“Yenə «Eurovision»da iştirak etmək istəyirik”

Eldar və Nigar Almaniyanı iki il təmsil edən Lena Mayerin hərəkətini təkrarlamaq niyyətindədir

“Əgər bizə təklif olunsa, biz yenidən ”Eurovision” müsabiqəsində iştirak etməkdən şad olarıq. Axı bu bizim həyatımızda ən unudulmaz hadisədir”. Bu sözləri 56-cı “Eurovision” müsabiqəsində qalib gəlmiş Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal deyib. Qaliblər bu çıxışı Moskvada onların şərəfinə keçirilən ziyafətdən əvvəl Rusiya media mənsubları ilə görüşlərində bildiriblər. Eldar və Nigar, hətta gələn ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012″də də iştirak etmək təklifi olarsa, bunu da müsbət dəyərləndirəcəklərini qeyd ediblər. Azərbaycana qalibiyyət gətirən cütlük Almaniyanı iki il sərasər təmsil edən Lena Mayerin hərəkətini təkrarlamaq istəyindədirlər: “Biz yenidən Azərbaycanı bu müsabiqədə təmsil etməyə layiq görülsək, bundan ancaq fəxr hissi keçirərik. Biz yenidən qalib gəlməyə hazırıq”.
Bu gün 22 yaşını qeyd edəcək Eldar Qasımov, bununla bağlı ona ünvanlanan suallara da cavab verib. Ad günü ərəfəsində kimdən hədiyyə aldığı sualına Eldar “artıq xalqımdan hədiyyə almışam” deyib və bildirib ki, bu müsabiqədə həm Azərbaycanın qələbəsi, həm də xalqın sevinci onun üçün ən böyük hədiyyədir. Bu gün Avropanın diqqət mərkəzində olan Azərbaycanın gənc ifaçısı bəzi sirlərini də açıqlayıb: “Ən çox boğazımın ağrımasından, səsimin tutulmasından qorxuram. Siqaret isə ümumiyyətlə, çəkmirəm. Ötən ilə qədər bir neçə dəfə siqaret çəkmişəm. Ancaq düşündüm ki, əgər mən gələcəkdə oxumaq istəyirəmsə, siqaretdən əl çəkməliyəm.
Içkilərdən bəzən qırmızı şərab içirəm. Bu, sağlamlıq üçün zərərli deyil. Nə qədər çox yesəm də, iş rejimim gərgin olduğundan kökəlmirəm. Məşqlər, stress, həyəcan, bunların hamısı öz təsirini göstərir”.
Eldar, milli mətbəximizdən plovu, hər növdə dolmanı, eyni zamanda “Paytaxt” salatını da çox xoşladığını vurğulayıb.
Qeyd edək ki, Eldar Qasımov 1989-cu il iyunun 4-də Bakıda anadan olub. O, 2001-2005-ci illərdə 2 saylı Musiqi Məktəbində fortepiano üzrə təhsil alıb. 2008-ci ildə Almaniyada vokalı, aktyor ustalığını və səhnə nitqini öyrənib. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. 2010-cu ildə həmin təhsil ocağının beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub. Hazırda magistr pilləsi üzrə təhsilini davam etdirir(APA).