Danışmaq, yoxsa ağlamaq…

Bayıl qəsəbəsində minədək adamı evlərindən zorla çıxarırlar. Nə məhkəmə qərarı var, nə ədalətli kompensasiya… Bunlarsız camaatı hədələyib qovurlar. Insanların mülkiyyət hüququna açıq-aşkar qəsd olunur. Orada zülmlə, polis gücü ilə qovulan, evləri başlarına uçurulan adamların bir videosuna baxdım dünən. Belə şeyləri biz uşaq olanda vəhşi kapitalizmə aid filmlərdə, kitablarda görər, oxuyardıq. Adamlar evlərinin sökülməsinə ağlamaqla reaksiya verirlər. Bunlar dəhşətdir, ürəkparçalayandır, eləmi?

Sizi üzmək fikrindəyəm, daha dəhşətli hadisəni nəql etməklə…

Keçən cümə redaksiyadan məni Bayıla – evləri hələ ki, sökülməyən, ancaq sökülmənin astanasında olan adamlardan reportaj hazırlamağa göndərmişdilər. Getdim. Insanları gördüm, dərdlərini dinlədim. Onlar repressiya olunur, bu, şəksiz belədir. Lakin o adamların susqunluğu, başlarına gətirilənlərə qarşı qorxaqcasına ehtiyatlılığı adamı lap dəli edir. Az qala, yüz adam mənə dərdini danışdı, şikayətləndi. “Yazın, yazın bu rəzilliyi, ifşa edin” dedi. Ancaq o adamlar heç biri öz adlarının qəzetdə çəkilməsinə razı olmadı. Nə qəribə haldır…

Adətən azərbaycanlılar haqqında deyirdilər ki, “onlarda sosial məsuliyyət yoxdur, ictimai proseslərə biganədilər, ancaq öz çəpərləri daxilində baş verənlərə qarşı dözümsüz fəaldılar”. Bəs hanı? Evini sökürlər, adam susur, uzaqbaşı ağlayır. Bu adamlar yəqin düşünür ki, Həzrəti Xızır öz qoşunu ilə zühur edib, onların əvəzindən müsahibə verməli, piket keçirməli və evlərinin üzərindəki qara buludları qovmalıdır. Ay-hay…

Bayıldakı reportajdan bir gün sonra həmin rayonda Ictimai Palatanın təsis konfransındaydım. Yüzdən artıq rayon fəalı, müxalifətçilər təşkilatlanmanın yeni mərhələsinə girirdilər. Onların çıxışlarını dinlədim. Fərəhləndim. Nə yaxşı belə insanlarımız da var. Nə yaxşı, dərdini ürəyi ilə danışanlarımızdan fərqli olanlarımız var. Bu insanlar təkcə öz dərdlərini yox, hər birimizin problemini uca səslə deyir. Xalqın başına əngəl olanları adbaad tənqid edir, onların dəyişməsinin vacibliyini vurğulayırlar. Bu adamlar da olmasa, Azərbaycanın nə dadı olardı, nə duzu. Xilas danışa bilənlərimizdədir, dərdinə bükülüb ağlayanlarda yox… Hamımız öz adımızla, ad çəkərək danışmağı bacarmalıyıq. Danışmağı da bacarmırıqsa, evimizin başımıza uçmasına nalə çəkmək də ayıbdır.

Pərvizin qələbəsi

Pərviz Cəbrayıl “Yad dildə” romanı ilə Milli Kitab Mükafatı müsabiqəsində birinci oldu. Pərvizin qələbəsi məni çox sevindirdi. Müsabiqəni izləyən dostlarımızın çoxunda bir nigaranlıq var. “Yad dildə”nin birinci olacağı şübhə doğururdu, ancaq bu birincilik haqqı tanınacaqdı deyə, hər kəs əndişədəydi. Tanındı. Bunu cılız hisslərinə tabe olub həzz etməyənlər olsa da, artıq “Yad dildə” birincidir. Pərvizin yorulmadan və vicdanla çalışması öz bəhrəsini verdi. Pərvizin qələbəsi mənə ona görə şirin gəlir ki, bu qələbə oyunbazlığın nəticəsi deyil. Müəllifə oxuculardan bir köynək yaxın biri kimi onun ictimai mövqeyi sağlam və vicdanlı bir şəxs olduğunu uca səslə deyə bilərəm. Əlbəttə, qələbəni “Yad dildə” qazanıb, Pərvizin şəxsiyyəti yox. “Yad dildə” isə artıq ədəbiyyat faktıdır. Onunla hesablaşmaq məcburiyyətindəsiniz. Oxuyun, “Yad dildə” sizə doğma gələcək.