Hakimiyyət Avropa Şurasını necə aldadıb?

Anar Məmmədli: «Hökumət öhdəliklər götürüb icra etməzsə, gələcəkdə Azərbaycan Avropa Şurasındakı mandatından məhrum ola bilər»

2010-cu il seçkiləri ilə bağlı Avropa Məhkəməsinə 100-dək yeni şikayət hazırlanır. Hüquqşünas Intiqam Əliyev “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, sonuncu parlament seçkisi zamanı qeydiyyat maneəsi, səsvermə günü isə hüquq pozuntuları ilə üzləşən şəxslər artıq yerli məhkəmə instansiyalarını keçiblər və heç birinin də şikayəti təmin olunmayıb.
Intiqam Əliyev onu da xatırladır ki, Avropa Məhkəməsi 2005-ci il parlament seçkilərindən şikayətçi düşmüş bir çox şəxslər barədə qərarını hökumətin öhdəliyi üzündən saxlayıb. Bu öhdəliklər isə hələ də icra olunmamış qalır. Həmin öhdəliklərə gəlincə, onlar əsasən seçki qanunvericiliyinə dəyişikliyi, seçki prosesi zamanı qanun pozuntusuna yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmasını, azad və ədalətli seçkilərin keçirilməsini nəzərdə tutur.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri uzun müddət icra etməməsi sonda bizim üçün ciddi fəsadlara səbəb ola bilər. Bu isə, heç şübhəsiz, ölkənin beynəlxalq nüfuzuna təsirsiz ötüşməyəcək: “Hökumət hər il üzərinə Avropa Şurası qarşısında öhdəliklər götürür. Amma bu öhdəliklərin heç biri icra olunmur. Avropa Şurasındakı təmaslarımız zamanı biz Azərbaycana qarşı münasibətin dəyişdiyini hiss edirik. Azərbaycan hökuməti Avropa Şurasında özünü elə təqdim etməyə çalışır ki, guya o, seçki praktikasında dəyişikliklərə, ciddi seçki islahatları aparmağa hazırlaşır. Amma reallıq başqa cürdür. Bundan başqa, Avropa Məhkəməsinin Azərbaycandakı seçkilərlə bağlı xüsusi qərarları var ki, onlara da məhəl qoyulmur. Bu qərarlar Azərbaycanda seçki qanunvericiliyində islahatları nəzərdə tutur”.
Amma Avropa Məhkəməsinin qərarları ilə bağlı verilən vədlərin də bir qayda olaraq “ənənəyə” sadiq qalınaraq icra olunmadığını deyən A.Məmmədli vurğuladı ki, bütün bu addımlar sonda Avropa Şurasının Azərbaycana qarşı münasibətinin kritikləşməsinə gətirib çıxara bilər. Bundan başqa, Azərbaycanda siyasi məhbus probleminin mövcudluğu və mətbuat azadlığına qarşı basqılar da nəzərə alınarsa, A.Məmmədli hesab edir ki, gələcəkdə Azərbaycan Avropa Şurasındakı mandatından məhrum ola bilər.

Xəyal