“Vasif Talıbov Qəzzafidən betərdir”

Nehrəm sakinləri: «Hərə bir yolla Naxçıvandan baş götürüb qaçır»

“Nehrəmdə vəziyyət gün-gündən ağırlaşır. Vasif Talıbov insanları Naxçıvandan uzaqlaşdırır. Kəndin Sovet vaxtı 14 min əhalisi var idisə, indi heç 5 minə çatmır. Hərə bir yolla rayondan baş götürüb qaçır” – bu sözləri ötən gün mətbuat konfransında Nehrəm kəndinin sakinləri dedilər. 

Kənd sakinlərindən Rzaqulu Həsənovun (Məşədi Nehrəmli) sözlərinə görə, kənddə həyat şəraiti çox ağırdır: “Elektrik enerjisi təchizatı və içməli su ilə bağlı ciddi problemlər var. Yerli stadion və park dağıdılıb, bütün çayxanalar bağlanıb, mağazalar sökülüb. Hakimiyyət yeni mağazalar tikib və onları 200 manatdan kənd sakinlərinə icarəyə verir. Çörək almaq üçün kəndin bu başından o başına getməlisən. 6-7 km yolu qət etmək lazımdır. Bir sözlə, kəndə qonaq gələndə onu qarşılamaq ev sahibinə əzab verir. Yerli hakimiyyət feodal sistemi xatırladan xüsusi qayda-qanunlar tətbiq edib. Belə ki, kənd təsərrüfatı yerlərində yalnız hakimiyyətin icazə verdiyi şeyləri əkmək olar”.
R.Həsənov deyir ki, sahələrdə yonca əkməyə icazə verilmir: “Bu iş də kimlərinsə inhisarındadır. El içində ”eşşəkturpu” deyilən bir yabanı bitki var. Onu əkməyə belə, icazə yoxdur. Deyirlər, o cücərəndə çiçəyi narıncı rəngdə olur. Narıncı rəngdən isə Naxçıvan hakimiyyəti qorxur. Camaata deyirlər ki, narıncı inqilab rəngidir. Bir sözlə, əkmək olmaz!”.

“Vasif Talıbovun tapşırığı ilə bütün köhnə motosikletlər və ”Moskviç”lər həyətlərdən yığışdırılaraq zavodlara aparılır. Kim “Moskviç”lə kənddə hərəkət eləsə, o dəqiqə maşından düşürüb aparırlar. Nə pul verən var, nə də Allahın belə “sağ ol”unu söyləyən. Kimin dükanı varsa, o, mövsümü bitən paltarları nə dükanında, nə də evində saxlaya bilər. Ötən ildən qalan məhsulları müəyyən ödəniş qarşılığında ümumi anbarda saxlamağa icazə verilir. Başa düşmək olmur ki, insan öz malını evində yer ola-ola hansısa anbara niyə verməlidir. Naxçıvanda dərəbəylik hökm sürür” – deyir, nehrəmlilər. 

R.Həsənov bildirir ki, qaz və su sayğaclarına Babək rayonunun icra başçısı Elçin Hüseynəliyevdən başqa heç kim yaxınlaşa bilməz: “Bu qurumların işçilərinin hansı işə baxdığı aydın deyil. Heç kimin tənqid və ya bu qayda-qanundan narazılıq etmək hüququ yoxdur. Bu baş verdikdə isə təzyiq və təqiblər başlayır”.Rzaqulu Həsənov xatırladıb ki, hələ 1990-cı ildə sürgün edilmiş olsa da, mayın sonlarında doğma kəndinə getməyi qərara alıb. Baş verənləri görən Həsənov və daha 12 nəfər Nehrəm kəndini Müdafiə Komitəsi yaratmağı qərara alıblar. Mayın 31-də kənddə etiraz aksiyası keçirilməli idi. Lakin aksiya başlamazdan əvvəl komitənin iki üzvü saxlanılaraq rayon mərkəzinə göndərilib. Rzaqulu Həsənov onların ardınca gedib, ancaq onun qarşısını yolda mülki geyimlilər alaraq Culfaya aparıblar. Oradan isə onu sərhədi keçirib Irana göndəriblər. 
“Bununla ikinci dəfədir doğma kəndimdən deportasiya olunuram. Birinci dəfə deportasiya olunanda Bakıya gəlməyə icazə verilmədi. Hər dəqiqə məni təhdid edirdilər. Bir neçə ay Novosibirskdə qaldım. Sonradan Bakıya qayıtdım” – deyə o, bildirib. Hazırda polis komitənin 12 üzvünü cəmiyyətdən təcrid edir, onlara və doğmalarına təzyiq göstərir. Nehrəmdə hər kəsə tapşırılıb ki, komitənin üzvləri ilə görüşməsinlər. Guya onlar vətən xainidirlər. 

Nehrəm kəndinin digər sakini, 2005-ci ildə kənddən deportasiya olunmuş Sahib Hüseynov həmkəndlisinin dediklərini təsdiq edərək, Vasif Talıbovun Qəzzafidən daha amansız siyasət yürütdüyünü bildirib.

Hər iki kənd sakini kənddə vəziyyətin böhran nöqtəsinə çatdığını, Naxçıvan xanı və onun qurduğu qayda-qanundan xilas olmağın heç bir yolu olmadığını düşünürlər.

Ramin DEKO