“Pənah Hüseynə deyildi ki, təklifin ziyanlıdır”

Ədalət Yusifov: «Koordinasiya Şurası ondan «kölgə kabineti» ilə bağlı müzakirələrin dayandırılmasını tələb edib»

Ictimai Palatanın Koordinasiya Şurasının iclasında “kölgə kabineti”nin yaradılması təklifi müzakirə edilib. Bu barədə APA-ya IP KŞ üzvü Ədalət Yusifov məlumat verib.
O bildirib ki, iclasda “kölgə kabineti” ilə bağlı müzakirələrin ziyanlı olduğu və IP-ə aid olmadığı vurğulanıb:”Həmçinin, sosial şəbəkələrdə yayılan “kölgə kabineti” siyahısının da Ictimai Palataya aid olmadığı qeyd olundu. Məsələnin bu şəkildə davam etdirilməsinin ziyanlı olduğu IP KŞ üzvlərinin hamısının diqqətinə çatdırıldı”.
Ə.Yusifov bildirib ki, toplantıda “kölgə kabineti” ideyasını vermiş IP KŞ üzvü Pənah Hüseyndən bu istiqamətdə aparılan müzakirələrin dayandırılması tələb olunub: “Pənah bəy də Ictimai Palatanın Koordinasiya Şurasının qərarına hörmətlə yanaşdığını və bundan sonrakı təkliflərini Koordinasiya Şurasının üzvü kimi yox, Ictimai Palatanın üzvü kimi verəcəyini bildirdi”.
IP KŞ üzvü Pənah Hüseyn isə APA-ya açıqlamasında onun qarşısına “kölgə kabineti” mövzusunda müzakirələrin davam-etdirilməməsi barədə hansısa tələbin qoyulmadığını bildirib: “Söhbət ”facebook”da anonim şəxs və ya şəxslər tərəfindən verilən informasiyalardan gedir. Anonim adamdan da nəyi tələb etmək olar? Əgər Ədalət bəy belə bir şey deyirsə, onun fikrini verin. Ancaq mənə belə bir şey məlum deyil”.