Narkoloji Dispanserin baş həkiminə cinayət işi açıldı

Könül Vəliyevanın “qələmini qıran” hansı səbəblərdir?

 

Respublika Narkoloji Dispanserinin baş həkimi Könül Vəliyeva haqqında Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsində cinayət işi başlanıb.
Dünən günün birinci yarısında bu xəbər müxtəlif mənbələr vasitəsilə yayıldı. Sözügedən məlumatlardan belə aydın olurdu ki, baş həkim elə öz işçilərinin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub. Məsələn, “qafqazinfo”nun xəbərinə görə, dispanserin bir qrup həkimi orada baş verənlər barədə səhiyyə nazirinə, baş prokurora və dövlət başçısına müraciət edib. Nəticədə də Korrupsiyaya Qarşı Mübarizə Idarəsində Könül Vəliyevanın əməllərilə əlaqədar cinayət işi başlayıb.
Dünən axşam saatlarında isə prokurorluq Narkoloji Dispanser ətrafında baş verənlərlə bağlı rəsmi açıqlama yaydı. Açıqlamada da təsdiqlənir ki, Könül Vəliyeva elə öz işçisinin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub.
“Respublika Narkoloji Dispanserinin həkimi Elgiz Mustafazadənin Baş prokuror yanında Korrupsiayaya Qarşı Mübarizə Idarəsinin ”161″ nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə 5 may 2011-ci ildə cinayət işi başlanıb.
Istintaqla müəyyən edilib ki, 2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi Könül Vəliyeva həkim Rumziyyə Maçanovanın vasitəsilə qanunsuz olaraq hər ay dispanserin həkimlərindən 150-200 manat məbləğində pul tələb edərək alıb, həmin məbləği verməyən həkimləri isə işdən azad etməklə hədələyib. Bundan başqa, Könül Vəliyeva xəstələrə pulsuz verilməli olan dərman preparatlarının xəstələrə verilməsini təmin etməyib və s. qanunsuzluqlara yol verib.
Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir”, – deyə prokurorluğun açıqlamasında qeyd olunub.
Dünən Narkoloji Dispanserdən də təsdiqləyiblər ki, təkcə bir yox, bir neçə həkim Könül Vəliyevadan şikayətçi olub. Həmçinin qeyd olunub ki, baş həkim dünən günorta saat 15.00 radələrinə qədər iş yerində olub.
Azərbaycanda bütün sahələrin korrupsiya bataqlığında boğulduğunu və korrupsiya əməliyyatlarının ən yüksək səviyyələrdə həyata keçirildiyini nəzərə alsaq, Könül Vəliyevanın rüşvətlə əlaqədar cinayət məsuliyyətinə cəlb olunması istər-istəməz bir sıra suallar yaradır. Versiyalardan biri budur ki, “korrupsiyaya qarşı mübarizə” şousu çərçivəsində indiyə qədər yalnız xırda fiqurları qurban verən hökumət görüntü xatirinə miqyası bir qədər böyütmək qərarına gəlib.
Bununla belə, dünən bu mövzu ilə əlaqədar araşdırma apararkən xeyli maraqlı məlumatlar öyrəndik. Məlum oldu ki, Könül Vəliyeva 2006-cı ildə bu vəzifəyə Araz Həziquliyevin yerinə təyin olunub. Yəni, həmin vaxt Həziquliyev baş həkim vəzifəsindən kənarlaşdırılıb, amma o, sıravi həkim kimi də dispanserdə qalmaq istəməyib. Həziquliyevin hakimiyyət daxilindəki səlahiyyət sahiblərilə yaxşı əlaqələrinin olduğunu bildirən mənbənin sözlərinə görə, təsadüfi deyil ki, o, vəzifədən uzaqlaşdırılandan sonra paytaxtın 7-ci mikrorayon ərazisində özəl klinika açıb.
Məsələ burasındadır ki, Həziquliyevlə Könül Vəliyeva arasında da vəziyyət son dərəcə gərgin olub. Araz Həziquliyev müəyyən dairələrdə Könül Vəliyevanın əleyhinə kampaniya aparırmış.
Həziquliyevin hökumət daxilində dəstəyini təsdiqləyən göstəricilərdən biri də onun Narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət səviyyəsində yaradılmış Işçi Qrupa rəhbər təyin edilməsidir.

 

İnformasiya şöbəsi