Müsəlman kişilərin neçə ürəyi var?

Indi əksəriyyət müsəlman ölkələrini bürüyən inqilabları alqışlayır. Əgər həmin inqilabların elmə, təhsilə, xalqın maariflənməsinə, kölə şüurdan qurtulmağa təsiri olmayacaqsa, çaxnaşmalar üçün sevinməyə dəyərmi? Inqilab bir gerizəkalını taxtdan yıxıb, ondan betərini yerində oturtmaq demək deyil. Vaxtının çoxunu namaz qılmağa, moizə dinləməyə sərf edən müsəlman “inqilabçı”nın qürur duyduğu kosmonavtı, alimi,  savadlı mütəxəssisi ola bilərmi? Axı islamda ən yaxşı ibadət elm öyrənmək, elm öyrətmək sayılır. Bu yaxında “Azadlıq” radiosunun saytında bir məlumat oxudum: Malayziyada bir qrup müsəlman qadın ilginc təşkilat yaradıb. Adını da qoyublar “Sözəbaxan Qadınlar Klubu”. Təşkilatın rəhbəri Maznah Taufik (bizim dildə: Məsmə Tofiqqızı) deyib ki, qadınlara ərlərini necə məmnun etməyin sirlərini öyrədəcək. Zavallı qadınlar, cadugərlərin, falçıların “klubundan” çıxıb evə gedəndə ərlərini qucaqlarında gəzdirirdilər, yəqin ki, “Sözəbaxanlar” klubuna üzv olandan sonra həyat yoldaşlarını boyunlarında gəzdirərlər. Təki ər məmnun olsun və qadının yaxasına “Əməkdar Arvad” medalını vurmağı, qulağına “molodes” deməyi unutmasın. Zatən müsəlman qadınlardan “Üsyankar Qadınlar Klubu” yaratmağı gözləmək sadəlövhlük olardı: boyun-boğazından tutmuş ayaq barmaqlarına kimi daş-qaşla bəzədilən, ər evinə övlad (uşaq mütləq oğlan olmalıdır, yoxsa qadına sonsuz deyib çölə atarlar) dünyaya gətirmək, həyat yoldaşına “bəli, baş üstə” demək üçün aparılan qadın üsyankar ola bilərmi? Kosmonavt, inqilabçı dünyaya gətirə bilərmi? Müsəlman qadınların həyat tərzinə baxanda, belə qənaətə gəlmək olur ki, sanki onların gözləri, qulaqları, dilləri, ürəkləri yoxdur. Ərlərinin onlara bağışladığı qızıl “medalları” toydan-toya da taxmağa vaxt tapa bilməyən müsəlman qadınlar insan olduqlarını bəlkə də bilmirlər. Yaratdıqları təşkilatlar da, klublar da ancaq bir məqsədə xidmət edir: daha əyləncəli və sevimli gəlincik olmaq. “Gəlinciyin” boynuna bir qızıl zəncir sal, özünü dünyanın xoşbəxti sayacaq…

Müsəlman dünyasında qadının azadlıqdan danışması, kimisə sevməsi, insan haqlarını tələb etməsi günah, həyasızlıq sayılır. Mətbəx qazanının yanından bir saatlığa da ayrılan qadın o dünyada Qır qazanında bişəcəyi ilə hədələnir. Məgər islamın qayda-qanunları yalnız müsəlman qadınlarına aiddir? Niyə müsəlman kişiləri toxunulmazdır? Niyə onların ilk məhəbbətləri, orta sevgiləri, gecikmiş eşqləri ola bilər? Niyə müsəlman kişiləri qadınlara on gözlə baxmaq, yüz qulaqla dinləmək, min dillə səsləmək, gündə beş ürək paylamaq sarıdan heç vaxt məəttəl qalmırlar? Bəlkə, onları qudurdan islamdakı bəzi əcaib qayda-qanunlardı: “Müsəlman kişilərin 4 arvad almaq və saysız-hesabsız qadını siğə etmək hüququ var”. Əcəba, müsəlman kişilərin neçə ürəyi və ürəkciyi olduğu haqda kimdəsə dəqiq məlumat varmı? Axı gərək məntiqlə onların 4 arvada vermək üçün 4 ürəkləri, siğələrə paylamaq üçün isə bir xeyli ürəkcikləri olmalıdır. Dərinə gedən olsa, bilər ki, yaxası medallı, hırıldayan hər bir bərkgedən müsəlman kişinin arxasında bir dəstə gözüyaşlı qadın və uşaq var. Və bu, acı faktdır ki, ən böyük faciələri müsəlman ölkələrindəki qadınlar, uşaqlar yaşayırlar.

Şeyximizin səlahiyyətlərinin artmasından belə anlamaq olur ki, Azərbaycan da müsəlman ölkəsidir. Həm də “Sözəbaxan”  klublar bolluğuna görə ən qabaqcıl müsəlman ölkəsi sayıla bilər: “Sözəbaxan Milli Məclis Klubu”, “Sözəbaxan Mətbuat Şurası Klubu”, “Sözəbaxan Yazıçılar Birliyi Klubu”, “Sözəbaxan Nazirlər Kabineti Klubu”, “Sözəbaxan Vətəndaşlar Klubu”… Amma çox qəribədir, “Sözəbaxan” təşkilatlardan məmləkət fontan vursa da, başqa ölkələrdən ən çox şillə-təpik yeyən də BIZlərik… Görünür, boynumuzda gəzdirdiyimiz kişi dövlətləri yaxşı əyləndirib, məmnun edə bilmirik. Bəlkə, məmurlarımız Maznah Taufikin təşkilatına üzv yazılsınlar?..

P.S. Bu yaxında mənə bağışlanan ailə “medal”larının hamısını yığıb zərgərlik “fondu”na təhvil verdim. Azadlığa gedən yol ilk növbədə boyun-boğazımızdakı zəncirləri, sözəbaxanlığa görə aldığımız medalları qırıb atmaqdan başlayır…