«Bəzi mühafizəkarlar hökumətin üzərinə ardıcıl hücuma keçib»
Iranın ali dini lideri Əli Xamneyi ilə aralarında gərginlik yarandığı gündən susmağa üstünlük verən prezident Mahmud Əhmədinejad nəhayət, sükutu pozub. Iyunun 7-də jurnalistlərlə görüşən Iran prezidenti hakimiyyətin yolunu azmış cərəyan və cindarlarla əlaqəli olması ittihamlarına toxunub.
Əhmədinejad ona yaxın şəxslərin cindarlarla əlaqəli olduğuna dair ittihamları rədd edib: “Cindarlıqla məşğul olanları tutublar. Imkan verin, işimizlə məşğul olaq. Hökumət yalnız xidmət göstərmək fikrindədir. Biz bu mübahisə və söz-söhbətlərə son qoymaq istəyirik. Lakin bəzi adamlar bunu istəmirlər”.
Iran rəhbəri hakimiyyətdəki bir sıra mühafizəkarların hökumətə qarşı ardıcıl hücum və ittihamlarına da münasibət bildirib. Əhmədinejad mühafizəkarların hökuməti hədəfə aldığını etiraf edib: “Mən bu təxribatlar qarşısında susuram. Bunu hakimiyyət daxilindəki birliyi qoruyub saxlamaq üçün vacib sayıram. Bir daha təkrar edirəm ki, bütün bu hücumlar qarşısında bizim mövqeyimiz susmaqdır”.
Xatırladaq ki, Xamneyi ilə Əhmədinejad arasında yaranmış gərginlikdən sonra ali dini liderə yaxın rəsmilər, nüfuzlu din xadimləri mütəmadi olaraq hökumətə və prezidentə yaxın şəxslərə qarşı hücuma keçmişdi.
Bəzi mühafizəkar din xadimləri Əhmədinejad hakimiyyətini Xamneyiyə xəyanətdə və ölkəni parçalanmaya doğru sürükləməkdə ittiham edirdilər.
Informasiya şöbəsi


