Əliyev beynəlxalq tədbirdə yalan danışdı

Dövlət başçısı Ilham Əliyev Bakıdakı neft-qaz sərgi konfransında çıxış edərkən bildirib ki, Azərbaycanda investisiyalara etibarlı zəmanət var. Əliyev deyib ki, 1995-ci ildən etibarən Azərbaycana 97 milyard dollar kapital qoyulub, bunun 42 milyard dolları neft-qaz sektorunun payına düşüb. Bu investisiyaların böyük hissəsi xarici investisiyalardır. Onun sözlərinə görə, Azərbaycan və xarici şirkətlər arasında heç vaxt heç bir problem olmayıb, müqavilələrə heç vaxt təkrarən baxılmayıb.

Qeyd edək ki, təkcə 2005-ci ildən sonra bir neçə xarici investisiyalı şirkətlə Azərbaycan hökuməti arasında qalmaqallı məhkəmə çəkişmələri olub. Bunlardan ən yadda qalanı ölkənin böyük bir hissəsinin enerji təchizatını uzunmüddətli idarəçiliyə götürən “Barmek” şirkətilə bağlı olub. Açıq etiraf etmək lazımdır ki, bu şirkət Azərbaycan üçün böyük işlər gördü. Nəticəsi də o oldu ki, hökumət şirkətlə 25 illik müqaviləni pozdu, rəhbəri Hüseyn Arabulu həbsxanaya saldı.Oxşar problem ölkənin metallurgiya sənayesini uzun müddətə icarəyə götürmüş Hollandiyanın “Fondel metal” şirkətilə yaşandı. Bu şirkətlə də bağlanan müqavilə pozuldu.

Britaniyanın “Tarqol investment” şirkəti isə Azərbaycanın SSRI-dən qalma boru-prokat zavodunu idarəçiliyə götürmüşdü ki, bu şirkətlə də müqavilə birtərəfli qaydada pozuldu.

Əslində, bu siyahını uzatmaq da olar. Ancaq təkcə bu 3 fakt kifayət edir ki, dövlət başçısının verdiyi bəyanatda səmimi olmadığı üzə çıxsın. Bəyanatın qeyri-səmimiliyi bir də ondadır ki, Əliyev daxildən və xaricdən çoxsaylı çağırışların olmasına baxmayaraq, hakimiyyətdə olduğu 8 ildə nə biznes və investisiyalar üçün geniş imkanlar açan viza rejimini sadələşdirib, nə də ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü rəsmiləşdirib.