“Qapalı rejimlərin kabusu Facebookdur”

O, Facebooku oliqarxlara  qarşı çevirməyə çağırır

 

“Yaramaz monopoliyaçıların məhsullarını almayın!”

 

 


Ayəndə Mürsəliyeva

 

Son zamanlar FB sosial şəbəkəsində, fəal gənclərin Azərbaycanda monopoliyaya qarşı mübarizə kampaniyasına başlaması diqqətimizi çəkdi. Bu kampaniya ilk olaraq banan və xurma monopoliyasını diqqətə çəkdi və Facebooklulara bu monopoliya idxal məhsullarından imtina etmək təlqin edildi. Kampaniyada daha çox fəallıq göstərən Asif Yusifli adlı internet istifadəçisidir. A.Yusifli söyləyir ki, bu məhsullar insanlar üçün həyatı əhəmiyyət kəsb eləmir, ona görə də ilk olaraq bu kampaniyada banan və xurma  monopoliyası hədəf götürülüb. Doğrudan da bir faktdır ki, Azərbaycanda bu məhsullar başqa ölkələrlə müqayisədə qat-qat baha satılır. Sitrusun monopoliya altında olması şübhəsizdir. A. Yusifli deyir ki, kampaniya iki həftədən artıqdır ki, başlayıb və sosial şəbəkədə buna xeyli dəstək müşahidə olunur. Onlar növbəti addım kimi məmur inhisarında olan meyvə şirələri, şəkər, şəkər tozu, siqaret, restoran və şadlıq evləri monopoliyasına qarşı kampaniya aparacaqlar. A.Yusiflinin fikrincə, bu kampaniya ilə məmurların inhisarında olan bu malların qiymətində ucuzlaşmaya nail olsalar, bu, oliqarx məmurlar üçün böyük zərbə olar. Həm də və ən başlıcası, əhalinin xeyrinədir. Asif Yusiflinin FB-da fəallığını nəzərə alıb, onu bu antimonopoliya proyekti daxilində oxuculara təqdim etmək fikrindəyik.


– Facebookda göstərdiyin real addirmi? Real olmayan proflillərə münasibətin.
– Bəli, öz adımdır. Mənim bir profilim var, başqa profilə ehtiyac duymuram. Real olmayan profilləri iki qrupa bölərdim. Birinci, təzyiqlərdən çəkinərək başqa adla yazanlar, bir də hakimiyyətin ştatlı mirzələri. İkinciyə münasibətim daha mənfidir.

Qarabağ müharibəsi veteranı, vəkil, virtual hücumçu…

– Özünü necə təqdim edərdin?
– 1974-cü ildə İmişli rayonu Sərxanlı kəndində anadan olmuşam. 1991-ci ildə Bakı şəhərindəki 39 saylı məktəbi bitirmişəm. 1992-1993-cü illərdə xüsusi təyinatlı batalyonun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm, 2-ci qrup Qarabağ əliliyəm. 1998-ci ildə Baki Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. 14 yaşımdan hərakata qoşulmuşam, 1995-ci ildən AXCP-nin üzvüyəm. Partiyada müxtəlif vəzifələr tutmuşam, 2004-cü ildən AXCP sədrinin müşaviriyəm. Hazırda vəkillik fəaliyyəti ilə məşğulam.

– Facebook sənin üçün çoxmu önəmli bir nəsnədir? Onun dəyərini nədə görürsən?
– Facebook, eləcə də başqa sosial şəbəkələr çağdaş dünyada ünsiyyət üçün, fikirlərini paylaşmaq üçün misilsiz vasitədir. Lenin qəzet haqda deyib ki, qəzet kütləvi təşviqatçı, kütləvi təbliğatçı və kütləvi təşkilatçıdır. Facebook bundan da daha çox dəyərə malikdir. Çünki, facebookda müzakirə açmaq, informasiya mübadiləsi etmək və yazılanları dərhal cavablamaq mümkündür. Bu baxımdan FB-un rolu əvəzsizdir. Mən Facebooku internaktiv mediya olaraq dəyərləndirirəm.

“Qorxmayın, bu, xeyirli zərərdir”

-Hansı sosial şəbəkələrə daha çox üz tutursan? Onların zərərindən ehtiyatlanırsanmı? Və onların sənə bir xeyir gətirəcəyini ehtimal edirsənmi?
-Əsasən, Facebook. Əlavə, Tvitterdə də varam. Məncə, sosial şəbəkələrin zərəri barədə danışmaq diktatura rejimlərinə xas xüsusiyyətdir. Çünki gerilikçi rejimlər bütün zamanlarda mütərəqqi yenilyin əlehinə çıxırlar. Amma həmişə də sonda məğlubiyyət acısını dadmalı olurlar. Sosial şəbəkələrin xeyri isə daha çoxdur. Facebook və sair şəbəkələrdə zərər axtaranları bu zərəri dadmağa çağırıram. Bu, xeyirli zərərdir.

“Mənim Facebook dostlarım vicdan məhbusları siyahısındadırlar”

– Facebookda fəaliyyətinizi siyasi fəaliyyət sanırsanmı?
– İxtisasca hüquqşünaslığım daha çox siyasətə bağlanmağım üçün əlavə stimul yaradıb. Özümü siyasətdən kənarda görmürəm, siyasəti xalqa xidmətin ən doğru yolu bilirəm. Facebook da siyasi fikirləri bölüşmək, tərəfdaşlar və əqidə dostlarınla ünsiyyət üçün çox geniş imkanlar yaradır. Çalışıram ki, virtual aləmdə mövcudluğumun daha əhəmiyyətli səbəbi siyasətlə bağlı olsun. Facebookda paylaşdığım fikirlər əsasən, siyasi yönümlüdür.

– Facebookda qazandığın dostlardan razısanmı?
– Xeyli sayda insanla facebookda tanış olmuşam, bəziləri ilə bu münasibət sonradan dostluq münasibətinə çevrilib. Məsələn, Məcid Mərcanlı, Taleh Məmmədov, Elnur Məcidlini misal göstərə bilərəm. Dostlarımdan narazılığım yoxdur. Vicdan məhbuslarının sırasında olanlardan daha birini xüsusi olaraq qeyd edirəm: mən Cabbar Savalanlı ilə də Facebook vasitəsilə dostlaşdım.

“Yaramaz oliqarxlar addımbaşı ictimai qınaqla rastlaşmalıdırlar”

–  Son günlər Facebookda, sizin daha çox ciddi müzakirələrinizin şahidi oluruq. Sosial şəbəkələrdə apardığın kampaniyalar nə ilə bağlıdır?
– Bəli, biz ciddi siyasi müzakrələrə və kompaniyalara start vermişik. Və bu kompaniyaları davamlı aparmaq fikrindəyik. Son günlər dostlarımla bərabər inhisarlar əlehinə boykot kampaniyası aparırıq. İlkin olaraq, vətəndaşları Bəylər Əyyubovun inhisarında olan banan və sair sitrus meyvələrini almamağa çağırmışıq. Facebookda verilən təkliflər əsasında, “Jalə” şirələrini də boykot kompaniyasına da başlayırıq. Sitrusun boykotu mayın sonuna kimi davam etdi. “Jalə” şirələrinin boykotu isə yay mövsümunun sonuna qədər davam edəcək. Həmçinin növbə ilə Ziya Məmmədovun gətirməyi planlaşdırdığı London taksilərini, Ramil Usubovun və Yavər Camalovun inhisarında olan şadlıq evləri şəbəkəsini, monopoliyaların  ədalətsiz inhisarında olan qənd-çay məhsullarını, “Kaspian Tobaqo”nun tütün məmulatlarının da boykotunu nəzərdə tuturuq. Burda ilk məqsəd bahalaşmanın aradan qaldırılması və azad sahibkarlığın inkişafına nail olmaqdır. Bundan əlavə, dövət orqanlarına, ölkə rəhbərliyinə ərizə və şikayətlərin ötürülməsi kampaniyası aparırıq. Serbiyada diktator Miloşeviçə vətəndaşlar o qədər məktublar göndərmişdi ki, fəhlələr əllərindəki bellə həmin oxunmamış məktubları yük maşınlarına yükləyirdilər.

– Sizcə, facebook müzakirələrini ictimai rəyə təsir baxımındam ənənəvi KİV-ə çoxmu uduzur? Umumiyyətlə uduzurmu?
– Məncə, facebook ictimai rəyin mühüm elementinə çevrilib. Ənənəvi KİV hər gün daha çox mövqeyi facebooka güzəştə getməkdədir. Yəni facebookun inkişaf sürəti daha artıqdır. KİV-in inkişafında bu sürət müşahidə olunmur. Təbii, bunun obyektiv səbəbi var: Azərbaycanda mətbuat azadlığı o qədər məhdudlaşdırılıb ki, onun nəinki inkişafı, hətta mövcudluğu belə sual altında görünür.

“İnternet avtoritarizmə müxalifətdədir”

– Sən necə düşünürsən, Facebook inqilablar üçün şərait yaradırmı?
– Başlıcası budur ki, avtoritar ölkələrdə facebook siyasi proseslərin əsas təşkilatçılarından biridir. Ərəb ölkələrində, o cümlədən bütün qapalı rejimlərdə facebook kabusa çevrilib. Amma hələ virtual mübarizə vasitələrinin daxil olmadığı ölkələr də var. Azadlıqların müqayisəsini həmin ölkələrlə aparmaq olar. Məsələn, Türkmənistan. Bu ölkədə insanlar FB-un nə olduğunu bilmirlər. Amma son inqilablara təsadüfən “internet inqilabları” deyilmir. İnternet avtoritarizmə mahiyyətcə müxalif texniki vasitədir.

– Son zamanlar facebook hesablarının ələ keçirilməsi ilə də rastlaşırıq, sizin fikrinizcə nəylə bağlıdır?
– Bu hücumlar inqilab hədəsindən qorxmuş hakimiyyətin sivil cəmiyyətə qarşı təxribatlarından biridir. Bu  təxribatçı hücumlarda şəhid Mübariz İbrahimovun şəkillərindən istifadə edilməsi isə, təbii ki, riyakarlıqıdır və yaramazlıqdır.

– Facebook idarəçiliyi sizin əlinizdə olsaydı hansı dəyişikliklər edərdiniz?
– Görünür, bir çox problemlər var ki, onları həll etmək texnoloji çətinliklərlə bağlıdır. Yoxsa, bu məsələlər həllini tapardı. Məsələn, Facebook-un mobil telefonlara birbaşa və pulsuz çıxışı çox mühümdür.

– Son zamanlar Tvitter şəbəkəsinə axın var. Sən necə fikirləşirsən, Tvitter facebooku üstələyə bilərmi?
– Məncə, facebookun Tvitterle müqayisədə imkanları daha genişdir. Tvitter nə qədər geniş yayılsa da, yaxın illərdə facebook birinciliyin qoruyub saxlayacaq.