Kiçilən böyük dünya

Bu yaxınlarda Ingiltərənin Norfolk bölgəsində yaşayan 7 yaşlı rəssam Kieron Viliamson haqqında maraqlı bir xəbər oxudum. Xəbərdə deyilirdi ki, bu balaca rəssamın 33 əsərdən ibarət kolleksiyası yarım saat içində satılaraq ona böyük sərvət qazandırıb. Kieron sulu və yağlı boya ilə çəkdiyi əsərlərdən bir dəfəyə 150 min sterlinq əldə edib. Evlərindəki mətbəxin bir köşəsində özünə emalatxana quran balaca dahi daha çox mənzərə rəsmləri çəkir. Onun “Morstonda günəşin qürubu” adlı ən bahalı işi 7 min 995 sterlinqə satılıb. Bu yaradıcı oğlanın məşhurlaşmasında önəmli rol oynayan amillərdən biri də dünyanı yaxınlaşdıran və kiçildən müasir texnologiyanın gücüdür. Onun əsərləri artıq sərhəd tanımadan telefon və internet vasitəsilə dünyanın bir çox ölkəsinə satılır…

Bu maraqlı hekayəti oxuduğum internet səhifəsində dünyanın bir çox ölkələrinə neft satan və ondan milyardlar qazanan ölkəmiz haqqında da yazılmışdı. Faktların diliylə danışan məqalə müəllifi deyirdi ki, ötən il Dövlət Neft Fondunun büdcə gəlirləri 13 milyard 88,5 milyon manat olub. Yazar bu böyük məbləğin israfçı şəkildə xərcləndiyini vurğulayaraq, onun əsasən infrastruktur layihələrinə, yol və körpü tikintisinə xərcləndiyini yanlış addım kimi qiymətləndirmişdi. Haqlı olaraq bildirmişdi ki, indi Azərbaycanda iqtisadiyyat neftdən asılı vəziyyətə düşüb, qeyri-neft sektoru ölmüş haldadır və bütünlükdə iqtisadiyyat üzərində monopoliya hökm sürür…

Bəlkə bəhs etdiyim bu iki yazı arasında bir bağlılıq yoxdur. Ortaq nöqtə odur ki, işıq sürəti ilə dəyişən dünyanın  reallıqları bütün böyük və kiçik gerçəkləri anında ortaya qoyur. Yer kürəsi o dərəcədə aydınlanıb ki, gizlənəcək kiçik bir bucaq belə qalmayıb. Dünyanın bu başından o başına baxanda hər şey açıq görünür. O dərəcədə açıq görünür ki, burada kiçik bir şərq ölkəsində oturub yüksək tərəqqidən, demokratiyadan, bənzəri olmayan inkişafdan danışmaqla kimsəni tovlamaq olmur. Söylədiyin hər yalanı anında üzünə oxuyurlar. Çünki insanlıq yalnız yalan üzərində qurulmayıb, həqiqəti görən və söyləyənlər də var.Illər öncə Azərbaycana neft gəlirləri axını başlamazdan əvvəl iqtisadiyyat sahəsində ixtisaslaşmış bir xarici ekspert ölkəmizlə bağlı fikirlərini yazmışdı. O, ölkə rəsmiləri ilə müsahibələrinə əsaslanaraq bu böyük gəlirlərin tikinti işlərinə sərf olunacağını proqnoz vermiş, bunun çox qorxulu tendensiya olduğunu vurğulamışdı. Əcnəbi yazar çox haqlıydı. Çünki bu, dünyada neft pullarını qeyri-şəffaf xərcləməyin, mənimsəməyin ənənəvi yoludur ki, sonda həmin ölkəni acı fəlakətlərə aparıb çıxarır. Təbii sərvətlər sarıdan bəxti gətirənlər sırasında onu düzgün idarə edən, qənaətlə xərcləyən, daha çox iş yerlərinin açılmasına və ağıllı şəkildə insanların rifahına yönəldən ən ideal ölkə Norveçdir. Bu ölkəyə səyahət edən dostlarımız da etiraf edir ki, orada neft pulları hesabına nə Bakıdakı kimi bərli-bəzəkli körpülər, nə də şəhərin simasını çirkinləşdirən əcaib göydələnlər tikilib. 

Amma Norveç insan yaşayışı və rifah səviyyəsi ilə dünyanın ən öncül ölkələri sırasında yer alır. Azərbaycan bu yolla gedə bilməzdimi? Indi bu suala cavab tapmaq çox çətindir. Neft pullarının böyük bir hissəsi uğursuz şəkildə xərclənib gedib və israfçılıq eyni dərəcədə  davam etməkdədir. Məsələ burasındadır ki, xarici ölkələrə ixrac olunan neft həcmi ildən-ilə azalmaqdadır və yaxın zamanda tamam tükənəcək. O zaman bizi neft bumunun arxasınca səfalət yaşayan Nigeriyanın taleyi gözləmir ki?