İctimai Palata təşkilatlanma və 19 iyun mitinqinə hazırlığını davam etdirir
Bazar günü Ictimai Palatanın daha iki rayon şöbəsi təsis olundu. Hər iki təsis konfransı 3 saat vaxt aralığı ilə Müsavat partiyasının mərkəzi ofisində keçirildi. Birinci təsis yığıncağını Nəsimi, ikincisini isə Yasamal rayon fəalları etdilər. Ictimai Palatanın regional komissiya üzvləri Rövşən Quliyev, Mustafa Hacıbəyli, Palatanın üzvü Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı, Razi Nurullayev də qonaq kimi yığıncağa qatılmışdılar.
Şöbələr və strukturlar yarandı
Təsis konfransları Müsavat, AXCP, KXCP, ADP, AXP, VHP üzvləri və bitərəflərin iştirakı ilə baş tutdu. Hər iki rayon şöbəsi təsis olunduqdan sonra Ictimai Palatanın Əsasnaməsinin tələbi kimi şöbənin əlaqələndirmə şuraları da seçildi. Əlaqələndirmə şuraları təsisçi partiyaların (AXCP, Müsavat və KXCP) hərəsindən iki nəfər, bitərəflərdən isə bir nəfər olaraq yaradıldı.
Bitərəflərlə işi gücləndirməli…
Təşkilati məsələlərdən sonra yığıncaqda ictimai-siyasi vəziyyət və Ictimai Palatanın 19 iyuna təyin etdiyi mitinq də müzakirə olundu. Çıxışçılar Nurəddin Məmmədli, Mustafa Hacıbəyli, Razi Nurullayev kütləvi aksiyalara hazırlıq işlərinə diqqət ayırmağın vacibliyini qeyd etdilər. Onlar bildirdilər ki, Ictimai Palatanın mesajlarını və demokratikləşmə üçün müzakirələrə təqdim etdiyi “Yol xəritəsini” vətəndaşlara çatdırmaq istiqamətində səy göstərmək lazımdır.
N.Məmmədli qeyd etdi ki, təsis olunan yeni şöbələrdə illərin mübariz insanlarını birlikdə görmək fərəh doğurur. Lakin ölkədə köklü dəyişiklik etmək üçün partiyalardan kənardakı insanların da prosesə qatılması vacibdir.
Mustafa Hacıbəyli də bu məqamı vurğulayaraq təklif etdi ki, şöbələrin növbəti ümumi yığıncağına hər bir üzv özündən başqa yeni və bitərəf şəxsin üzvlüyə gətirilməsinə çalışmalıdır.
Böhran geridə, qələbə öndədir
Pənah Hüseyn isə bildirdi ki, mitinqlərin iyuna qədər ertələnməsi düzgün qərardır. Onun sözlərinə görə, əvvəlki aylarla müqayisədə indi ictimai fəallıq daha yüksəkdir, müxalifət də “mini böhran”dan çıxıb. Pənah Hüseyn dedi ki, 19 iyun mitinqi vasitəsilə beynəlxalq birliyin diqqətini həbsdə olan siyasi məhbuslarla bağlı məsələyə də çəkmək mümkün olacaq.
Demokratiya gəlir
Ictimai Palatanın üzvü Razi Nurullayev də yığıncaq iştirakçılarını əmin etdi ki, dünyada vüsət alan demokratikləşmə prosesinin qarşısını heç bir hökumət, eləcədə azərbaycandakı korrupsioner rejim almaq iqtidarında deyil: “Bizim ölkə də demokratikləşəcək. Sadəcə, biz öz fəaliyyətimizlə bu prosesi tezləşdirə bilərik”.
Konfras iştirakçılarını təbliğat işini gücləndirməyə çağıran Ictimai Palatanın üzvü Fuad Qəhrəmanlı onlara yeni medianın, internetin imkanlarından faydalanmağı tövsiyə etdi.
Natiq