Nazim İbrahimovun özbaşınalığı karyerasının təhlükə altına düşməsinə səbəb olub
Diaspora Məsələləri üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun tutduğu vəzifədən azad ediləcəyi ilə bağlı qərar qəbul olunduğu barədə məlumat vermişdik. Bildirmişdik ki, Prezident Administrasiyasında qərara gəlinib ki, artıq Nazim Ibrahimova əlvida deməyin vaxtı çatıb.
Yaxın günlərdə komitə sədrinin işdən olunacağı barədə prezident sərəncamının oxunacağı gözlənilir. Onu da qeyd etmişdik ki, gələn xəbərlərə görə, Nazim Ibrahimovu səlahiyyət müddəti başa çatmış və ya çatmaqda olan səfirlərdən biri əvəzləyəcək. Bu sırada diqqət Məhərrəm Əliyev, Əli Nağıyev, Eldar Həsənov və Namiq Abbasovun üzərinə yönəlir. Çünki Tacikistanda səfir olan Məhərrəm Əliyevlə, Azərbaycanı Belarusda təmsil edən Əli Nağıyevin səlahiyyət müddəti başa çatıb və artıq onlar geri çağırılıb. Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovla, Özbəkistandakı səfir Namiq Abbasovun isə səlahiyyət müddəti başa çatmaq üzrədir. Ehtimal olunur ki, Nazim Ibrahimov bu şəxslərdən biri ilə əvəzlənəcək.
Dünən isə redaksiyamıza Nazim Ibrahimovun “vurulması”nın səbəbi barədə məlumatlar daxil olub. Məlumatlarda başlıca səbəb kimi son vaxtlar komitə sədrinin adının bir sıra xoşagəlməz hadisələrdə, xüsusilə Bakının Azadlıq və Həsən Əliyev prospektlərinin kəsişməsində yerləşən ərazi ilə bağlı qalmaqalda hallanmasıdır. Söhbət vaxtilə Dövlət Təhlükəsizlik Komitəsi və Mərkəzi Komitənin işçiləri üçün tikilən üç binanın həyətindən gedir. Sözügedən binalarda yaşayanlar sırasında baş nazirin müavini Abid Şərifov, keçmiş rabitə naziri Nadir Əhmədov da var. Oxucuların diqqətinə çatdıraq ki, hələ ötən ilin martında Nərimanov rayon Icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev sərəncam imzalayaraq, “Galaxy Palace” MMC-nin sahibi Sahib Ibrahimova sözügedən binaların həyətində biznes mərkəzi tikməyə icazə verib. Lakin binaların sakinləri bunu eşidən kimi, etiraz edərək, tikintinin qarşısının alınması üçün müxtəlif qurumlara, o cümlədən Nərimanov rayon məhkəməsinə müraciət ediblər. Etirazların nəticəsi olaraq dövlət başçısı Ilham Əliyev məsələyə müdaxilə edib. O, Kür daşqınlarıyla bağlı müşavirədə məhz həmin tikinti ilə bağlı Hacıbala Abutalıbova göstəriş verib: “Bugünkü gün Bakının bəzi yerlərində parklarda bəzi icra hakimiyyətlərinin rəhbərləri ofis binaları tikdirmək istəyirlər. Bu yaxınlarda mənə verilən məlumata görə, rayonların birində evlərin arasında mövcud olan parkda – harada ki, camaat yığılıb dincəlir, orada ofis binaları tikmək istəyirlər. Yəni, belə çıxır ki, artıq oradakı bütün torpaqları satıblar, bircə parklar qalıb. Mən Hacıbala Abutalıbova ciddi göstəriş verdim ki, lazımi tədbirlər görülsün”.
Bundan sonra Abdin Fərzəliyev tikinti aparılması ilə bağlı verdiyi sərəncamı ləğv etmək məcburiyyətində qalıb.
Lakin bir müddət keçdikdən sonra icra başçısı tikintiyə icazə verilməsi barədə əvvəlki sərəncamının bərpa edilməsi barədə yenidən sərəncam imzalayıb.
Məlumatlarda deyilir ki, Ibrahimov qardaşları bu məsələdə Ilham Əliyevin adından istifadə edib. Bildirilir ki, Abdin Fərzəliyev artıq məsələyə dövlət başçısının müdaxilə etdiyini əsas gətirərək mövzunu qapatmaq istəyib. Lakin Ibrahimovla icra başçısını inandırıblar ki, dövlət başçısı ilə bu barədə söhbət edilib və o, tikinti aparılmasına razılıq verib. Bundan sonra Abdin Fərzəliyev əvvəlki sərəncamını bərpa edib. Məlumatlara görə, sonradan Ilham Əliyev bu məsələdən agah olub və Nazim Ibrahimovun bu özbaşınalığına görə “qələm”inin qırılması qərarına gəlinib.
Informasiya şöbəsi



