«Azərbaycandan «Nabucco» ilə bağlı qərar gözləyirik»

Günter Ottinger: “Azərbaycanın “Nabukko”ya qoşulması haqqında qərar tarixi olacaq “

“Biz Azərbaycanın oktyabrın sonunda “Nabukko” layihəsində iştirakla bağlı verəcəyi qərarı gözləyirik. Bu, tarixi bir qərardır və başa düşürük ki, Azərbaycana bu qərarı qəbul etmək üçün vaxt lazımdır”. ANS TV-nin məllumatına görə, bunu bu gün Bakıda XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası konfransının açılışında çıxış edən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger bildirib.

“Biz öz növbəmizdə qərar qəbul edilənə kimi siyasi dialoqu davam etdirəcəyik. Əminəm ki, ilin sonuna kimi layihənin bütün iştirakçılarının müvafiq qərarını ala biləcəyik. Oktyabrda “Şahdəniz” konsorsiumu qərar qəbul edəcək. Bundan başqa digər tərəfdaşlarımızla da danışıqları davam etdirəcəyik”, deyə Aİ nümmayəndəsi əlavə edib. 
G. Ottinger bu gün Türkiyədə “Nabukko” layihəsi ilə bağlı imzalanacaq müqavilə barədə də danışıb: “Buradan Türkiyəyə gedəcək və “Botaş” və digər şirkətlərlə tranzit sazişi imzalayacağıq. Həmçinin bu kəmərlə ötürüləcək mavi yanacağın həcmini artırmağa da çalışacağıq. Bununla əlaqədar Türkmənistanla danışıqları davam etdiririk”.
Ottinger İraqdan qaz almaqda da maraqlı olduqlarını qeyd edib.

“Həmçinin “Nabucco” layihəsinin reallaşması üçün İraqdan qaz almaqda maraqlıyıq. İraq qazının Türkiyə vasitəsilə Avropaya nəqlinə dair Bağdaddakı yeni hökumətlə təmaslarımız davam edir”, deyə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı bəyan edib.

“Nabukko” Türkmənistan və Azərbaycandan Avropa İttifaqı ölkələrinə, ilk növbədə isə Avstriya və Almaniyaya qədər uzunluğu 3300 kilometr olan magistral qaz kəməri layihəsidir. Proqnozlaşdırılan layihə gücü ildə 26-32 mlrd. kubmetr qaz təşkil edir. Layihənin ehtimal edilən qiyməti €7,9 mlrd.-a çatır. Layihəyə hazırlıq 2002-ci ildən həyata keçirilir.