Mineral su bazarında böyük problem yaşanır

Eyyub Hüseynov: «Onların hamısının tərkibində kimyəvi maddələr var»

Yayın gəlişi sərinləşdirici vasitələrin mövsümünün başlanması deməkdir. Bu baxımdan paytaxt əhalisi dözülməz yay aylarında daha çox mineral və sərinləşdirici içkilərə müraciət edir. Müxtəlif ad və qablaşdırmada olan sərinləşdirici içki və limonadların keyfiyyət baxımından standartlara cavab verib-verməməsini müəyyənləşdirə bilmərik. Ən azı bu, bizim vəzifəmizə aid deyil. Lakin həmin içkilərin hansının bulaq suyundan hazırlandığı və yaxud, krandan doldurulduğunu aydınlaşdırmaq vacibdir. Əhalinin sağlamlığı baxımından bu məsələ yeni başlayan mövsümün ən başlıca problemidir.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyir ki, sərinləşdirici içki bazarında istehsal olunan üzüm, alma, tərxun və digər tərkibli limonadların 50 faizi heç bir standarta cavab vermir. Həmin limonadlar regionlarda antisanitariya şəraitində hazırlanır: “Onların hamısının tərkibində kimyəvi maddələr var, baxmayaraq ki, üzərində təbii maddələrdən hazırlandığı bildirilib. Eləcə də mineral sular bazarında ciddi problemlər yaşanır. Istehlakçılar bilməlidir ki, minerallaşma 2 mmq-a qədər olanda, bu, süfrə suyudur. Minerallaşma 2 mmq-dan yuxarı olanda isə, o, artıq müalicəvi su sayılır. Təəssüf ki, külli miqdarda mineral su süfrə suyu və ya başqa ad altında satılır”.

Qurum sədri qeyri-qanuni yolla istehsal olunaraq Azərbaycana gətirilən “Yessentuki” suyunun çox miqdarının apteklərdə satıldığını deyərək nədənsə, problemli suyu səhiyyə nazirliyinin himayə etdiyini söylədi: “Eləcə də ”Borjomi” sularında problemlər var. Amma nədənsə həmin suların keyfiyyətini yoxlayıb üzə çıxaran yoxdur”.

Nigar