Əliyevdən ABŞ-a 3 milyardlıq səmərəsiz jest

«Üç milyard dollarla ABŞ-la münasibətlər normallaşa bilməz»

Azərbaycan neft pullarının 3 milyard dollarını Amerikanın qiymətli kağızlar bazarına yatırtmaq niyyətindədir. Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev bildirib ki, Azərbaycan Neft Fondunun aktivlərinin 12 faizi, yəni, təqribən 3 milyard dollar ABŞ-ın qiymətli kağızlar bazarında yerləşdiriləcək. Bundan başqa, Azərbaycanla ABŞ arasında imzalanan müqavilələr çərçivəsində ABŞ-da 12,5 min iş yeri açılacaq. Hakimiyyət təbliğatı bu xəbərləri ABŞ-la əlaqələrin möhkəmləndirilməsi kimi təqdim edərək, Vaşinqtonun da yaxın zamanlarda adekvat addımlarla rəsmi Bakıya təşəkkür edəcəyinin altını cızır. Bəs görəsən, Azərbaycanın neft pullarının ABŞ-ın qiymətli kağızlar bazarına yerləşdirilməsi nə dərəcədə səmərəli addımdır? Və yatırılan 3 milyard vəsait ABŞ üçün o qədər əhəmiyyətlidir ki, o indiyə qədər Azərbaycana qarşı irəli sürdüyü ciddi iradlarından geri çəkilsin?
Hazırda ABŞ iqtisadiyyatının ciddi problemlər yaşadığını deyən iqtisadçı Qubad Ibadoğlu bildirdi ki, ABŞ-ın cari illik kəsiri 1.3 trilyon dollar səviyyəsinə çatıb. Eyni zamanda ABŞ-da Federal hökumətin hər il 850 milyard dollar səviyyəsində yalnız borclara görə faiz ödədiyini diqqətə çatdıran Q.Ibadoğlu vurğuladı ki, bu, kifayət qədər böyük məbləğdir: “ABŞ-da borcların səviyyəsi 12 trilyon 800 milyard dollar səviyyəsinə çatıb. Demək olar ki, ABŞ-ın ümumdaxili məhsulu səviyyəsində borcları var. Balansında kəsiri olan bir ölkəyə, xüsusilə qiymətli kağızlar bazarına Azərbaycanın investisiya yatırımı, sözün doğrusu, bir qədər təəccüblüdür. Çünki ən azı ABŞ-ın iqtisadiyyatı ilə bağlı müxtəlif fikirlər var və analitiklər iqtisadiyyatda bu vəziyyətin davam edəcəyi təqdirdə dolların dəyərsizləşməsi prosesinin başlayacağını proqnozlaşdırırlar.
Hətta ABŞ-dakı bu borc böhranının yeni maliyyə böhranının əsası olacağını deyənlər də var”.
Q.Ibadoğlunun sözlərinə görə, Azərbaycanın ABŞ-ın qiymətli kağızlar bazarına yatırımının hansı məqsədlərlə edilməsindən asılı olmayaraq, iqtisadi baxımdan bu, o qədər də gəlirli addım sayıla bilməz. Bu addımın daha çox strateji, siyasi maraqlara uyğun olaraq atıldığını istisna etməyən Q.Ibadoğlu vurğuladı ki, Azərbaycanın 3 milyardının ABŞ-la münasibətləri normallaşdıracağını düşünmək yanlışdır: “Üç milyard dollarla ABŞ-la münasibətlər normallaşa bilməz. Çünki üç milyard ABŞ üçün çox kiçik məbləğdir. Digər tərəfdən, o məntiq səhvidir ki, ABŞ-a investisiya qoyan ölkə ilə Vaşinqton münasibətləri normallaşdırır. O məntiqlə yanaşsaq, ABŞ bazarında ən böyük paya sahib ölkə Çindir. ABŞ-ın isə Çinlə əlaqələri məlumdur”.

Xəyal