Qanacaqdoldurma məntəqəsi

Çağdaş Qərb insanının xarakterində iki ünsür özünü daha çox biruzə verir.Biri etika, digəri humanistlikdir.

Görənlər də təsdiq edər, bu gün Avropanın sivil dövlətlərində vətəndaş etik davranışı və humanist addımları ilə fərqlənməyə meyllidir.Dövlət qulluqçuları etik rəftarı ilə, xüsusilə fərqlənirlər.

Avropalıları həm mədəni davranmağa, həm də humanistlik nümayiş etdirməyə nə vadar edib?Öncə dövlətə və onun qanunlarına sayğı.
Ranqından asılı olmayaraq, hər hansı bir məmur qanunlara hörmətlə yanaşmağı, vəzifəsini vicdanla icra etməyi özünün müqəddəs borcu sayır.Dövlət də məmurunu yaşadır, ona elə maaş verir ki, INSAN kimi yaşamasına kifayət edir. Dövlət eyni zamanda vətəndaşının arxasındadır.

Məmurun hünəri nədir ki, müraciət edən vətəndaşa müştəri gözü ilə baxsın, onu aşağılamağa cəsarət etsin. Ona görə ki, vətəndaşla kobud rəftarın bədəli çox ağır olur. Məmur tam müstəqil məhkəmədə böyük məbləğdə cərimə edilə bilər, işdən azad olunmaq təhlükəsi var.

Ən başlıcası, dövlət qulluqçusu öz şəxsiyyətinə və qarşısındakının şəxsiyyətinə hörmət edir, ləyaqətinə dəyər verdiyi üçün kimsənin ləyaqətini alçaltmağa cəhd etmir.
Və ona görə humanistdirlər ki, dünyanın faniliyini dərk edirlər. O səbəbdən də bizim kimi ömrü boyu “qara gün” adı altında sərvət toplamağa girişmirlər.Dövlət mexanizmi elə nizamlanıb ki, məmur da, sıravi vətəndaş da dar ayaqda onun qanunlarına güvənir. Iqtidardakılara bir, müxalifətə digər standart tətbiq edilmədiyindən nəticədə dövlətə ehtiram artır.

Bizdə necədir?Yəqin ki, dəyərli oxucu, dövlət idarələrinə işiniz düşüb və kreslo arxasında oturanların kobud rəftarı ilə üzləşmisiniz. Demirəm ki, Azərbaycanın bütün dövlət müəssisələrində çalışanların mədəni səviyyəsi aşağıdır, aralarında yüksək etikaya sahib olanlar da var. Ancaq əksər vəzifə sahibləri rəisi olduğu idarədə özünü əsl kəndxuda kimi apardığından, nəinki sıravi vətəndaşlara, hətta öz əməkdaşlarına belə yuxarıdan aşağı baxır, adamları aşağılamaqdan sanki məmnun olur.
Bəzi yüksək vəzifəlilərin televiziya ekranından ağzından çıxan kəlamları yadınıza salın.Etika cəhənnəmə, elementar tərbiyədən kənar idarə müdirləri qəbuluna gələn vətəndaşla necə rəftar edə bilər?Qanun onların ayaqlarının altında tapdalanır.Idarəetmədə tənzimləmə texnologiyası pula hesablandığından kobud rəftara fikir verən də yoxdur.Polisin adamlarla rəftarını saf-çürük edin.Bəzi icra hakimiyyəti başçılarının davranışını xatırlayın.

Vəzifənin səlahiyyətləri böyüdükcə kobudluq daha da qabarıq formada təzahür edir.Ancaq tam tərsi olmalı idi.Ağac bar verəndə başını aşağı dikmir Azərbaycanda.
Xoruzlanma başlayır.

O kəslər daha çox tərbiyəsizlik edib, daha çox xoruzlanırlar ki, yuxarıların kabinetində başlarını dizlərinin arasına girənə qədər əyirlər.Ikiqat vəziyyətdən xilas olan kimi də qanacaqlarını tabeçiliyində olanlara nümayiş etdirirlər…Maşallah, Bakının hər tərəfində yanacaqdoldurma məntəqələri açılır. Minik avtomobillərinin sayı artdığı üçün təlabat çoxalıb.Rejimin tərbiyədən, mərifətdən uzaq məmurları üçün qanacaqdoldurma məntəqələri də açılsaydı, lap yerinə düşərdi. Həftədə bir dəfə etikadan uzaq görəv sahibləri gəlib özlərinə qanacaq vurdurardılar.Ki, qanacaqsızlıq etməsinlər, camaatla adam kimi davransınlar.