Dövlət başçısının xanımı «Türk dünyasına xidmət» mükafatının təqdimatına niyə qatılmadı?
Dövlət başçısı Ilham Əliyevin xanımı Mehriban Əliyeva özünün də layiq görüldüyü “Türk dünyasına xidmət” mükafatının Bakıda keçirilən təqdimat mərasiminə qatılmadı. O, mərasimin keçirildiyi gün – iyunun 1-də Italiyanın Venesiya şəhərində növbəti Ümumdünya Təsviri Incəsənət Sərgisi – 54-cü Venesiya Biennalesində ölkəmizin pavilyonunun rəsmi açılış mərasiminə üstünlük verdi. Halbuki Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin təşkil etdiyi mərasimə yüksək səviyyədə hazırlıq görülmüşdü.
Hətta tədbirin daha təmtəraqlı alınması üçün Türkiyə prezidenti Abdulla Gülün dayısı yazıçı-tənqidçi Abdulla Satoğlu da mərasimə dəvət olunmuşdu. Bütün bunlar əlbəttə ki, Mehriban Əliyevanın mərasimə qatılacağı ümidilə edilmişdi. Həmçinin laureatlardan biri olduğu üçün dövlət başçısının xanımının mərasimə qatılmamaq ehtimalı sıfıra bərabər idi. Lakin gözlənilənlərin əksinə oldu. Iddia oluna bilər ki, Mehriban Əliyevanın “Türk dünyasına xidmət” mükafatının təqdimat mərasiminə qatılmaması hakim ailə üçün mühüm olan başqa bir mərasimin – Venesiya Biennalesinin açılış mərasiminin də iyunun 1-nə təsadüf etməsilə bağlıdır. Lakin məsələ burasındadır ki, Bakıda keçirilən mərasimdə hakimiyyətin yüksək rütbəli məmurlarından da heç kim qatılmayıb. Hakimiyyət mərasimdə YAP-çı deputat Əli Əhmədov səviyyəsində təmsil olunub. Halbuki adətən bu tip mərasimlərə Ilham Əliyevin komandasının əksər üzvləri qatılırdı. Bundan başqa, dövlət qəzetləri də bu mərasim barədə heç bir məlumat verməyiblər.
Mehriban Əliyevanın sözügedən mərasimə qatılmaması və ümumiyyətlə, hakimiyyətin bu tədbirə soyuq münasibətilə bağlı iki versiya irəli sürülür. Birinci versiyaya görə, “Türk dünyası mükafatı”nın laureatlarının çox olması hakim ailənin xoşuna gəlməyib. Yəni, laureatların sayının çox olması hakim ailənin gözündə mükafatın əhəmiyyətini azaldıb. Bu baxımdan da Mehriban Əliyeva təqdimat mərasiminə qatılmamağı üstün tutub.
Başqa bir versiyaya görə isə, Mehriban Əliyevanın tədbirə qatılmaması Türkiyəyə bir mesajdır. Bəllidir ki, Azərbaycan və Türkiyə hakimiyyətləri arasında münasibətlər bir o qədər də yaxşı deyil. “Sərhəd qalmaqalı” zamanı ziddiyyətlər, hətta qarşıdurma səviyyəsinə çatdı. Bunun fonunda Əliyevlər Türkiyə ictimai fikrinin hədəfinə gəldi. Türkiyə hakimiyyətinə yaxın olan media quruluşları da Əliyevlərin ünvanına sərt tənqidlər yağdırdı. Sonradan qarşıdurma səngisə də, münasibətlər hələ də tam bərpa olunmayıb. Bu baxımdan Mehriban Əliyevanın tədbirə qatılmamasının siyasi motiv daşıdığını güman etmək olar.
Analitik şöbə



