Bizdən “Ölməz Kaşşey” olmaq tələb olunurmuş

Belə başa düşürəm ki, artıq bizdən çox şey tələb olunmur. Olsa-olsa, “Ölməz Kaşşey” olmaq tələb olunur, vəssalam!Tələsməyin, niyəsini də anladacam. 

***

Bizim kral həzrətləri bir Sovet şairinin məşhur “Hər kim yüz il yaşamasa günah onun özündədir” misralarını ciddi-ciddi qafasına takmış olmalıdır ki, əvvəlcə çıxıb Qarabağ məsələsinin 100 il sonra da həll oluna biləcəyini dedi, dünən isə eynən belə söylədi: “Azərbaycan qazı bizə 100 il bəs edər”.

***

Bəli, bundan sonra hər kim yüz il yaşamasa, heç  o yanı, bu yanı yoxdur, günah yüz faiz onun özündədir. Siz bu ölkədə neftin, qazın tükənəcəyini, beləcə, bu başıbəlalı məmləkət üzərində enerji oyunlarının bitəcəyini, hakimiyyət bazarlıqlarına nöqtə qoyulacağını, nəhayət ki, Azərbaycan xalqının demokratiya mübarizəsinə də dəstək veriləcəyini görmək istəyirsinizsə, başqa yolu yoxdur, 100 il yaşamalısınız. Yaşamasanız özünüzdən küsün. 

Ya da könlünüzdən Xankəndində Azərbaycan bayrağının dalğalandığını görməkmi keçir? Cıdır düzündə “Yallı” getməkmi arzusundasınız? Isa bulağında kabab çəkməkmi istəyirsiniz? Növbəti Yeni ili Şuşadamı qarşılamaqmı var xəyallarınızda? Onda zəhmət çəkin 100 il yaşayın. Daşı başa vurun, başı daşa vurun, ölməyin. Cavanlıq iksiri tapın. Neyləyirsiniz eləyin, 100 il yaşamağı bacarın.

Ət yeyərkən, məsələn. Mütləq 120 dərəcədə bişirin. Unutmayın, 120 dərəcədə! Əks halda ətdə kansoregen maddə yaranır. Sağlamlıq üçün təhlükəlidir. Nəzərə alın ki, siz hələ 100 il yaşamalı, Laçın bulaqlarının başında da kabab yeməlisiniz.

Çoxlu şokolad yeyin. Qocalma prosesini yavaşıdır. Çiyələyi də unutmayın. Infarkt riskini azaldır. Vərəmdən ölmək təhlükəsi varsa, daha nə etməli, çoxlu turp yeyin. Anlayacağınız, bu gözəl yurdumuzda qaz qurtaranadək sizin öz “qaz”ınızın qurtarmaması vacib şərtdir. 

Çalışın, Ramiz Rövşəni az oxuyun, iki sözündən biri “ölüm”dü. Dəlinin yadına daş salmaqdı. Əvəzində 2003-cü ili tez-tez xatırlayın. Əmin olun ki, ölməmək sizin öz əlinizdədir. Və unutmayın ki, bizdə insanlar tale yazısına görə yox, rəsmi açıqlamaya görə dünyasını dəyişirlər. Rəsmi açıqlama olmayanadək kim nə deyir desin, boş şeydi, siz sağ-salamat varsınız, top kimisiniz. Ölkəmizdə yaxşı oğullar var, uşaqlarınıza deyin, bunu necə etdiklərini onlardan öyrənsinlər.

 ***

Yox, əgər olmadı elə oldu belə, günlərin birində həqiqətən Əzrayılın sinənizə çökdüyünü anladınız, qaçacaq yerinizin olmadığını, ömrünüzü balalarınıza bağışlamağın zamanı gəldiyini, 100 il sonraya heç şansınızın qalmadığını gördünüz, yenə ruhdan düşməyin. Unutmayın ki, onsuz da ümid sizdən sonra ölür. Özünüzü toparlayın, son nəfəsdə Tanrıya yalvarın ki, 100 il sonra Şeyx Nəsrullah yenə peyda olsun.

Dayanın! Hara ölürsünüz? Hələ bitmədi. Tanrıdan Şeyx Nəsrullahın 100 il sonra yenə peyda olmasını diləmək azdı, Tanrıya yalvarın ki, heç olmasa bu dəfə hörmətli Şeyxdə ölüdiriltmək işi alınsın.  
***

Hələ bu harasıdır, mən hətta indidən illər sonra insanlarımız arasında gedəcək dialoqları da aydın təsəvvür edə bilirəm. – Nə qədər qaldı?

– Şüşənin dibindəmi? Narahat olma, hələ adama “yüz-yüz” də süzə bilərik.- Onu demirəm. 100-ə nə qaldı?

– Az qaldı.

– Az, yəni nə qədər?

– 35 il.

– Az dediyin budurmu? Məni məzur tut, artıq o qədərə heyim yoxdu. – Bura qədər gəlib bundan sonra ölmək də kişilikdən deyil, amma yenə özün bilən məsləhətdi. 

***

Və sonda: az qala unudacaqdım, yaxın günlərdə gözəl dostum və sadiq oxucum Firidun bəyin 50 yaşı tamam olur. Bəxtəvər başına, bəy, 50-ni aşırdın, 100-ə nə qaldı?