İran prezidenti neft naziri postundan imtina etdi
Iranda prezident Mahmud Əhmədinejadla ölkənin ali dini lideri ayətullah Əli Xamneyi arasında gərginlik davam edir. Dini liderə yaxın rəsmilərin və nüfuzlu ruhanilərin prezidentə yönəlik hücumları artıb. Iran Islam Inqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) komandanı Məhəmməd Əli Cəfəri ali dini lider Əli Xamneyiyə müraciət edərək Mahmud Əhmədinejadın həbsinə icazə istəyib. Məlumatı dini liderin sözçüsü Abdulnabi Namazi də təsdiqləyib.
Yayılan məlumatlarda Əhmədinejadın Xamneyini devirməyə cəhd göstərdiyi iddia olunur. Ali dini lider prezident istisna olmaqla, çevriliş cəhdində iştirak edənlərin hamısının həbsini tələb edib. Əhmədinejad isə xəbərdarlıq alıb. Namazinin fikrincə, ali dini lider və prezident arasındakı qarşıdurma Əhmədinejadın istefası ilə nəticələnə bilər. Onu da əlavə edək ki, Iranda ali dini liderə xəyanətin cəzası edamdır.
Bundan başqa, Iran prezidenti Mahmud Əhmədinejad neft sənayesi naziri postunu tutmaqdan imtina edib. Prezidentin fərmanı ilə bu vəzifəyə sabiq idman naziri Məhəmməd Əli Abadi təyin olunub.
Iran parlamentinin enerji komissiyasının sədri Həmidrza Katuziyan Əhmədinejadın Məhəmməd Əli Abadini neft naziri əvəzi təyin etməsinə qarşı çıxıb. Onun sözlərinə görə, neft və qaz üzrə heç bir təcrübəsi olmayan Məhəmməd Əli Abadi nazirlik işçiləri ilə dil tapa bilməyəcək və işinin öhdəsindən gələ bilməyəcək: “Bu, ölkənin neft və qaz sənayesi sahəsi, eləcə də Neft Nazirliyi ilə bağlı edilən ən pis seçimdir. Bu kimi qərarlar ölkəni təhlükə ilə üz-üzə qoyacaq”.
Enerji komissiyasının rəhbəri Əli Abadinin nazir təyin olunmasına parlamentin razılıq verməyəcəyinə əminliyini gizlətməyib. Katuziyan bildirib ki, Neft Nazirliyinə başçılıq etmək istəyən şəxs dünya siyasətindən məlumatlı olmalıdır. Ola bilsin ki, Əli Abadi prezident Əhmədinejad üçün ən yaxşı seçim sayılsın. Lakin məsələyə milli maraqlar baxımından yanaşmaq lazımdır.
Xatırladaq ki, prezidentin nazirliyə rəhbərliyi öz üzərinə götürməsi hakimiyyət daxilində ciddi etirazla qarşılanmışdı. Iran parlamenti ölkə prezidenti Mahmud Əhmədinejadı vəzifədən çıxardığı neft sənayesi naziri postuna rəhbərliyi öz üzərinə götürdüyünə görə, məhkəməyə vermişdi. Iran Islam Respublikası Konstitusiyasının Məsləhət Şurası isə bildirmişdi ki, Iran prezidenti ölkənin neft nazirinin vəzifələrini icra edə bilməz.
Informasiya şöbəsi


