Diktatorun millətini sevindirməsi

Mən bu sətirləri yazanda Yəmən diktatoru Ə.Saleh ölkəni tərk edərək qonşu Səudiyyə Ərəbistanına müalicəyə getmişdi. Insanlar onun gedişini bayram edirdilər. Onlar həm də ona görə sevinirdilər ki, prezidentlə bahəm ölkəsini baş nazir və təhlükəsizlik üzrə müşavir də tərk etmiş, bir diviziya komandiri isə etirazçıların tərəfinə keçmişdi. Ola bilsin, bu tək müalicə məsələsi və adi səfər deyildi, bəlkə Ə.Saleh özü üçün Səudiyyə Ərəbistanında yer etmək və ömrünün qalan hissəsini öz xalqından kənarda, Səudiyyə Ərəbistanında yaşamaq üçün getmişdi. Hər halda, insanlar sevinirdilər. 

Diktatorlar xalqları beləcə tez-tez sevindirsələr çox yaxşı olar. Məsəl var, deyirlər ki, insan bir başqa insanın pis gününə sevinməz. Amma bu diktatorlar milyonlarla insan həyatını pis günə salanlardır. Ona görə də istisnadırlar. Şükür ki, onlar artıq bu dünyada da istisnaya çevrilməkdədirlər, necə deyərlər, diktatorların artıq Yer üzündə nəsli kəsilmək üzrədir, bir Qırmızı Kitab da onlar üçün açmaq və qoruq təşkil etmək lazımdır. Gülməli olsa da, yadıma “Sehrli xalat” filmi və bir də sərgidəki kukla xan düşür! Məndə diktatorlara və diktaturalara qarşı nifrət, az qala patalogiyaya çevrilib, onlar haqqında hissiyyatsız, soyuqqanlı danışa və yaza bilmirəm. Onlar dünyanı bir kosmos kimi təsəvvür etmək və dünyanın harmoniyasını duymaq hissindən məhrum olurlar. Xüsusən bizim Şərqdə! Onlar özlərini dünya və bəşəriyyətlə vəhdətdə hiss edə bilmirlər, bu amillərin fövqündə görürlər özlərini! Mənə elə gəlir ki, əslində onlar doğulan andan xəstə olurlar, xəstə təxəyyülə malik olurlar, xəstəlik onlarla bahəm və sinxron böyüyür. Insanlar bir diktator hakimiyyətə gələndə və bir də gedən zaman sevinirlər. Diktatorla “siyasi izdivac” sevmədiyin adamla evlənmək kimi şeydir, gec-tez başa düşürsən ki, onu sevmirsən, ayrılmağa məcbur olursan. Bəlkə də mən onların portretini düzgün cıza bilmirəm. Amma bunu deməkdə məqsədim o deyil ki, onların böyüklüyünü təsdiq edim, yox, onlar çox primitiv və kiçik olurlar və gücləri ancaq ondadır ki, onlar üçün əxlaq və mənəviyyat sərhədləri, heç qanun məhdudiyyətləri olmur. Digər və fərqli üstün cəhətləri olmur. Çox nadir hallarda aralarında əsl böyük insanlara və sərkərdələrə təsadüf olunur, buna da daha çox keçmişdə rast gəlirsən, elə Isgəndər, Sezar və ya Napoleon kimi. 

Indi dünya böyük diktatorların zamanı deyil, böyük millətlərin, əslində böyük bəşəriyyətin dövrüdür… Onların yeri isə muzeylərdir, lap elə “Sehrli xalat” filmində olduğu kimi. Ya da ki, qonşu Səudiyyə Ərəbistanı. Qoy, toplaşsınlar ora, onlarla nə etmək lazım oluğunu ərəblər yaxşı bilirlər. Inşallah, ərəb baharı öz rahiyəsini Səudiyyə Ərəbistanı tərəfə də yayar… Inşallah!

Rusların əbədi problemi

Millətlər var ki, nə istədiklərini bilirlər, amma gücləri yoxdur, bacarmırlar və millətlər də var ki, sadəcə, nə etmək istədiklərini bilmirlər. Ruslar məhz elə sonuncular sırasındadırlar. Bir nəfər gözəl demişdi: bu millət özü və başqa millətlər üçün daim problem yaradır və onları həll etməyə çalışır!.. Indilər bu millət sovet dövründə olduğu kimi beşillik planları bərpa etmək istəyir. Bu detala diqqət çəkən mütəxəssislər deyir ki, mərəz elə köhnə mərəzdir, yenə də qərbçi liberallarla mühafizəkar dövlətçilər arasında mübarizə gedir. Bəli, bəlkə də belədir. Mənə elə gəlir ki, ruslar nə qədər ki, sağlam təfəkkürə və sistemə qərbçi deyəcəklər, onlar heç nəyə nail ola bilməyəcəklər. Çinlilər də çox vurnuxdular, amma bir gün qərara gəldilər ki, toyuğun hansı rəngdə və formada olmasının, necə adlanmasının mənası yoxdur, əsas odur ki, o, hər gün yumurta versin! Indi bu yolla gedirlər. Ruslarsa axtarır və axtarırlar və məlum deyil ki, nə vaxtsa tapacaqlarmı?! Özləri də bilmirlər ki, bu yol onları hara aparır. Iki yüz, bəlkə də üç yüz ildir ki, “slavyanofillik” deyib, durublar. Özləri də görmürlər ki, slavyanlar bunları sevmir. Mən, hətta çexləri, yaxud  polyakları demirəm, hətta ukraynalılar bunlar getdiyi yolu getmək istəmirlər