İlham Əliyev imitasiya istəyir

Tanınmış politoloqlar gündəmi “Azadlıq”da dartışdı

Zərdüşt Əlizadə: «Elə proseslər gedir ki, Azərbaycan iqtidarı razılaşmağa məcburdur»

Zəfər Quliyev: «Demokratik islahatlar baxımından Ermənistan Azərbaycanı qabaqlayır»

Gündəm xeyli gərgindir. Ermənistanda rejim yumşalması baş verir. Daha bir ərəb diktatoru öz ölkəsini cani kimi tərk edir. Azərbaycanda isə bütün cəhdlərə baxmayaraq, hakimiyyət özünü cəmiyyətlə açıq danışmağa borclu bilmir. Biz isə bütün bunları ekspertlərlə müzakirə edirik. Budəfəki dəyirmi masamızın qonaqları politoloqlar Zərdüşt Əlizadə və Zəfər Quliyevdir.

Ermənistan və Gürcüstan cəmiyyətləri qarşısında hesabat verir

– Ermənistanda hakimiyyətin timsalında müəyyən yeniliklər baş verir. Bu, Cənubi Qafqazda Gürcüstandan sonra ikinci rejim yumşalmasıdır. Azərbaycan isə hələ gözləyir. Bu addım Cənubi Qafqaz ölkələri arasında prioritetlərin seçilməsinə necə təsir edəcək?

Z.Əlizadə:
– Mən iki amili qeyd etmək istəyirəm. Birinci amil odur ki, Azərbaycanla müqayisədə Ermənistan və Gürcüstanda təbii sərvətlər yox dərəcəsindədir. Elitanın bölməli olan malı-mülki çox azdır. Bu isə o deməkdir ki, elita daha çevik olmalıdır. Azərbaycandakı şərait imkan vermir ki, hakim elita özü üçün resurs axtarsın. Hakimiyyətə neft resursları kifayət edir. Gürcüstanda isə hakimiyyət cəmiyyətin istəkləri ilə hesablaşmağa məcburdur. Ermənistanda da eyni situasiyadır. 2008-ci il maliyyə böhranının nəticələri hələ də Ermənistanda üstələnməyib. Ermənistan maliyyə böhranı içərisindədir, bu ölkənin satmağa nefti və qazı yoxdur. Ermənistan dünya bazarına rəqabətli məhsulla çıxa bilmir. Ona görə də hakimiyyət müxalifətlə dialoqa getməyə məcburdur. Burada bir amili də vurğulamaq lazımdır ki, Ermənistanda müxalifət Azərbaycanla müqayisədə güclüdür. Ermənistanda müxalifətlə prezident hesablaşmağa məcburdur. Azərbaycanda isə hakimiyyətin hesablaşmalı olduğu siyasi müxalifət yoxdur. Bunun da səbəbləri var. Bu heç zaman deyilmir. Amma etiraf olunmalıdır ki, Azərbaycandakı müxalifət Heydər Əliyevi hakimiyyətə gətirən müxalifətdir. Amma Ermənistandakı müxalifəti indiki iqtidar devirib.

– Amma hər ikisi silahlı yolla devrilib?


Z.Əlizadə:
– Bəli. Birində silah işlədilib, digərində isə silah işlədilməsə də, buna işarə oldu.

– Belə demək mümkündürmü ki, Ermənistanda hakimiyyət daha militardır, ora Rusiyanın təsiri daha çoxdur, nəinki Azərbaycana?

Rusiya Azərbaycanı nəzarətdə saxlayır

Z.Əlizadə:
– Elə deyil. Tam eyni vəziyyətdir.

– Axı bizdə Rusiyanın hərbi bazası yoxdur.

Z.Əlizadə:
– Məgər Dağlıq Qarabağ Rusiyanın hərbi bazası deyil?! Qarabağda Rusiyanın hərbi bazası var. Azərbaycan hökuməti bir addım sağa-sola qoysa, Rusiyanın hərbi bazası işə düşəcək. Və yaxud da Ermənistan hakimiyyəti Rusiyanın əleyhinə addım atsa, hərbi baza işə düşəcək. Hakimiyyətin müqəddəratı baxımından mühümdür.

– Qarabağdakı Rusiya hərbi bazası Bakıda çevriliş edə bilərmi?

Z.Əlizadə:
– Əlbəttə. Çox sadə. Rusiya müharibəni başlayır və onun nəticəsi Azərbaycan üçün uğursuz olur və Bakıda hakimiyyət dəyişir.

– Bəs Ermənistanda bu təzyiq hansı formada olub?

Z.Əlizadə:
– Ter-Petrosyan prezident olanda baş nazir Robert Köçəryan, daxili işlər naziri Vazgen Sərkisyan, təhlükəsizlik naziri Serj Sərkisyan dövlət başçısının otağına girərək dedilər ki, sən getməlisən. Ter-Petrosyan gördü ki, güc strukturları ondan getməyi tələb edir və o, bu addımı atdı. Amma o, istefa verəndə dedi ki, Ermənistanda hakimiyyətə müharibə partiyası gəldi. Azərbaycanda Ilham Əliyev Rusiyanı qane etməyən addım atsa, Kremldən göstəriş gələcək və Qarabağdakı ordu hərəkətə keçəcək. Hələ bilinmir ki, Azərbaycan ordusunun daxilindəki rusiyapərəstlər nə edəcək? Rusiyanın təsirini almayan istənilən hakimiyyət getməyə məhkumdur.

Sərkisyan Köçəryanı neytrallaşdırmaq üçün yumşalır


Z.Quliyev:
– Ümumiyyətlə, üç Qafqaz respublikasında son zamanlar gedən fərqli proseslər diqqəti cəlb edir. Bir tərəfdən Zərdüşt bəy haqlıdır. Azərbaycan yeganə neft ixrac edən ölkədir. Azərbaycanın geosiyasi əhəmiyyəti yüksəkdir. Bundan isə hakimiyyət öz maraqları üçün istifadə edir, bəhrələnir. Eyni zamanda ərəb ölkələrində gedən proseslərin postsovet məkanında baş verənlərə təsiri oldu. Bu təsir həm Azərbaycanda, həm də Ermənistanda özünü göstərdi. Amma Ermənistanda gedən proseslərin mahiyyəti demokratikləşmədən daha çox, Köçəryanın hakimiyyətə gəlməsinin qarşısını almağa xidmət edir. Yəni, onun təsirini aşağı salmağa hesablanıb. Necə ki, son zamanlar Rusiyada gedən proseslər daha çox Putin və Medvedev arasında cərəyan edir. Indi gələcək prezident seçkilərində əsas intriqa sırf bununla bağlıdır. Oxşar proses Ermənistanda da gedir. Bir az başqa formada olsa da, Köçəryan hakimiyyəti Sərkisyana ötürdü. Köçəryan təsir imkanlarını əlində saxladığından real idi ki, o, yenidən hakimiyyətə qayıda bilər.

– Yəni, baş verənlərdə məqsəd Köçəryanı neytrallaşdırmaqdır?

Z.Quliyev:
– Bəli. Hazırkı rejimin yumşalmaqda məqsədi Köçəryanın təzyiqlərindən yaxa qurtarmağa xidmət edir. Ona görə dialoq başlayır, amnistiya elan olunur. Demokratik islahatlar baxamından Ermənistan Azərbaycanı qabaqlayır. Amma burada əsas motiv başqadır. Görünən odur ki, Ermənistan cəmiyyəti baş verənlərdən udur. Amma hər iki ölkənin hakimiyyəti iqtidarda qalmağa çalışır. Yəni, Ermənistanla Azərbaycan arasında ciddi fərq yoxdur bu baxımdan. Düşünmürəm ki, proseslərin bir səbəbi də Ermənistan müxalifətinin daha güclü və Azərbaycanın demokratik qüvvələrindən keyfiyyətcə fərqlənməsindədir. Amma o da nəzərə alınmalıdır ki, Ermənistan parlamentində siyasi plüralizm mühiti daha güclüdür. Bu baxımdan Azərbaycandakı son parlament seçkilərindən sonra formal olaraq bir partiyalı parlament formalaşdırılıb. Ermənistan diasporunun da təsirini unutmaq lazım deyil. Ümumi götürəndə belə təəssürat yaranmışdı ki, ərəb inqilablarının dalğası ilk növbədə Azərbaycanı vuracaq. Lakin Azərbaycanda həmin o neft amilinə görə nəinki korrupsioner rejim, Ermənistandan fərqli olaraq, həm də güclü polis rejimi yaranıb. Azərbaycan rejiminin müqavimət göstərmək potensialı daha çoxdur. Hadisələrin gedişi də göstərdi ki, Azərbaycanda inqilabdan danışmaq hələ tezdir. Amma eyni zamanda Azərbaycanda islahatlar mövzusu aktuallaşıb. Nəinki müxalifət qüvvələri – Ictimai Palata demokratiyaya keçid üçün “yol xəritəsi” hazırladı. Eyni zamanda Ziyalılar Forumu, ANIF “demokratiyaya doğru 7 addım” Ictimai Xartiyası təqdim etdi. Daha maraqlısı odur ki, son beş ildə ilk dəfə dövlət başçısının özünün siyasi ritorikası dəyişdi. Dövlət başçısı maydakı çıxışında demokratik islahatlardan danışdı. Bu da onu göstərir ki, hətta artıq Azərbaycan hakimiyyəti də bu hesabat mövzusu ilə hesablaşmağa başlayıb. Iqtidar dünyada gedən prosesləri nəzərə almalıdır.

Hakimiyyət əvvəlki siyasətinə qayıda bilmir

– Aydın məsələdir ki, islahatlara getmək zərurəti postsovet məkanında məcburiyyətdən qaynaqlanır. Məhz bu məcburiyyəti doğuran faktor qlobal faktordur, yoxsa yerli?

Z.Əlizadə:
–  Zəfər bəy dedi ki, Ermənistandakı dialoq hakimiyyətin möhkəmlənməsinə xidmət edir, demokratiyaya aidiyyəti yoxdur. Demokratiya nə deməkdir? Demokratiya ictimai qrupların bir-birini döyməsi ilə yox, sövdələşməsi ilə ortaya çıxır. Bu baxımdan demək olar ki, Ermənistandakı iqtidar-müxalifət dialoqu həm də sövdələşmədir, həm də demokratiyadır. Azərbaycanda bu, yoxdur. Çünki hakimiyyət hesab edir ki, neftdən gələn vəsaitlər hakimiyyətdə oturmağa kifayət edəcək və demokratiyaya ehtiyac yoxdur. Bu dəfə isə Azərbaycanda aşağı səviyyəli korrupsiyanın cilovlanması xalqın yox, xaricin tələbi ilə oldu. Söhbət ərəb inqilablarından gedir. Bu da göstərir ki, demokratiya qlobal məfhumdur və Azərbaycan hakimiyyəti bunu nəzərə almağa məcburdur. Aşağı səviyyəli korrupsiyanın cilovlanması ilə yanaşı parlamentin həqiqi parlament olması ilə bağlı tələb cəmiyyətdə güclü surətdə səslənir. Eldar Namazovun, ziyalıların təşəbbüsü ilə olan sənədə, sözün düzü, könülsüz imza atmışam. Bunun səbəbi isə odur ki, belə sənədlər əsasında Azərbaycanda dialoqa başlamağa zəmin yoxdur. Amma bu təklifin cəmiyyətdə səslənməsi müsbət haldır. O ki qaldı prezidentin demokratiya və islahat sözünü dilə gətirməsi, o, duyuq düşüb. Çünki regionda və dünyada elə proseslər gedir ki, hətta özündən müştəbeh Azərbaycan iqtidarı da məcburdur ki, bunları nəzərə alsın.

Z.Quliyev:
– Azərbaycan hakimiyyəti də dünyada gedən proseslərlə könülsüz olsa da, razılaşmalıdır. Çünki nə qədər bizim hakimiyyət özünü güclü saysa da, reallıqda başqa cürdür. Azərbaycan hakimiyyəti həm dünyada, həm də postsovet məkanında gedən proseslərlə razılaşmalı olur. Amma prezidentin demokratik islahatları dilə gətirməsi və etiraf etməsi ki, bu, həm zamanın, həm xalqın tələbidir, bu, ritorikadan başqa heç nə deyil. Bu hələ göstərmir ki, hakimiyyət dialoqa, daxili siyasətini dəyişməyə, qapalıdan açıq cəmiyyətə keçməyə hazırdır. Gözlənilən odur ki, hakimiyyət korrupsiya ilə mübarizə apardığı kimi, imitasiya ilə məşğul olacaq. Ilkin aylarda aşağı səviyyəli korrupsiya ilə mübarizə aparılsa da, sonradan bu da səngidi. Yəni, hələlik hakimiyyət islahatlara hazır deyil. Daxildə də xarici təzyiqin hesabına öz ritorikasını dəyişir və görüntü yaradır. Amma daxildə hakimiyyət hələ bu təzyiqi hiss etmir. Ilin əvvəlində ərəb ölkələrində gedən proseslərin daha dinamik və nəticələrinə görə daha uğurlu olması ilə yanaşı Azərbaycan daxilindəki mitinq ovqatı hakimiyyəti narahat etmişdi. Hakimiyyət bu dövrdə korrupsiya ilə də mübarizəyə başladı və bəzi sosial addımlar atdı. Mayda isə hiss olunurdu ki, hakimiyyətdə bu narahatçılıq yoxdur və əvvəlki siyasətə qayıtmaq istəyir. Amma əvvəlki siyasətə də qayıtmaq o qədər asan deyil. Çünki dünya dəyişir.

İlham Əliyev demokratiyanın imitasiyasına qayıtmaq istəyir

– Bəs, hakimiyyət o zaman hansı yolu tutmağa çalışır?

Z.Quliyev:
– Bizim hakimiyyət Heydər Əliyev dövründəki imitasiya siyasətinə qayıtmaq istəyir. 2005-ci il parlament seçkilərindən sonra Ilham Əliyev həmin imitasiya siyasətindən imtina etmişdi. O dövrdə Azərbaycan hakimiyyətinin eyforiya piki idi. Özündən çox razı idi. Neft amili öz işini görürdü. Ölkəyə milyardlarla pul gəlirdi, ölkənin geosiyasi əhəmiyyəti artırdı. Ona görə Ilham Əliyev hesab etdi ki, artıq demokratik imitasiyaya ehtiyac yoxdur. Məhz həmin dövrdən sonra mətbuata, siyasi müxalifətə qarşı açıq formada basqılar gücləndi, seçkilər formal prosedura çevrildi. Indiki durumda isə hakimiyyət 2005-dən əvvəl mövcud olan xəttə qayıtmaq istəyir. Bu isə o deməkdir ki, demokratiyadan, azad sözdən danışmaq, gələcək seçkilərdə müxalifətə beş-on yer vermək olar.

– Ermənistanın daxildə ciddi konsolidasiya əldə etməsi, bu dövləti xarici siyasətdə nə qədər gücləndirəcək?

ardı gələn sayımızda

Seymur Həzi,
Xəyal Şahinoğlu