Hər evdə özünü asmağa hazır bir adam varkən…

Adı “ən uzun bayraq dirəyi”mizdən daha uzun bir gənclər təşkilatı “Eurovision-2012″yə qədər Bakıda ”Hər evdən bir bayraq asaq!” aksiyası başladıb. Gələn ilin mayınadək biz bu cür mənasız təşəbbüslərin hələ çox şahidi olacağıq. Hərə ağlına gələn təklifi irəli sürəcək, ara yerdə bizim baş-beynimiz xarab olacaq.Hər evdən bir bayraq asmaq istəyən gənclərimizə məsləhət görürəm, “mediaforum”un təzəlikcə keçirdiyi sorğunun nəticələri ilə tanış olsunlar. “Şəxsi mənziliniz varmı?” adlı həmin sorğunun nəticələri belə olub:Kirayədə yaşayıram – 29.75%

Valideynlərimlə yaşayıram – 27.27%

Mənzilim var, ancaq darısqaldır – 19.83%

Geniş mənzilim var – 12.4%

Yataqxanada yaşayıram – 8.26%

Qohum evində yaşayıram – 2.48%. 

Yəni, anlayacağınız, orada iştirak edənlərin 87 faizindən çoxu faktiki evsizdir, şəxsi mənzilə sahib deyil. Əslində bunu anlamaq üçün sorğuya da gərək yoxdur. Ətrafımıza diqqət yetirmək kifayətdir. Azərbaycanda mənzil sahibi olmaq böyük çoxluğun yuxularına girir. Yalnız güclü fantaziyası olanlar bu ölkədə quru maaşla ev almağı xəyal edə bilərlər.

Amma indi bizim o çox ağıllı gənclərimiz bu boyda problemi bir kənara qoyub, görməzdən gəlib təklif edir ki, hərə evindən mütləq bir bayraq assın. Bəs evi olmayanlar neyləsin? Gedib özünü assın?

Necə ki, asır da. Zəhmət çəkin, gedin intihar statistikaları ilə tanış olun. Əksər özünəqəsd xəbərlərində “kirayədə yaşadığı mənzildə özünü öldürüb” cümləsi keçir. Məmləkətin gerçək dərdi budur. Bununla uğraşın. Bunun üzərinə gedin. Bunun hesabını istəyin. Cabbar Savalanlı kimi. O da  yaşadığı evdən bayraq asmışdı. Amma bilirdi ki, bu azdır. Bilirdi ki, insanların ləyaqətinin, mənliyinin alçaldığı bir ölkədə, bayrağı nə qədər uzun dirəyin ucuna sancırsan sanc, o ucalıqda durmaz. Necə ki, durmur da, iki gündən bir əyilir. Çünki bayrağı uca tutan dirəklər deyil, insanlardır. Insanlar alçalarkən bayraqlar necə ucalacaq?

Bu gün Azərbaycan haqsızlığa, ədalətsizliyə, işsizliyə, yoxsulluğa, evsizliyə təslim edilib. Insanlar gələcəyə ümidlərini itirib. Böyük çoxluq tunelin sonunda işıq görmür. Nə vaxtsa gerçəkdən də azad, özgür, firavan bir ölkənin vətəndaşı olacağından əlini üzüb, həyata küsüb. Elə ona görədir ki, intihar xəbərləri olmadan keçmir günümüz. Hər gün bir evdən intihar xəbəri çıxır. Və bu gedişlə günlərin birində bu ölkədə kiminsə durub özünü asmadığı bir ev qalmayacaq.

Amma sizin dərdinizə baxın: “?Hər evdən bir bayraq asaq!”. Allah güldürsün, başqa nə deyim. Çox maraqlı bir proses

Dəfələrlə yazmışam və yenə də yazıram: Bu ölkənin ilk prezidenti, Müstəqillik Aktının altında imzası olan Ayaz Mütəllibovun mühacirətdə çürüdülməsi utancların böyüyüdür, Əliyevlərin alnındakı ən böyük ləkələrdən biridir və hər zaman nifrətlə xatırlanacaqdır. Bundan sonra yazacaqlarım bu həqiqəti dəyişdirmir, dəyişdirə də bilməz!

Indi isə mətləbə gəlim. Ayaz müəllim son müsahibəsində Azərbaycanın Ermənistanı 50 il qabaqladığını deyib. Hər iki ölkədə hakimiyyət başında korrupsioner, oğru, kriminal qruplar dayandığından Azərbaycanla Ermənistan bir medalın iki üzünə çevrilib, onlar geridəqalmışlıqda bir-birindən qəti geri qalmırlar. Amma Ayaz müəllim deyirsə ki, biz onları 50 il qabaqlamışıq, mənim buna bir sözüm yoxdur, ola bilər bu saat Ermənistanda eramızın 926-cı ilidir, bizdə isə təqvim artıq 976-cı ili göstərir.

Mən sadəcə bir şeyi başa düşmürəm, bir halda ki, çağın bu qədər gerisindəyik, modern dünyadan ən azı 1000 il arxada qalmışıq, Ermənistanı 50 deyil, lap 100 il qabaqlasaq nə olacaq?

Dahası da var: bir il əvvəl Ayaz müəllim oxşar bir müsahibə verib Ermənistanı 20-30 il qabaqladığımızı söyləmişdi. O vaxt onun bu sözlərini rejimin ürəyini yumşaltmaq, vətənə dönüşünə izn almaq cəhdi kimi yozmuşdum. Amma faydası olmamış ki, Ayaz müəllim “stavka”nı yüksəldib, 20-30 ili 50 ilə qaldırıb. Maraqlı prosesdir, şəxsən mən Azərbaycan Ermənistanı neçə il qabaqlayandan sonra Ayaz Mütəllibovun vətənə dönə biləcəyini həsrətlə gözləyirəm.