Onlar şirkətlə bağladıqları müqavilələri və məcburi məzuniyyətin ləğvini tələb edirlər
Qazaxda 80 nəfər aclıq aksiyasına başlayıb. Aclıq edənlər “Akkord” şirkətinin işçiləridir. Aksiya sement zavodunun həyətində keçirilir. Bu barədə “Azadlıq”a məlumatı aksiya iştirakçılarından Şöhrət Məmmədzadə verib.
Onun sözlərinə görə, aksiyaya səbəb “Akkord”un onları məcburi məzuniyyətə göndərməsi və şirkətlə fəhlələr arasında bağlanan müqavilələrin gizlədilməsidir: “Müqaviləni bizə bildirmirlər. Bizimlə gizli müqavilə bağlamışdılar, indi də başımıza bu oyunu açırlar. Biz şirkət rəhbərliyindən tələb etdik ki, imza atdığımız müqavilələr bizə təqdim olunsun. Lakin boyun qaçırdılar. Bu gün (dünən-red) səhər saatlarında isə bəlli olub ki, 80 nəfər işçi iki aylığa öz hesablarına məzuniyyətə buraxılıb”.
Şöhrət Məmmədzadə deyib ki, onların şirkətlə bağlanan müqavilələri və məzuniyyətin ləğv edilməsini tələb edirlər. O, həmçinin əlavə edib ki, səhər saatlarından aksiyaya başlasalar da, tibbi personal onlara baş çəkməyib. “Tələblərimiz yerinə yetirilənə qədər aksiyanı davam etdirəcəyik”, – deyə Şöhrət Məmmədzadə bildirib.
İnformasiya şöbəsi