11 ayın yeni sultanı

Təyinatlı deputat, iqtisadçı Əli Məsimlinin Azərbaycan büdcəsinin Ermənistan və Gürcüstanın birgə büdcəsindən üç dəfə çox olması barədə bəlağətli açıqlamasını heyrətlər içində oxudum. Kitabında, 80 faizi neft pullarının ümidinə qalmış bir büdcəni tərifləmək, bundan yola çıxaraq hakimiyyətin əl-üzünü yumaq yazılmış bir iqtisadçıya iqtisadçı demək çətin məsələdir, adamın ağzı əyilə bilər.

Əvvəla, bu gün Azərbaycan büdcəsi Ermənistanla Gürcüstanın birgə büdcəsindən üç dəfə çoxdursa, bu, əlbəttə, rejimin xidməti deyil. Bu, o iki ölkədən fərqli olaraq, bu məmləkətə nefti, qazı lütf etmiş təbiətin xidmətidir.

Ikincisi, məsələ çoxlu pullara sahib olmaqda da deyil. Məsələ, təbiətin lütfü olan neftdən, qazdan gələn o çoxlu pulları ədalətlə bölüşdürməkdədir. Neftin, qazın tükənəcəyi günlərə indidən tədarük görməkdədir, o pulları Dubayda, Mayamidə villalar almağa yox, 1 milyona mahnı almağa yox, 3 milyona qotur fransız atı almağa yox, bahalı eşşəklər, bənövşəyi taksilər almağa yox, fabriklər tikməyə, zavodlar açmağa yönəltməkdədir. O pullardan gələcək nəsillər üçün də saxlaya bilməkdədir. Üçüncüsü, Azərbaycanın büdcəsi Ermənistanla Gürcüstanın birgə büdcəsindən üç dəfə çox ola bilər, amma siz orasını deyin görək, Azərbaycan büdcəsindən oğurlanan pullar Ermənistanla Gürcüstanın birgə büdcəsindən neçə dəfə çoxdur bəs?

Büdcənin 20 faizini işğal edəndən niyə danışan yoxdur?

Bu yaxınlarda iqtisadçı Qubad Ibadoğlu 2010-cu ilin büdcə xərcləmələri ilə bağlı dəhşətli bir faktın üstünü açmışdı. Keçənlərdə həmkarlarım həmin mövzuda qələm çalıblar, amma bu, o qədər əhəmiyyətli məsələdir ki, diqqətdə saxlamağa, üzərinə dönə-dönə qayıtmağa, hesab istəməyə daim ehtiyac var. Mən bu mövzunu gündəmdən düşməyə imkan verməməyin tərəfdarıyam.

Söhbət nədən gedir? Qubad bəyin açıqlamalarından məlum olurdu ki, bunlar keçən ilin ilk ayından 11-ci ayınadək büdcədən hər ay 700-800 milyon manat xərcləyiblər, yalnız bir dəfə – mayda həmin rəqəm 1 milyarda çatıb. Amma nə sirri-xudadırsa, 12-ci ayda – yəni, dekabrda həmin göstərici birdən-birə 3 milyard manatı belə, vurub keçib. Bunun səbəbi üzərində baş sındırmağa dəyməz. Baxıb görüblər ki, ilin sonunda büdcədə kalan pul qalıb, qazanı dibindən qaşımağa qərar veriblər, müxtəlif adlarla həmin pulun başına daş salıblar. Ermənistanın ötənilki büdcəsinin bütünlükdə 2,5 milyard manat olduğunu nəzərə alsaq, belə məlum olur ki, yaptokratlar bir il ərzində bütün Ermənistanın qarnını doyurmağa bəs eləmiş pulu büdcədən bircə aya oğurlayıblar. Anlayacağınız bunların öz dini var – Korrupsiya dini. Bunların dinində 11 ayın sultanı da dekabrdır.

Ən əsası, indi mən soruşuram: Əli Məsimli vicdanlı iqtisadçıdırsa, bu boyda həngamədən niyə danışmır? Bu dövləti cinayətə niyə susur? Başqa vaxt urapatriotlar, saxta, geydirmə vətənpərvərlər Ermənistana “namərd qonşularımız” deyib, yeri-yerindən oynadırlar. Etiraz etmirik, nə də olmasa, 20 faiz torpağımızı oğurlayıblar. Bəs bir ayda bir illik büdcəmizin 20 faizini oğurlayanlara niyə heç nə demirlər? Buna görə niyə tumanlarını başlarına geyinmirlər?

Neft satıb, inək alanlar ölkəsi

Təbiət bizə qarşı çox lütfkar davranıb. Söhbət yalnız neftdən, qazdan da getmir. Bol günəşli günlər bəxş edib bizə. Bərəkətli torpaqların üzərində yaşamaq imkanı yaradıb.

Amma nə yazıq ki, təbiətdən yarıdığımız qədər Tanrıdan yarımadıq, Tanrı da bizə təbiətin lütfkarlıqlarına qarşılıq hazırın naziri olan, sadəcə, təbiətin bəxş etdiyi sərvətləri çapıb-talamağa qadir bir iqtidar göndərdi. Yediyimiz, içdiyimiz, geydiyimiz hər şey kənardan gətirilir. Inəyi, eşşəyi belə, xaricdən alırıq. Bu qədər bərəkətli torpaqlara sahibkən başqalarının əlinə baxmağa məcbur edilmişik. Çünki bunlar Azərbaycanı güclü, firavan, qarnıtox, çağdaş bir ölkəyə çevirməyi heç düşünmədilər. Bunlar üçün Azərbaycan başından bəri sadəcə Neft Fondundan ibarətdir, zatən bütün azərbaycanlıların prezidenti olmağa söz vermiş Ilham Əliyev də bütün neft buruqlarının prezidenti olmaqdan irəli getmədi.