Statistika komitəsindən yayılan bilgiyə görə, bir ildə – 2010-cu ildə Azərbaycanda 17 minədək uşaq nikahdanqıraq doğulub. Əliyevçi hakimiyyət dönəminin daha bir ağrılı, Azərbaycan üçün anormal statistikası! Görəsən, başqalarının (daha doğrusu, onların özlərinin) pullarını saymağı “milli mentalitetə zidd” sayan heydərizm yetkililəri bu yerdə niyə susurlar? Hakimiyyətdəkilərin oğurluq pullarını saymaq bütün sivil dünyada qanunauyğun görsənişlərdən sayılır. Milli mentalitet faktoru bu yerdə bütünlüklə yersizdir. Burada konstitusiya hüququ, dövlət qanunları keçərlidir!
Azərbaycan kimi bir ölkədə bir ildə 17 minədək uşaq nikahsız – qanundanqıraq doğulursa, sözsüz, milli mentalitet faktoru önə çəkilməklə, bu yöndə yubanmadan gərəkən işlər görülməlidir. Milli mentalitet faktoru niyə önə çəkilməlidir? Azərbaycanda nikahsız – qanundanqıraq uşaq doğulması faktı milli mentalitet faktoru ilə bir araya sığmadığına, bunların ikisinin bir yerdə legitim sayılmamasına, legitimlik qazana bilməməsinə görə. Bizdə bunu yeniyetmə-yaşlı, qız-oğlan hamı bilir. Hamı, başlıcası da qız-oğlan, nikahsız doğuş sonrası ellik qınaqla qarşılanmanın qaçılmaz olduğunu gözəl bilir. Belədə, az qala ellik xarakter alan, böyük çoxluğa çevrilən nikahsız-qanunsuz faktı nə deməkdir? Sözsüz, hansısa dəyərlərin itirilməsi, hansısa problemlər.
Rüşvətin, korrupsiyanın uzun illər (ən azı 18 il!) DÖVLƏT SIYASƏTINƏ çevrildiyi bir ölkədə ayrıca olaraq hansısa dəyərlərin itirilməsindən danışmaq yersizdir. Burada milli mentalitet faktorunun deformasiyaya uğradılması, min illər boyu milləti qoruma faktoru olaraq ortaya çıxan milli dəyərlərin aşındırılması faktının özü DÖVLƏT SIYASƏTI olaraq dəyərləndirilməlidir. Başqa cür desək, legitimlikdən uzaq, qanunsuz hakimiyyəti uzun illər qoruyub saxlamaq üçün milli dəyərlər planlı olaraq aşındırılır, milli mentalitet ölçüləri dəyişdirilərək başqa axara – yolsuzluq axarına yönəldilir. Ən aşağıdan ən yüksəyədək rüşvətə bürünmüş məktəb (gerçəkdə antiməktəb!), eləcə də bütünlüklə antimilli, antidemokratik rejim kurasiyasında olan televiziyalar bu işdə aparıcı rol oynayır. Beləliklə, ortaya milləti qoruma strategiyası yerinə, özümlü bir milli varlıq olaraq, milləti qırma-yoxetmə strategiyası çıxır.
Bu gün bizdə praktik olaraq gəncliyə perspektivsizlik atmosferi yaradılır: pulun yoxdursa, gələcəyin yoxdur; istədiyin yerdə, istədiyin kimi oxuya bilməyəcəksən, iş tapa bilməyəcəksən, ev ala bilməyəcəksən – demək, qanunla, legitim yolla evlənə bilməyəcəksən. Belədə sənin qarşında iki yol durur: perspektivsizliyə boyun əyərək özünü öldürmək, qanunsuz yollara baş vurmaq. Bax, buna görə bu gün Azərbaycanda çoxlu sayda gənc özünü öldürür, çoxlu sayda gənc qanunsuz yollara baş vurur. Bu gün Azərbaycanda xalqın yüzdə doxsanı problemlər içində üzülür, bununla belə ölkədəki bahalığa baxın. Bu gün Azərbaycanda evlər xalqın yüzdə doxsanının yüksək yaşayış, yüksək dolanışıq yiyəsi olduğu Avropadakından qat-qat bahadır. Niyə belədir? Əliyevçi monopoliya sisteminə, ölkədəki bütün başlıca gəlirlərə bir ovuc adamın yiyələnməsinə görə!
Indiki status-kvo qaldıqca ölkə yolsuzluq yolunda olacaq. Bu status-kvonun dəyişməz qalması üçün rejim ara qarışdırmaqla, sosial, siyasi qurumlar, qruplar arasında düşmənçilik yaratmaqla xalqın milli birliyə gəlməsinə yol vermir. Rusiyanın Qafqazı tutmasından sonra Azərbaycan çox böyük milli problemlərlə üzləşmiş bir ölkədir. Bu problemlərin ən başlıcası Rusiyanın Azərbaycanı dönə-dönə bölüb-parçalaması faktıdır. Bu fakt bizim başlıca milli ideyamıza çevrilərək böyük milli barışıq, böyük milli birlik rolunu oynaya bilər. Biz bu başlıca, hamımız üçün ortaq milli ideyadan yararlanmaqla ölkəmizə böyük, uğurlu gələcək yarada bilərik.