«Bankın səhmlərinin qiymətini ucuzlaşdırmaq müəyyən dairələrin maraqlarına uyğundur»
Azərbaycan Beynəlxalq Bankının (ABB) nizamnamə kapitalında dövlətin iştirak payının özəlləşdirilməsi prosesi iki mərhələdə həyata keçiriləcək. Bu barədə məlumatı bankın idarə heyətinin sədri Cahangir Hacıyev verib. O, xarici bankları da özəlləşdirmədə yaxından iştirak etməyə dəvət edir.
Qeyd edək ki, Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
Ancaq maraqlıdır ki, ölkənin və regionun ən iri kredit təşkilatı olan ABB birinci rübün nəticələrinə görə cəmi 6 mln. manat mənfəət əldə edib. Bu da real görsənmir. Ekspertlərin fikrincə, özəlləşmə ərəfəsində belə halların baş verməsi təcrübəsi mövcuddur. Səhmlərin qiymətini ucuzlaşdırmaq məqsədi ilə rəqəmlər kiçildilir. Bu da müəyyən dairələrin maraqlarına uyğundur. Lakin Beynəlxalq Bankın mənfəətinin azalması qlobal maliyyə böhranı zamanı idarəetmə sisteminin düzgün qurulmamasının nəticəsi də ola bilər. Çünki dövlət mülkiyyətində olan təşkilatların idarəçiliyindəki qüsurlar səbəbindən müəyyən problemlər yaranır.
Ekspertlər bankın özəlləşdirilməsinin labüd olduğunu desə də, hesabatlılıq və şəffaflıq olmaması səbəbindən bu prosesin Azərbaycanın maraqlarına, iqtisadiyyatına, strateji hədəflərinə uyğun keçirilmədiyini də vurğulayır. Bunu Kapitalbankın nümunəsində də görmək olar. Bu da son nəticədə bank bazarında inhisarlaşmanı bir qədər də möhkəmləndirə bilər.
Fizzə