Heydər Əliyev Qambay Məmmədovu “70 min rubl”la şantaj edir

Günahsızı həbsdən azad etmək böyük qalmaqal yaratdı…

70-ci illərin ağır cinayət olayları barədə mühüm işlər müstəntiqi Koliniçenko danışır

Seyidovun günahsızlığı açıq-aşkar görünürdü. Ancaq qrupda prokurorluğun müstəntiqi vardı, rayon prokuroru da bu əməliyyata icazə vermişdi, sonra da həbs etdi… Maşın işə düşmüşdü, amma dişli çarx bir tərəfə fırlanırdı. Hər şey komissiya sədrini günahkar çıxarmağa yönəlmişdi. Amma Seyidov da barışmaq istəmirdi. Hər yerə şikayət yazırdı. Işi bir neçə dəfə respublika prokuroru istəmişdi, müxtəlif prokurorlar araşdırmışdı. Hamı da eyni nəticəyə gəlirdi: Seyidov qanunsuz həbs edilib, günahı yoxdur.

əvvəli ötən saylarımızda

Amma hamı “rüşvətxorluqla mübarizə”nin adından çəkinirdi, yaxud “mafiya dəstəsinə” yazdırılmaqdan qorxurdular. Buna görə də heç kim bu ədalətli qərarı çıxarmaq istəmirdi. Bu səbəbdən Seyidov altı ay həbsxanada yatdı. Istintaq müddətini bundan sonra yalnız respublika prokuroru uzada bilərdi.
Qambay Məmmədovun yanında operativ müşavirə keçirildi, məsələ müzakirə olundu. Hamı eyni fikirdəydi, işi bu vəziyyətdə məhkəməyə göndərmək olmazdı. Seyidov azadlığa buraxıldı, amma onun “əlində rüşvət tutanlar” vəziyyətlə barışmaq istəmirdilər.

Əlçatmaz və qorxunc məxfilik…

Azərbaycan elə də böyük respublika deyil, rəhbərlikdəkilər də bir-birlərini yaxşı tanıyırlar. Siyasi konyunktura ilə oynamağı bacarmayanlar yerlərini tez itirirlər. Əliyevin  respublika prokuroru ilə münasibətlərindən istifadə etmək istəyənlər bu məqamı əldən vermədilər. Kadr məsələsində partiya rəhbərliyinin “KQB” və Daxili Işlər Nazirliyinin məxfi informasiyalarının mühüm rol oynadığını da heç kim unutmurdu. Çünki “məxfilik” adı altında istənilən adama istənilən böhtanı atmaq olardı. Bunun yoxlanılma mexanizmi də yoxdu. Bir də ki, respublika rəhbəri də, heç bunun  həqiqiliyinin üzə çıxmasına tərəfdar deyildi. Kiminsə özünü təmizə çıxarması o qədər çətindi ki, buna görə susmaq, başını yelləmək və infarkt olmaq əsas çıxış yolları sayılırdı.
Maraqlı olanlar Əliyevə belə bir informasiya verdilər ki, Seyidovun işinə xitam vermək üçün respublika prokurorluğunda kimsə 70 min rubl rüşvət alıb. Guya bu pulu Seyidovun qohumları və həmkəndliləri toplamışdılar.
Bir qədər irəli gedib söyləmək istəyirəm ki, mən bu işi araşdırarkən bir nəfər pul verən, yaxud alan tapa bilmədim. Ən  təəccüblüsü bu idi ki, KQB  və DIN-dən mənə məlumat verdilər ki, onlarda kiminsə pul yığması və yaxud rüşvət verməsi haqqında heç bir məlumat yoxdur və  heç vaxt olmayıb.

Əliyevin birbaşa hücumu…

Heydər Əliyev Qambay Məmmədovu yanına çağırdı. Söhbətləri həddindən artıq ağır keçdi və qarşılıqlı ittihamlarla qurtardı. Geri dönən Qambay Məmmədov Seyidovun işinə xitam verilməsi haqda qərarını ləğv etdi və Seyidov yenidən həbs olundu. Bir həftə ərzində iş respublika Ali Məhkəməsinə göndərildi və doqquz gündən sonra Seyidov on üç il azadlıqdan məhrum edildi. Onda Qambay Məmmədov düşünmürdü ki, Əliyev onun icra etdiyi bu sistemlə onun ətrafını və axırda özünü də sıradan çıxaracaq…
Məhkəmə qərarı qüvvəyə minən kimi Əliyev Seyidovun azad edilməsində iştirak edənləri cəzalandırmaq imkanı qazandı. Bu məsələdə rolu olanların hamısı prokurorluqdan qovuldular, bir qismi partiyadan xaric edildilər.
Bir neçə il sonra mən bu məsələni araşdırarkən heç nəyi aydınlaşdıra bilmədim. Yazılmış qərardan bir nəticəyə gələ bilmədim ki, bu adamlar prokurorluqdan niyə qovulublar, partiyadan niyə çıxarılıblar?

“Istənilən halda haqqın təntənəsini mən görməsəm də, uşaqlarım görəcək”

Mən bu müəmmalı işin iştirakçılarının birindən, saçları vaxtından tez ağarmış, tez qocalmış, hələ sındırılmayan Cavadovdan bunun səbəblərini soruşdum. O dedi:
– Onda bəraət almaq faydasız bir iş idi. Hamı dəmir əlin qorxusu altındaydı, məhv etmək üçün onlara əsas lazım deyildi, bunu özləri quraşdıra bilirdilər. Bizi partiyadan çıxaranda yoldaşlarımızın hamısı bir nəfər kimi səs verdi. Onların bizə yazığı gəlirdi, bir-birlərinə bunu qorxa-qorxa  da olsa deyirdilər, amma bir fakta inanırdılar: Mərkəzi Komitə hər şeyi daha yaxşı görür. Mərkəzi Komitə deyəndə əlahiddə güc sahibi Heydər Əliyev nəzərdə tutulurdu. Sonradan o bizim etiraflarımızla qərarını rəsmiləşdirmək, yəni, özünə haqq qazandırmaq istədi. O, bizdən tövbə məktubları yazmağımızı tələb etdi. Mən onun vəkillərinə söylədim ki, bu həyatda ədalətin bərpasına inanmıram, günahım yoxdur, aman istəməyəcəyəm və onun qarşısında dizi üstə dayanmayacağam. Mən onlara dedim: “Istənilən halda  haqq öz yerini tutacaq! Mənə çatmasa da, uşaqlarıma bu qismət olacaq!”

Qambay Məmmədovu prokurorluqdan qovdular, amma…

Bu ola bilməzdi, buna yol verilmirdi… Seyidov haqqında cinayət işinə xitam verilməsi və yenidən bərpası, onun mühakimə olunması, bu məsələdə günahkarların cəzalandırılması Qambay Məmmədov üçün hazırlanan şəxsi qovluğun zorla yazılan səhifələri idi. Babayevin həbsi bu qovluğun girişi və əsas motivlərindən biriydi. Niyə görə Əliyev Respublika Prokurorluğunun partiya tərəfindən yaradılan komissiya tərəfindən yoxlanılmasına tərəfdar olmadı? Əliyev özü dirijorluq edərdi, amma partiya uduza bilərdi…
Azərbaycan KP MK bürosunun qərarı ilə Qambay Məmmədov respublika prokuroru vəzifəsindən azad edildi. Roman Andreyeviç Rudenkoya az bir iş qaldı: əmrini vermək, işdən çıxarmaq. Rudenko bunu yerinə yetirdi. Heydər Əliyev və  digərləri ikili standartla, ikili asılılıqla Qambay Məmmədovu vəzifəsindən uzaqlaşdırdılar.

Sabiq prokuroru qonşusu olan yeni prokurorun əli ilə boğacaqdılar

Respublikanın yeni prokuroru “KQB” sədrinin müavini, Qambay Məmmədovun qonşusu Abbas Zamanov təyin olundu. O, prokurorluq işindən çox uzaq bir adamdı. Məmmədovu pensiyaya göndərdilər, amma deputat olaraq qaldı. Əliyev ipə-sapa yatmaz prokuroru bu yolla sakitləşdirmək istəyirdi…
Amma Məmmədov bunu qiymətləndirə bilmədi. Ona iş təklif etdilər, razı olmadı. Prokuror kimi geri dönəcəyi barədə düşündü. Bu, olan iş deyildi, Əliyevi aldatmaq mümkün deyildi: “Mən səni nomenklatur işə necə təyin edim? Sabah Moskvaya ərizə yazacaqsan, bəs onda niyə işdən çıxarırdın, soruşmazlarmı?”
Beləcə qarşıdurma bir neçə il davam etdi.

Rəyasət Heyətində oturan Heydər Əliyevə hücum!

Heydər Əliyev Rəyasət heyətində oturmuşdu. Qambay Məmmədov Rəyasət Heyətinə sarı gedirdi, yoxsa tribunaya – bilinmirdi. Yerdən söz atanlar, onu yolundan döndərmək istəyənlər də oldu. O, daha çox birinci katibin əməllərindən danışdı. O, çox söz deyə bilmədi, onu deputatlar, mühafizə xidməti tribunadan sürüyüb apardı.
Elə bil bütün zal bir işarə gözləyirmiş. Hamı “prokurorluğu dağıdan” Qambay Məmmədova hücuma keçdi…

Süleyman Rüstəm iclası bağlı elan edir, amma bir nəfər replika tələb edir

1978-ci ilin dekabrı. Azərbaycan SSR Ali Sovetinin  doqquzuncu çağırış növbəti sessiyası gedirdi. 1979-cu ilin sosial-iqtisadi inkişafı ilə bağlı büdcə müzakirə edilirdi. Sədrlik edən Azərbaycanın xalq şairi Süleyman Rüstəm müzakirələrin başa çatdığını elan etdi.

***

Bütün sessiya boyu içində bir qüvvə onu çıxış etməyə çağırırdı. Əlinin necə yuxarı qalxdığını xatırlamadı:
– Replika üçün söz istəyirəm.
Sədrlik edən bir anlıq nə edəcəyini bilmədi. Kömək axtaran adam kimi ətrafına boylandı. Rəyasət Heyətinə baxdı, “bəlkə kimsə dillənəcək”, – deyə düşündü. Amma heç kim bir işarə vermədi. Araya elə bil ölüm sükutu çökdü. Sədrlik edən səsə qoyub, “yekdilliklə qəbul edildi” sözlərini deməliydi və “icazə verin sürəkli və davamlı alqışlarınızı… hesab edək…”
Replika üçün heç nə yazılmamışdı. Yaranan fasilədən istifadə edən deputat Qambay Məmmədov artıq tribunada dayanmışdı. Nəfəs dərmədən çıxışa başladı:

Qambay Məmmədov parlament tribunasında Əliyevi ittiham edir

– Deputatları məlum edirəm ki, respublika prokuroru kimi 1971-ci ildən başlayaraq yazılı şəkildə rəhbərliyi, yəni Azərbaycan KP MK-ya, Ali Sovetin Rəyasət Heyətinə, Nazirlər Sovetinə, şəxsən Heydər Əliyevə respublikada həm kənd təsərrüfatında, həm sənayedə dövlət əleyhinə geniş miqyaslı  əməliyyatlar aparıldığı barədə məlumat vermişəm. Ancaq bu informasiyalar bütün səviyyələrdə qulaqardına vurulub. Mən  dəfələrlə – 15 dekabr 1976-cı ildə, 12, 21 aprel, 16 sentyabr 1977-ci ildə Azərbaycan KP MK bürosuna, MK-nın Nəzarət Təftiş Komissiyasına yazılı şəkildə müraciət edərək respublikada vəziyyətlə bağlı əlavə məruzəmi dinləmələrini və tədbirlər görmələrini xahiş etmişəm. Mən 6 teleqram vuraraq deputat yoldaşlarımdan məni dinləmələrini xahiş etmişəm. Amma mahiyyətinə görə məni heç kim qəbul etməyib. Mən respublikadakı vəziyyəti yaxşı bilirəm və bəyan edirəm ki, danışılan bütün nailiyyətlər həqiqətə uyğun deyil və mən bunlara şübhə edirəm. Mən əminəm ki, bütün təltiflər qabaqcadan, yoxlanılmadan verilib, respublikada real vəziyyəti əks etdirmir.

***

Stenoqrama görə, bu yerdə sədrlik edən elə bil yuxudan ayılır və mikrofon yadına düşür:
– Məmmədovun çıxışını davam etdirməsinə ehtiyac varmı?

(ardı var)

Surxay Hüseynli