Xəbəri ovuc içindən çıxaranlar…

Və ya mobil rabitənin mediadakı böyük inqilabı

Günün bu günündə də Azərbaycanda sovet nostalgiyası ilə yaşayan insanlar var. Zəmanənin korlanmasından giley-güzar edən bu insanlar fürsət düşdükcə o dövrün qayğısız günlərindən ağızdolusu danışırlar. Amma nostalgiya özü ilə heç də həmişə şirin xatirələr gətirmir. Məsələn, yaşlı nəsil nə qədər cəhd etsə də, günümüzün gənclərini ən azı, texnologiyanın sürəti baxımından təəccübləndirə bilməz. Çünki bir vaxt onlara xəyal kimi görünən, əlçatmaz sayılan bu günün insanları üçün həyat tərzinə çevrilib. Bəlkə o vaxt heç kim təsəvvür belə etməzdi ki, bir gün sovetin “baraban” telefonlarını ovuc içinə sığan mobil telefonlar əvəz edəcək.

İnsanları heyrətə gətirən cihaz…

90-cı illərin əvvəlləri idi… Azərbaycanın tanınmış şairlərindən olan Cabir Novruz Amerikadan Azərbaycan televiziyalarının birinə canlı olaraq bağlanmışdı: “Mən indi Amerikadayam, taksi ilə yol gedirəm. Görün, burada texnologiya necə inkişaf edib ki, mən sizinlə, oğlanlarımla maşından mobil telefonla danışıram…”. O vaxt bu texnoloji möcüzə Azərbaycan tamaşaçısını ən azı, rəhmətlik Cabir Novruz qədər heyrətə salmışdı. Bəlkə də çoxları mobil telefonun mövcudluğu barədə elə ilk ondan xəbər tutmuşdular.

O vaxtdan bu vaxta çox şey dəyişib. İndi mobil rabitə sahəsində gedən inkişafın sürətinə mat qalmaya bilmirsən. Hətta bəzən elə gəlir ki, insan bu inkişafı təqib etməkdə, ona yetişməkdə acizdir. İndi mobil telefonlar fotoaparat, kamera, musiqi mərkəzi, televiziya kimi, bir çox fərqli funksiyaları özündə birləşdirir. Üstəlik, hələ də mütəxəssislər bu telefonlara insan həyatını rahatlaşdıran onlarla fərqli funksiya əlavə etmək üzərində baş sındırırlar. Amma “düşünən beyinlər” nə qədər irəli getsələr də, telefona min cür detal qoşsalar da, bu sehirli aparatın əsas missiyası “xəbərləşmək” olacaq. Bu, xəbəri yaradan adi insanlar üçün də belədir, onu toplayan, yayan media orqanları üçün də.  

Bir gülləyə bir neçə dovşan…

Bir vaxtlar jurnalistin ayrılmaz parçası onun mürəkkəbli qələmi idisə, indi bu vacibatların ön sırasında mobil telefon gəlir. İndi heç bir media orqanı xəbəri anında

ötürən bu aparatlar olmadan işini qura bilməz. Bircə mobil telefon bəs edir ki, hadisə yerindən operativ qaydada həm səsli, həm foto və ya videogörüntülü xəbər ötürəsən. Yəni məşhur məsəldə olduğu kimi, bir gülləyə iki yox, daha çox dovşan vura bilərsən. Təki “silahın” daim səninlə olsun.

Bu baxımdan həm radio, həm televiziya, həm qəzet, həm də internet jurnalistikası mobil rabitənin imkanlarından özünə lazım olan formada istifadə edir. Azərbaycanın görkəmli yazarı, dahi publisist Cəlil Məmmədquluzadə “Poçt qutusu” əsərində Hovruzəlinin məktubu poçta salıb qutu başında keşik çəkməsini təsvir edərkən heç şübhəsiz ki, oxucuya qəhrəmanının timsalında o dövrün insanlarının sadəlövlüyü və cahilliyini çatdırmaq istəyirdi. Amma o da həqiqətdir ki, cəmi bir əsr bundan əvvəl, elə bu əsərin yazıldığı 1900-cü illərin əvvəllərində insanlar kiməsə xəbər göndərmək üçün minbir çətinlikdən keçirdilər. Sözünü yazmaq bir, göndərmək başqa bir əzab idi. Hələ məktubu quşun ayağına bağlayıb göndərildiyi qədim dövrləri demirik. İndi xəbəri ötürmək və almaq üçün nə quşa, nə də poçt qutusuna ehtiyac var. Balaca bir aparat səni anında dünyanın bu başından o başına bağlaya bilər. İstəyirsən səsli və görüntülü danış, istəyirsən ismarıc yaz, istəyirsən şəkil və yaxud video göndər…

Azərbaycan mediası, bütün ölkə vətəndaşları kimi, mobil rabitənin imkanlarından 90-cı illərin ortalarından istifadə etməyə başladı. O vaxta qədər jurnalistləri informasiya sahibi ilə calaşdıran ya ənənəvi telefon aparatları idi, ya da jurnalistin öz ayaqları. Yəni xəbər sahibini telefonla tapa bilməyəndə, ən kiçik məlumatı öyrənmək və ya dəqiqləşdirmək üçün öz ayağınla xəbərin dalınaca getməli olurdun. 

“Həyatımı və fəaliyyətimi mobil telefonsuz təsəvvür etmirəm”

Tanınmış telejurnalist Qulu Məhərrəmli həm sovet dönəmində, həm də mobil rabətənin geniş yayıldığı hazırkı dövrdə jurnalistika fəaliyyəti ilə məşğul olub. Hər iki dövrə şahidlik edən Qulu müəllimin bu mənada, müqayisə imkanları da genişdir. Onun mobil rabitənin jurnalistikada səbəb olduğu keyfiyyət dəyişikliyi ilə bağlı fikirləri belədir: “Mobil telefonlardan istifadə jurnalistlərin operativliyini, informasiyanın tezliyini, materialın oxuculara çatdırılmasını sürətləndirdi. Redaksiya əməkdaşları arasında əlaqələri intensivləşdirdi. Ən gözlənilməz məqamları operativliklə auditoriyaya çatdırmaq üçün demək olar ki, inqilab elədi. Amma mənfi cəhətləri də oldu. Bu prosesdə bir çoxları, xüsusən də reportyorlar xeyli tənbəlləşdilər. Onlar hadisələri izləmək, hadisə yerində olmaq, insanlarla canlı görüşmək vərdişlərini tədricən itirməyə başladılar. Əvvəllər jurnalistlər məlumatları birinci əldən, informasiya sahibindən alırdılar. İndi daha çox telefonun gücünə arxayın olurlar. Bu da yazıların keyfiyyətini, faktların səhihliyini, dəqiqliyini bir qədər azaltdı. Və telefon reportajları çoxalmağa başladı”.

Hər dövrün öz üstünlüyü olub deyən Q.Məhərrəmli müasir dövrün üstünlüklərinin daha çox olduğu qənaətindədir: “Mobil rabitənin mövcudluğu imkan verir ki, jurnalist harada olmağından asılı olmayaraq hadisə yeri ilə birbaşa bağlansın, informasiya sahibləri ilə əlaqə yaratsın. Mobil rabitə böyük texnoloji irəliləyişdir. Bu, keçmiş dövrdən indiki dövrə bir keçiddir və hesab edirəm ki, çox yaxşı keçiddir. Şəxsən mən həyatımı və fəaliyyətimi mobil telefonsuz təsəvvür etmirəm. O yerdə ki, operativlik, hadisələri izləmək, proseslərə müdaxilə zərurəti var o zaman telefon bizim üçün əvəzedilməz vasitəyə çevrilir”.

“Artıq informasiya itib qalmır, redaksiyalar vaxt baxımından udurlar”

Qəzetlərlə müqayisədə informasiya agentlikləri operativlik baxımından daha öndə olmalıdırlar. Operativlik deyəndə də ilk ağıla gələnlərdən biri elə mobil rabitədir. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, mobil telefonlar onların işini operativləşdirən əsas vasitələrdən biridir: “Mobil telefonun köməyi ilə informasiyanı ölkənin hər bir yerindən, lap xaricdən  vaxtında, birbaşa alıb oxucuya çatdırırsan. O baxımdan mobil rabitənin olmadığı dövrlə müqayisədə operativlik çox güclənib. Artıq informasiya itib qalmır, redaksiyalar vaxt baxımından udurlar. Oxucu da informasiyanı vaxtında ala bilir. Vaxtilə operativ informasiya almaq üçün kiminsə telefon aparatı, faksı, kompyüteri olmalı idi. İndi hər bir adamın bu informasiyanı elə mobil telefon vasitəsilə internetə girib əldə etmək imkanı var. Mobil rabitə çox böyük inqilabi dəyişikliklər gətirdi. Həm informasiyanı hazırlayıb yayan bizlər üçün, həm onu alanlar üçün”. 

“Mediada informasiya bolluğu yarandı”

Media eksperti Ələsgər Məmmədlinin də sözlərinə görə, mobil telefonlar media üçün geniş imkanlar açıb: “Bu gün  jurnalistlər hər cür mobil texnologiyadan istifadə edirlər. Məsələn, mobil telefonun danışmaq, ismarış ötürmək, foto və video çəkiliş aparmaq imkanı var. Bundan başqa yeni nəsil texnologiyalarının – 3G-nin yaratdığı imkanlar var. Bu, həm ənənəvi mediaya, həm də sosial mediaya yaxından dəstək olur. İnsanlar gündəlik həyatda gördüklərini sosial şəbəkələrdə paylaşırlar. Mediada informasiya bolluğu yaranır. Əvvəllər jurnalist bir yerə gedəndə kamera, fotoaparat aparmalı idi. İndi tək mobil telefon hamısına bəs edir. Ən əsası da mobil rabitə informasiya mənbələrinə effektiv və sürətli çıxış imkanı yaradır”.

Ekspertin fikrincə, media orqanları mobil rabitənin yeni imkanlarını mənimsəməkdə daha çevik olmalıdırlar: “Yeni texnologiyalar çevik mənimsənildiyi müddətdə rəqabətə davam gətirəcəklər. Bu gün CNN və BBC kimi peşəkar media qurumlarının efirində birbaşa görüntülər verərkən yeni texnologiyalardan istifadə edirlər. Hazırladıqları reportajlara mobil telefon görüntüsü də əlavə edirlər”. 

“İndi informasiyanın ömrü saniyələrlə ölçülür”

20 ildən çoxdur jurnalistika ilə məşğul olan, ölkənin aparıcı mətbuat orqanlarında çalışan və hazırda “Mediaforum” saytının redaktoru olan Hikmət Sabiroğlu bu fikirdədir ki, hər bir texnoloji tərəqqi işin yalnız xeyrinə ola bilər: “Mobil telefon jurnalistlərin informasiya əldə etmək imkanlarını xeyli dərəcədə artırıb. Həmişə deyirdilər ki, qəzetin bir gün ömrü var. Texnologiyalar o qədər inkişaf etdi ki, indi informasiyanın ömrü dəqiqələr, saniyələrlə ölçülür. Mobil rabitəsiz buna nail olmaq mümkün deyil. Təsəvvür edin ki, mobil telefon yoxdur. Bu halda jurnalistin operativ faəliyyət göstərməsi çox çətin olar”.  

“Mobil telefon bizim ən böyük silahımızdır”

“Bir jurnalist üçün kompüterin əhəmiyyəti nə qədərdirsə, mobil telefonun əhəmiyyəti də bir o qədərdir”. Bunu isə on ildən çoxdur jurnalistika sahəsində çalışan həmkarımız Sevinc Telmanqızı deyir: “Qlobal dünyada işin sürətlə görülməsi xüsusi önəm daşıyır. Biz müsahiblərimizi şəhər telefonu ilə istədiyimiz vaxtda tapa bilmərik. Amma mobil telefon vaxt baxımından bizə qazanc gətirir. İstədiyimiz adamları istənilən an tapa bilirik. Mobil telefonlar bir çox mənada necə deyərlər, əlimizdən tutur. Bu telefonların şəkil, video, diktafon, MMS və başqa xidmətləri var. Bunlar bizim işimizi daha da asanlaşdırır. Jurnalist və mobil telefonu olmamaq bir araya gələcək anlayışlar deyil. Bu o deməkdir ki, sən işləmirsən, öz dünyana qapılmısan. İnformasiya almaq, maraqlı məlumat əldə etmək, yaxşı müsahiblər tapmaq istəyirsənsə, mobil telefon sənin ən böyük “silahın” olmalıdır”.

Mobil telefonların jurnalistləri tənbəlləşdirdiyi ilə bağlı fikirlərə gəlincə, S.Telmanqızı bununla qətiyyən razılaşmadığını bildirir: “Yazıdan-yazıya fərq var. Reportajı və ya araşdırmanı mobil telefonla etmək mümkün deyil. Amma tutalım, kimdənsə açıqlama almaq üçün mobil telefonun xidmətindən istifadə edirəmsə, bu, təbii ki, normal haldır. Əgər bir jurnalist kimi mənim qoçaqlığım həmin adamın yanına gedib sözü üzbəüz soruşmaqdadırsa, bunu, nə qoçaqlıq, nə operativlik, nə də yaxşı jurnalistika hesab edirəm. Yaxşı jurnalistika operativlik tələb edir. Bunu da təmin edən vasitələrdən biri mobil telefondur. Burada mübahisəyə demək olar ki, yer yoxdur”.  

Hər adama bir telefon…

Rəsmi məlumatlara görə, bu gün Azərbaycanda mobil rabitə sahəsində əhalinin hər 100 nəfərinə 95 telefon düşür. Azərbaycanda faəliyyət göstərən mobil operatorlar az qala, bu sahədəki bütün yenilikləri ölkəmizdə tətbiq edirlər. Bir vaxtlar Azərbaycan üçün əlçatmaz olan, özündə sürətli interneti, görüntü ilə danışmaq imkanını birləşdirən 3G – üçüncü nəsil texnologiyalarından bu gün çox sərbəst şəkildə istifadə olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda təxminən 9 milyon mobil telefon nömrəsi mövcuddur. Və bu göstərici ilbəil artmaqda davam edir. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin isə təxminən 70 faizi mobil telefon rabitəsinin payına düşür. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə bildirir ki, son illər informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda əldə olunan gəlirlərin həcmi təxminən 5 dəfə artıb. 2010-cu ildə bu gəlirlər 4 mlrd idisə, 2012-ci ildə bu rəqəm 6 mlrd. olacaq. 2018-ci ildə isə innovasiya texnologiyalarının gəlirləri neft-qaz sektorunun gəlirlərinin səviyyəsinə çatacaq. Rəqəmlərdən də göründüyü kimi, mobil rabitənin həyatımıza daxil olması və sürətli inkişafı bu illər ərzində tək medianın yox, bötövlükdə dövlətin karına gəldi.

 Gültəkin Knyazqızı