə yatırmağı planlaşdırır. Bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, ARDNF artıq gələn ildən xaricdə daşınmaz əmlakın alınmasına başlaya bilər. Daşınmaz əmlaka sərmayə qoymaq təcrübəsi bütün dünyada var. Lakin Azərbaycanda sərmayə tələb edən kifayət qədər sahə var. Bunlardan ən əsası kənd təsərrüfatıdır. Bu sahəyə dövlət cüzi məbləğ ayırıb. Banklarda kredit faizlərinin yüksək olması fermerləri çıxılmaz duruma salır. Xaricdə əmlak alınacaq pulu aşağı faizə kommersiya banklarına vermək, yaxud bu vəsaiti kənd təsərrüfatı kimi sərmayəyə ehtiyacı olan sahələrə yönəltmək olmazdımı?

Iqtisadçı-ekspert Samir Əliyev neftdən gələn pulların xərclənməsi ilə bağlı bir neçə dəfə təkliflərlə çıxış etdiklərini deyir. Belə ki, vəsaitlərin qızıla çevrilməsi daha məqsədəuyğun olardı. Artıq bir çox ölkələr valyuta ehtiyatlarının böyük hissəsini qızılla saxlayır.

Digər tərəfdən, ekspert bu vəsaitlərin ölkə iqtisadiyyatına yönəldilməsinin zəruriliyini də qeyd etdi: “Yaxşı olardı həmin vəsaitlər tərpənməz şəkildə xarici banklarda saxlanmaqdansa, ölkə iqtisadiyyatına yönəldilsin. Konkret olaraq aşağı faizlə kommersiya banklarına verilsin. Bizim banklar vəsait qıtlığından əziyyət çəkir. Bunun nəticəsində faizlər çox yüksəkdir”.

Ekspertin fikrincə, bu, bank sisteminin güclənməsinə, faizlərin aşağı düşməsinə, eyni zamanda iqtisadiyyatın canlanmasına səbəb olar. Kənd təsərrüfatı da həmin prosesin tərkib hissəsidir: “Bu gün bizim banklar kənd təsərrüfatına kredit verməkdə maraqlı deyillər. Daha çox istehlak kreditləri verirlər. Bu kreditlər də qısa müddətli və yüksək faizlə olur. Çünki kənd təsərrüfatına sərf etmək üçün alınan kredit təxminən 5 ildən sonra bəhrə verməyə başlayır. Ona görə də banklarımız bu sahəyə kredit ayırmaqda maraqlı deyil”.Ekspertin sözlərinə görə, kənd təsərrüfatına aşağı faizlə kreditlər verməklə ölkə iqtisadiyyatını canlandırmaq olar.

S.Əliyev ipoteka üçün daha çox vəsaitin ayrılmasının vacibliyini vurğuladı: “Azərbaycanda ipoteka bazarı çox kiçikdir. Aşağı faizlə ipoteka kreditləri vermək olar. Bu həm əhalinin mənzil təminatını yaxşılaşdırar, həm də tikinti bazarını inkişaf etdirər”.
Ekspertin fikrincə, Azərbaycan valyuta ehtiyatlarının əsas hissəsini dollar və avro ilə saxlayır. Neft ucuzlaşandan sonra problemlər daha qabarıq üzə çıxacaq. Çünki neft gəlirləri azalanda həmin vəsaitlər getdikcə dəyərini itirəcək. 

Fizzə