Tanınmış politoloqlar gündəmi “Azadlıq”da dartışdı
Zərdüşt Əlizadə: «Cənubi Qafqazda müharibənin olmasını istəyən yeganə dövlət ABŞ-dır»
Zəfər Quliyev: «2003-də Heydər Əliyevin fiziki və siyasi mövcudluğu bəlli olmayanda hakimiyyət dəyişikliyi real idi»
Gündəm xeyli gərgindir. Ermənistanda rejim yumşalması baş verir. Daha bir ərəb diktatoru öz ölkəsini cani kimi tərk edir. Azərbaycanda isə bütün cəhdlərə baxmayaraq, hakimiyyət özünü cəmiyyətlə açıq danışmağa borclu bilmir. Biz isə bütün bunları ekspertlərlə müzakirə edirik. Budəfəki dəyirmi masamızın qonaqları politoloqlar Zərdüşt Əlizadə və Zəfər Quliyevdir.
ABŞ Cənubi Qafqazı Rusiyadan almaq istəyir
– Amma yeddi rayon işğal olunanda Heydər Əliyev getmədi?
Z.Əlizadə:
– Ona görə getmədi ki, o, Qarabağ münaqişəsinin həllini cəmiyyətin müzakirəsindən çıxarıb, keçirdi öz əlinə. Yalnız bir daha Heydər Əliyev Qarabağ fəryadlarından zinhara gələrək, bəyan etdi ki, məgər mən sənə Qarabağı söz vermişəm?! O dəqiqə cəmiyyət ayağa qalxdı ki, bəs Qarabağı söz verməmisənsə, hakimiyyətə niyə gəlmisən?
– Heydər Əliyev belə bəyan etmişdi ki, pencəyimi çiynimə atıb Qarabağa gedəcəm?
Z.Əlizadə:
– O zaman yazmışdım ki, Heydər Əliyev gəlib neft oğurlamağa, Qarabağı azad etmək istəmir. Cəmiyyətin bu mövqeyindən sonra Heydər Əliyev geri çəkildi. Məhz bundan sonra böyük şou düzəltdi ki, guya bu münaqişənin həlli ilə çalışır, təklifləri müzakirəyə çıxardır. Indi Ilham Əliyev hakimiyyətdədir. Neft pulları var. Müxtəlif proyektlər həyata keçirilir, Qarabağ yoxdur. Ona görə məcburdur Qarabağa pul ayırsın. Birincisi, bu istiqamətə ayrılan neft pullarını mənimsəmək daha asandır. Çünki müdafiə sahəsi məxfidir və buradakı xərclər gizlin saxlanılır. Amma bütün dünya görür ki, Ilham Əliyev hərbi xərcləri artırır. Ermənistan iqtisadi cəhətdən bərbad vəziyyətdə, Azərbaycan isə ordunu çiçəkləndirir. Azərbaycan ordusunun sayı Ermənistan ordusunun sayından üç dəfə çoxdur. Belə bir şəraitdə rus ekspertləri yazır ki, 2012-ci ilin yayında müharibə olacaq. Bu zaman Azərbaycanın tam üstünlüyü var. Amma Rusiya istəmir müharibə olsun. Və yaxud da Avropa Birliyinin nümayəndəsi Minsk qrupuna gəlsə, o, Fransadan fərqli siyasət yürüdəcəkmi? Bəs kim istəyir ki, müharibə olsun? Cənubi Qafqazda müharibənin olmasını istəyən yeganə dövlət ABŞ-dır. Müharibə olsa, xaos yaranacaq və istənilən nəticədə Cənubi Qafqaz Rusiyanın nəzarətindən çıxacaq. Azərbaycan qalib gəlsə, hər iki dövlət gedir NATO-ya, Ermənistan qalib gəlsə, hər iki ölkə Rusiyanın nəzarətindən çıxır. Nəyə görə Ermənistan prezidenti tələb edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvləri gələcək müharibəyə münasibət bildirsinlər. Ermənistan bəyan edir ki, gələcək müharibədə Rusiya bizi müdafiə etməyə borcludur. Rusiyadan səs çıxmır. Əvəzində Rusiya Azərbaycana S-300 raketlərini satır. Ermənistan da bu addımları udmağa məhkumdur. Çünki Rusiya onun ağasıdır. Əgər Ermənistana cavab verilməzsə, o zaman Ermənistan digər mərkəzlərə, o cümlədən Amerikaya müraciət edəcək. Ermənistan Amerikaya müraciət edəndən sonra isə Rusiya Yerevanı cəzalandırmaq üçün Azərbaycandan istifadə edəcək.
Rusiya Ermənistana niyə zəmanət vermir?
– Sizcə, bir qədər qəribə görünmür ki, Azərbaycanla Ermənistanın müharibəsini ABŞ istəyir, amma silahı bizə Rusiya satır?
Z.Əlizadə:
– Burada qəribəlik yoxdur. Rusiya silahlandırır və qazanır.
– Bəs onda Amerikanın marağı nədir?
Z.Əlizadə:
– Amerikanın regionda iqtisadi maraqları, əsgəri, siyasi qüvvəsi var.
– Bu ayrı məsələdir. Bu, məsələnin nəzəri və politoloji tərəfləridir. Konkret Qarabağ məsələsinə gəlincə, Rusiyanın Ermənistanla 49 illik müqaviləsi var və eyni zamanda Azərbaycanı silahlandırır. Rusiyanın Qarabağ vasitəsilə hər iki tərəfə böyük təsiri var. Belə olan situasiyada Amerika necə başlaya bilər müharibəni?
Z.Əlizadə:
– Amerika Azərbaycana deyə bilər ki, sən müharibəni başla, mən səni dəstəkləyəcəm. Gürcüstan Rusiya ilə müharibə edəndə orada Amerika tankları yox idi. Azərbaycanda da ABŞ tankları yoxdur. Saakaşvili müharibəyə başladı və uduzdu. Amma indi hiss olunsa ki, ABŞ müharibəyə razıdır, cəmiyyətdən tələblər də gələcək ki, Qarabağı qaytar. Axı bu neçə ili hakimiyyətdə oturmusan. Hazırkı situasiyada Ermənistan Rusiyadan zəmanət istəyir ki, sən qoyma məni döyməyə. Rusiya isə bu zəmanəti vermir. Indi Rusiya nə etməlidir?
– Müharibə istəmirsə, zəmanəti verməlidir.
Z.Əlizadə:
– Rusiya zəmanət versə, o zaman Azərbaycanla münasibətləri korlayır. Bununla da bəyan olunar ki, Azərbaycan, mən sənə qarşıyam.
– Zərdüşt bəy, biz şahidi olduq ki, Rusiya Ermənistanla müqavilə imzalayanda Azərbaycan səsini çıxartmağa belə, cürət etmədi. Maraqlıdır, nəyə görə Rusiya Azərbaycana xəbərdarlıq etmir. Çünki Rusiya Ermənistanla müqavilə imzalayarkən, Yerevana bu təminatı verib.
Z.Əlizadə:
– Bu təminat Ermənistana verilib, Qarabağa yox. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvləri Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus bəyan ediblər ki, bizim Qarabağdakı müharibəyə aidiyyətimiz yoxdur. Əgər Qarabağda müharibə başlasa, bu hüquqi Azərbaycan torpağı kimi gedəcək. Bu bəyanatı yalnız Rusiya verməyib.
– Ermənistan iştirak etsə, o zaman avtomatik Rusiya qoşulmayacaq müharibəyə?
Z.Əlizadə:
– Ermənistan onsuz da iştirak etməlidir, çünki ordusu oturub Qarabağda. Amma Azərbaycan ordusu Ermənistan ərazisinə girsə, o zaman Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtlərinin işə düşməsi üçün hüquqi zəmin yaranır. Amma Azərbaycan ordusu Ermənistan ərazisinə girməsə, bu zəmin yoxdur.
Misir inqilabı diktatorları şoka salmışdı
– Diktatorların psixologiyası ilə bağlı sual vermək istəyirəm. Onlar nəticə çıxarmağı bacarmırlar. Demokratlar bir-birlərinin səhvindən nəticə çıxarırlar, amma diktatorlar nədənsə belə etmirlər. Bunun səbəbi nədir? Hələ bu aqibəti yaşamayan diktatorlar hansı nəticələri çıxarmalıdırlar?
Z.Quliyev:
– Razı deyiləm ki, onlar heç bir hadisədən nəticə çıxarmırlar. Amma onlar demokratik ölkələrin yox, həmin diktatorların təcrübəsindən istifadə edirlər. Yəməndə əvvəllər proseslər nisbətən sakit formada gedirdi. Hətta prezident istefaya getməyə razı olduğunu bildirmişdi, dialoq da baş tutmuşdu. Amma sonradan görəndə ki, Liviyada Qəzzafi müqavimət göstərir, hakimiyyəti vermir, digər diktatorlar da düşündü ki, biz nəyə görə müqavimət göstərməyək. Əvvəl Misirdəki uğurlu inqilabdan sonra bütün diktatorlar şok halında idi. Hesab olunurdu ki, bu dalğa uğurla gedəcək. Çünki ən güclü diktator Hüsni Mübarək idi. Onun tab gətirməməsi və devrilməsi başqalarını şoka salmışdı. Lakin Liviyadakı hadisələrin uzanması Suriya və Yəməni həvəsləndirdi. Bu üzdən biz postsovet məkanında da görürük ki, diktatorlar görüşür və təcrübələrindən bəhrələnirlər. Ilham Əliyevin Lukaşenko ilə görüşməsi və pıçıldaşması, Putinlə görüşməsi buna misaldır. Burada müzakirələr həm daxili təzyiqlərə qarşı müqavimətin təşkil olunmasından, həm də demokratik təpkilərdən qurtarmaqdan gedir.
Seçki prosesində də postsovet məkanındakı diktatorlar bir-birinə dəstək verir. Azərbaycanda 2003-cü ildə Heydər Əliyevin fiziki və siyasi mövcudluğu bəlli olmayanda hakimiyyət dəyişikliyi baş verə bilərdi. Lakin biz gördük ki, Ruşaylo komandası ilə gəlib Bakıda oturdu. Diktatorların sona qədər müqavimət göstərməsinə əsas səbəb itirəcəkləri şeylərin çox olmasıdır. Onlar, hətta görürlər ki, baxmayaraq Mübarək hakimiyyətdən gedəndə ona bir sıra qarantiyalar verilmişdi, əksi baş verdi. Diktatorlar bilirlər ki, hakimiyyət dəyişikliyi baş verəndə bu zəmanətlərin hamısı qüvvədən düşür. Onların ailə üzvlərinin vəsaitləri yoxlanılır, törətdikləri cinayətlər ortaya çıxır. Diktatorlar bilirlər ki, həm tarixdə adlarını saxlaya, həm də məhkəmədən qaça bilməyəcəklər. Bütün despotik rejimlər korrupsiyaya uğrayan quruluşlardır və onların itirəcəkləri çox şey olur. Şəxsən prezident itirmir. Böyük bir komanda sona qədər müqavimət göstərir. Bəzi istisnalar olur ki, həmin şəxslərə siyasi ağıl imkan verir ki, vaxtında dayanıb, kənara çəkilsinlər.
Z.Əlizadə:
– Hüsnü Mübarək məhkəməyə müraciət etmək fikrindədir. Çünki onun adına çıxarılan milyardlarla pullar tapılmır.
Seymur Həzi,
Xəyal Şahinoğlu