Özbək müxalifətçisi M.Saleh də böyük siyasətə qayıtmaq əzmindədir. Mayın sonunda altı mühacir özbək partiyası xaricdə birləşərək Özbəkistanın Milli Hərəkatını yaradıblar. Qərarları da qətidir: Islam Kərimovu “istirahətə”, Isverçə Alplarına göndərmək! Amma bir özbək müxalifətçisi maraqlı bir fikir bildirib. O deyib ki, Özbəkistandan min kilometrlərlə uzaqda yerləşməklə bizim heç mənəvi haqqımız varmı ki, insanları zorakılıqla, həbslə və təqiblə üz-üzə qoyaq?!
Doğrudan da haqlı iraddır. Hər halda, məşhur Əndican hadisələri zamanı biz Özbəkistanın siyasi mühacirlərinin səsini-sədasını eşitmədik. Hərçənd ki, Əndican hadisələri bir çox qeyri-prosesləri öncələmişdi.
Indi ərəb baharının mehi hamını ruhlandırır. “Rəngli inqilablar”ın baş tutmadığı ölkələr bir növ ideoloji silahsız qalmışdılar. Ona görə ki, “rəngli inqilablar” ideal bir presedent yaratmışdı, hamı dəyişikliyin bu yolunu müdafiə edirdi. Birdən ərəb ölkələrində proseslər başladı və tez bir zamanda məlum oldu ki, “rəngli inqilablar”ın da alternativi var. Çünki elə ölkələr var ki, orada dinc və demokratik yolla hakimiyyəti dəyişmək mümkün deyil.Özbək mühacirlər özlərinin ölkələrini də sonunculara aid edirlər. Həqiqətən də Özbəkistanda “rəngli inqilabı” təsəvvür etmək çətindir. Son vaxtlar diktator Islam Kərimov bəzi “demokratik” islahatlara meyl göstərsə də, Özbəkistan Mərkəzi Asiyanın və MDB-nin ən sərt rejimli ölkələrindən biri olaraq qalır. Bəli, Mərkəzi Asiyada Qırğızıstan nümunəsi də var, amma onun presedentə çevrilə bilməsi çox az ehtimal olunur. Ona görə də Özbəkistan mühacirlərinin siyasi optimizmini bölüşmək hələ tezdir. Təbii ki, xaricdə siyasi mühacirlərin fəallaşması bir az ölkənin içinə təsir edə bilər. Misir hadisələri zamanı M.Baradeyi öz ölkəsinə xaricdən gəlmişdi. Indi nə bilmək olar? Bəlkə də baş tutdu. Hər halda, ölkə hakimiyyətinin bioloji sonluğu yaxınlaşmaq üzrədir. Islam Kərimov artıq gəncliyilə öyünə bilməz, o, qocalıb və onu kimsə əvəz etməlidir. Amma bu, mütləq elə müxalifət olacaqmı? Hər halda, bunu demək çətindir. Indi MDB məkanında ərəb baharı daha çox başqa bir ölkədə – Ermənistanda hiss olunur…
Bəşər Əsəddən sonra Sərkisyan da amnistiya verdi
Hə, bu gün MDB məkanında ən güclü siyasi müxalifət Ermənistandadır. Bir detal mübahisəli görünə bilər, amma mənə elə gəlir ki, ölkədəki siyasi ab-hava daha çox L.T.Petrosyan tərəfindən müəyyən edilir. Bugünlərdə hakimiyyət müxalifətin iki tələbini qəbul edib, hətta siyasi dustaqlarla bağlı amnistiya elan edilib. Hiss olunur ki, Serj Sərkisyan ərəb baharının öz ölkəsində təkrar olunmasından ehtiyat edir. Hazırkı hakimiyyətin də aid olduğu, ölkə əhalisi tərəfindən sevilməyən, daha çox əyalət adamları hesab olunan klan indi çox xarizmatik bir müxalifət liderilə üz-üzə dayanıb.
L.T.Petrosyanın xarici dayaqları da zəif deyil, ABŞ-la, hətta Rusiya ilə elə bir problemi də yoxdur. Üstəlik, xüsusi bir təqdimata da ehtiyac duymur, ermənilər onu çox yaxşı tanıyır. Sadəcə, problem ondadır ki, elə L.T.Petrosyan da Qarabağla bağlı bir qədər real düşünsə də, o, əsl erməni millətçisidir və təsadüfi deyil ki, məhz onun hakimiyyəti dövründə Azərbaycanın torpaqları işğal olunub. O istəsəydi, daxildəki siyasi prosesləri sürətləndirə bilərdi, amma bunu istəmir və çox güman ki, Qarabağ probleminin indiki hakimiyyətin dövründə həll edilməsini arzulayır. Ya da erməni diasporunun mənafelərinin ziddinə gedə bilmir. Hər halda, hazırkı müxalifət siyasi prosesləri öz xeyrinə yekunlaşdıra biləcək qədər güclü görünür. Ona görə də ərəb baharının bu gün MDB-də bir real ünvanı var – Ermənistan.
Kiçik sözardı
Bəzən deyirlər ki, ərəb baharı filan ölkədə təkrar oluna bilərmi? Təbii ki, hər hansı birbaşa təsirdən söhbət gedə bilməz, çünki fərqli ünvanlar, fərqli situasiyalardır. Amma iki amili unutmaq olmaz. Bu proseslərin ilk növbədə mənəvi təsiri var. Üstəlik, bu, böyük dövlətlərə də təsir etmək iqtidarındadır. Onlar da başa düşür ki, diktatorları bəsləməyin vaxtı keçib, siyasəti millətlə qurmaq lazımdır.



