Sabiq nazirin bibisi oğlunun cinayət işinin istintaqı baxılması üçün məhkəməyə göndərildi
Sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin mənimsəmədə və digər cinayətlərdə təqsirləndirilən bibisi oğlu Rafəddin Əsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eynulla Vəliyevin icraatına verilib. Prosesin hazırlıq iclası iyunun 10-na təyin olunub. APA-nın əldə etdiyi məlumata görə, R. Əsgərov Azərbaycanın sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin cinayət işi ilə bağlı həbs edilib. Fərhad Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin məlumatına görə, R.Əsgərovun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanıb. Ittiham aktında göstərilir ki, “Prestic LTD” MMC-nin ekspeditoru Abdulla Cavadov F.Əliyevin qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti, hazırda həbsdə olan Rafiq Əliyevin tapşırığı ilə xarici ölkələrə gedib və onun verdiyi pullara qızıl-zinət əşyaları alıb, təyyarə ilə Bakı şəhərinə göndərdikdən sonra bu barədə Rafəddin Əsgərova məlumat verib. Rafəddin Əsgərov öz növbəsində həmin qızıl-zinət əşyalarını Hava Nəqliyyatında Baş Gömrük Idarəsindəki tanışları vasitəsilə gömrük nəzarətindən gizli keçirib, “Prestic LTD” MMC-nin mühasibatlığına təhvil verib.