Türkiyə dəyişiklik astanasında

AKP birinci partiya olacaq, CHP-yə isə MHP lazımdır…

Türkiyədəki seçkilərə altı gün qalır. Hələ də qızğın polemikalar davam etməkdədir. Bu seçkilər son illər Avropa məkanında keçirilən ən qalmaqallı seçkilər kimi də xarakterizə oluna bilər. Başqa tərəfdən isə bəzi standartlara cavab verməməklə Asiyaya doğru addım səsləri də eşidilməkdədir.
Ilk növbədə diqqəti o çəkir ki, iki mühüm müxalifət partiyası seçki kampaniyasından əvvəl və proses start götürəndən sonra ciddi şantajlarla üzləşiblər. CHP keçmiş lideri Dəniz Baykalın, MHP isə bir çox rəhbərliyə daxil olan şəxslərinin şəxsi həyatlarına dair videoşantaja görə sözügedən şəxsləri itirməli oldu. AKP isə bütün bunlardan kampaniya boyunca eninə-boyuna istifadə etdi. Prokurorluq orqanları “şəxsi həyata müdaxilə”ni araşdıracaq həvəsdə görünmədilər. Bütün bunlar isə seçki kampaniyasının əsas qarşılıqlı ittihamları kimi qabarıq şəkildə qaldı. Ərdoğan hökumətinin kaset skandallarına aydınlıq gətirilməsində maraqlı olmaması, bu ifşaların təşkilində ittihamları da öz üzərinə çəkdi. Başqa tərəfdən isə, AKP müxalifəti əxlaq demoralizasiyasında ittiham etdi. Ana müxalifət partiyasının yeni lideri isə bu cür üsullardan istifadə etmək və siyasət qurmağın insani prinsiplərlə uyğunlaşmadığını bildirirdi. Bu polemikada dilemma belədir; Türkiyə seçicisi hansısa qapalı şaraitdə əxlaqsızlıq edən müxalifətdənmi üz döndərəcək, yoxsa bu olayları daha geniş kütlələrə açıq göstərən iqtidardanmı? Amma platforma və proqram mübahisələri də diqqətdən qaçmadı. Hər iki partiya Türkiyənin ümumi diqqətini cəlb etməyi bacaran əsas projelərini təqdim etdilər. CHP daha çox insana yönəlik təkliflər versə də, AKP infrastrukturla bağlı proqramını önə çəkdi.

“Ailə sığortası”mı, “Çılğın projemi?”

Seçki kampaniyasını öz ağuşuna alan və mitinqlərin əldə tutulacaq tək rasional materalları CHP-nin ailə sığortasına dair vədləri və AKP-nin “Çılğın proje” adı verdiyi yeni boğaz körpüsü layihəsiydi. Anadoluda kənd təsərrüfatına yardımla bağlı demək olar ki, bütün vədlər eyni idi. Amma hamını maraqlandıran başlıca sual ondan ibarətdir ki, bu şəraitdə Türkiyə seçicisi hansı platformanın arxasınca gedəcək. Əgər doğrudanda Ərdoğan hökuməti son iki seçkidə verdiyi vədlərə altmış faizə qədər əməl edibsə, CHP-nin vəziyyəti elə də yaxşı olmayacaq. Amma başqa bir məqam da ondan ibarətdir ki, AKP ən müxtəlif sosial təbəqələrin güclü şəxsiyyətlərini həbs etməklə özünə tamam aqressiv bir müxalif elita yarada bilib.

Izmir və Istanbul mat qoydu…

Sekulyarlığın beşiyi sayılan Izmir Ərdoğanın sonuncu mitinqinə böyük bir qələbəliklə gəldi. Bu isə CHP üçün çox ciddi itki sayılmalıdır. Çünki Türkiyədə liberal və respublikaçı düşüncənin şkalasını Izmir müəyyən edir. Amma tamam başqa bir fakt da diqqəti cəlb etdi. Söhbət ondan gedir ki, 1997-ci ildən bu tərəfə bütün seçkiləri islam təmayüllülərə qazandıran Istanbul CHP üçün təkrarolunmaz bir mitinqə səhnə oldu. Bu isə onu deməyə əsas verir ki, bu seçkilərdə seçicilərin iradəsinə eyni zamanda partiyaların yerli bələdiyyəyə seçilmiş şəxslərinin keyfiyyəti təsir edəcək. Yəni, Istanbul bələdiyyəsinin xalqı narazı salaraq CHP-yə yönəltdiyi aydın sezildi.

MHP – barajın dibində…

MHP bütün çabalarının nəticəsində seçki barajından çox uzaqlaşa bilməyəcək. Keçsə də, keçə bilməsə də, seçki barajının dibində bərqərar olacaq. Amma bu partiyanın məclisə öz fraksiyası ilə girməsi Türkiyənin gələcək siyasi tarixində və taleyində ciddi rol oynayacaq. AKP ideoloji cəhətdən də özünə yaxın olan MHP-ni həm də ona görə sarsıtmaq istəyir ki, bu partiya CHP ilə birlikdə yeni referendum və anayasa layihələrinə mane olmağa şans yaradacaq. Bu mənada MHP indi bir zəncirin ən zəif həlqəsinə bərabərdir. Yəni, bütün gözlər ona dikilib.

Seymur Həzi