Heydər Əliyevin Xocalı faciəsindən iki gün sonra…

1992-ci ilin Xocalı soyqırımından sonra 3 gün matəm elan olunduğunu bilmirdim. Onu da bilmirdim ki, matəmin ikinci günü o zaman Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Ermənistan rəhbərliyi ilə görüşüb-öpüşüb. Təkrar edirəm, gülərək görüşüb, öpüşüb.

Bunları 1992-ci ilin “Yeni Müsavat” (10 sentyabr 25 (43) sayı) qəzetindən oxuyaraq öyrəndim. Aman, qalxıb, bu, qəzetin iftirasıdır deməyin. O fikirləri yazan adamın kimliyinə diqqət verək. Bu, Rauf Arifoğlu deyil, heç Qabil Abbasoğlu da…

Heydər Əliyevi bir sıra cinayətlərdə – ermənilərlə separat danışıqlardan tutmuş, ərzaq və yanacaq qaçaqmalçılığına qədər ittiham edən məqalənin müəllifi indiki deputat Fərəc Quliyevdir. Onun mandatı ən saxta mandatlardandır, buna 33 saylı seçki dairəsində müşahidəçi kimi əlimi ürəyimin üstünə qoyub, vicdanla tam şəhadət gətirə bilərəm. Ancaq mövzu Fərəc bəyin saxta mandatını müzakirə etmək deyil.

Əlbəttə, dünya şöhrətli, uzaqgörən adlandırılan bir siyasətçinin millət matəm içindəykən ermənilərlə öpüşüb, gülüşməsi yaxşı əlamət deyil. Ən dəhşətlisi odur ki, banisi bu cür hərəkətlər edən hökumət indi müxalifəti ermənipərəstlikdə ittiham edir. Eynulla Fətullayev, Ruslan Bəşirli kimi gəncləri elə qondarma ittihamlarla həbsə atır.
Lakin bu məqalə məndə məhz Fərəc Quliyevin indiki mövqeyinə görə daxili təlatüm yaratdı.

Ilham Əliyev heç bir parametrinə görə Heydər Əliyev deyil. O, nə atası kimi qəddardır, nə də güclü siyasətçi. Ilham Əliyevin opponentlərini əzəcək keçmişi, xarizması heç yoxdur. Lakin bu nə hikmətdir, Heydər Əliyev kimi tirana qarşı duranlar, bu gün psevdodiktator Ilham Əliyevin yanındadılar.

Əlbəttə, Fərəc bəy bu sətrləri oxuyarkən, müəllifi qınaya, hətta öz Facebook hesabında “mən böyük Elçibəy yolundayam” yaza bilər. Iki-üç siyasi səbatsızı bu statusa inandırmağı da bacarar. Ancaq, ən azı o özü, bu prosesi diqqətlə izləyənlərdə belə fikri (olacaqsa) acı gülüşlə qarşılayar.

Fərəc Quliyev kimi insanlar az deyil. Bu cür insanlara gözümü yumub “hamısı Heydər Əliyevin əvvəlcədən hərəkata soxuşdurduqlarıdır” kimi asan təyinat vermirəm. Bəs insanlar niyə belə dəyişir? Axı Ilham Əliyev çox vədinə xilaf çıxsa da, mərhum atasının siyasi kursuna sədaqətli olacağı barədə dediklərində prinsipialdır. Vəziyyət Heydər Əliyevin zamanından da pisdir. Insanlara yenə zülm olunur, yaltaqlıq, şəxsiyyətə pərəstiş epidemiya həddindədir. Buna baxmayaraq, güclü rəqib qarşısında mətin mübarizlik göstərənlərdən zəif rəqiblə döyüşdən yayınıb fərarilik edənlər var. Bu yerdə Əbülfəz Elçibəylə bağlı dəfələrlə paylaşdığım bir xatirəni yada salmaq istəyirəm. Bir dəfə BDU tələbələri ilə görüşdə Heydər Əliyevdən heç bir çəkinməyinin, ehtiyatlılığının olmadığını bildirmək üçün o, “Dəfinələr adası” romanından sitat gətirdi. O romanda ucqar bir adaya düşən macərapərəstin qulağına ölmüş bir nəfərin səsi gəlir. Adam qorxanda yoldaşı ona “mən heç diri ikən onun səsindən qorxmamışam, indi ölüsünün səsindən qorxacağam?” deyir. Əbülfəz bəy də SSRI-dən diriykən qorxmadığı halda, indi o ölü sistemin məmuru olmuş Heydər Əliyevdən qorxmağın gülünc olduğunu bildirdi.
Işə baxın, SSRI də, onun məmuru da əbədiyyətə qovuşub, ancaq SSRI-ni qətlə yetirməyi ilə öyünənlər Ilham Əliyevlə mübarizədən yayınırlar.

Niyə belədir? Onlar yoruldularmı? Qocaldılarmı?Məncə yox… Hər şeyin bir yararlılıq müddəti var. Məsələn, çox faydalı “Badamlı” mineral suyunun qapağını açıb günlərlə saxlayandan sonra o, öz tərkibini itirir. Onu içmək ziyan gətirir.  

Ancaq bal və şərabda tərsinədir, onlar ildən-ilə keyfiyyətlərini müsbətə dəyişirlər. Illər keçdikcə müsbətə dəyişən insanlarla Azərbaycan dəyişiləcək.Heydər Əliyev haqda Fərəc bəyin ictimailəşdirdiyi faktı isə, siz Allah, orda-burda deməyin, düşmən dilinə düşər, dövlətçiliyimizə xələl gələr.