Küçələrə axışan etirazçılar “Kral Həmadı devirin!” şüarı səsləndirdi
Yaxın Şərq və Şimali Afrika ölkələrini bürümüş inqilab dalğası Bəhreynə keçib. İyunun 5-dən 6-a keçən gecə Bəhreyndə minlərlə şiə yürüş keçiriblər. Yayılan məlumatlara görə, etirazçılar yürüş-mitinq zamanı “Kral Həmadı devirin!”, “Xalq rejimin devrilməsini istəyir!” şüaları da səsləndirib.
Ölkədə ən böyük müxalif qüvvə olan və ətrafında şiələri birləşdirən “Vəfaq” hərəkatının yaydığı açıqlamada bildirilir ki, paytaxt Manama ətrafındakı şiə kəndlərində keçirilən aksiyalara polisin sərt müdaxilə edib. Polis aksiyanın dağıdılması üçün gözyaşardıcı qaz, plastik mərmi və saçma atan silahlarla müdaxilə edib.
“Vəfaq” sözçüsü Seyyid Hadinin sözlərinə görə, dini məqsədli yürüşün yüz illərdir keçirilir. O, bildirib ki, hökumət rəsmiləri dini mərasimlə bağlı keçirilən yürüşə müdaxilə etməyəcəklərini vəd etsələr də, əksinə hərəkət ediblər.
Müşahidəçilər isə olayların Bəhreyndə keçiriləcək “Formula 1 Grand Prix” yarışmasına iki gün qalmış baş verməsinə diqqət çəkiblər. Bu yarışın mart ayında keçirilməsi nəzərdə tutulsa da, həmin ay ölkədə keçirilən aksiyalar ucbatından iyun ayına təxirə salınıb.
İnformasiya şöbəsi